Tarix: 10-11-2021 | Saat: 14:19
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Azərbaycan 2020-ci ildə 44 gün çəkən müharibədə Ermənistanı və erməni separatçılarını məğlub etdi. Ermənistan ordusu Şuşa şəhəri üzərində nəzarəti itirdikdən sonra Dağlıq Qarabağın paytaxtı Xankəndini itirmək təhlükəsi ilə üzləşdi. Bundan başqa Ermənistanın Dağlıq Qarabağdakı silahlı qüvvələri mühasirəyə düşə bilərdi. Ona görə də Ermənistanın baş naziri Nikol Paşinyan müharibəni dayandırmaq məqsədilə Rusiya prezidenti Vladimir Putinə müraciət etdi. Rusiya müharibənin ilk günlərindən savaşı dayandırmaq məqsədilə bölgəyə rusiyalı sülhməramlılarının yerləşdirilməsini istəyirdi”.
Qarabaginfo.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu məlumat paylaşıb.
O qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev isə bunun əleyhinə idi: “Azərbaycan prezidenti müharibə günlərində xarici jurnalistlərin sülhməramlılarla bağlı sualına belə cavab vermişdi: “Sülhməramlılar gələcəkdə müzakirə olunmalıdır. Hazırda Ermənistanın silahlı qüvvələri Dağlıq Qarabağdan çıxardılmalıdır. Biz sülhməramlıların harada və necə yerləşdiriləcəyini və onların funksiyalarının nədən ibarət olduğunu bilmirik”. Bu açıqlama veriləndə hələ nə Şuşa işğaldan azad olunmuş, nə də Nikol Paşinyan İlham Əliyevin “İrəvan bizə işğal altındakı bölgələri nə zaman boşaldacağı tarixi verəcəyindən sonra müharibəni dayandıracağıq” tələbini qəbul etmişdi.
Sülhməramlılar mövzusu Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin oktyabrın 9-da Moskvada görüşündə müzakirə olunmuşdu. Xarici işlər nazirləri arasında müzakirələr 11 saata yaxın uzanmışdı. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov müzakirə müddətində bir neçə dəfə Bakıya zəng etmişdi. Rəsmi Bakı sülhməramlıların bölgədə yerləşdirilməsinə razılaşmamışdı. Çünki hələ azad olunması vacib olan ərazilər var idi”.
“Rusiya prezidenti Vladimir Putin noyabrın 7-də türkiyəli həmkarı Rəcəb Təyyib Ərdoğana zəng etdi. Bundan bir gün sonra Türkiyənin xarici işlər və müdafiə nazirləri Mövlüd Çavuşoğlu və Hulusi Akar Bakıya gəldilər, İlham Əliyevlə görüşdülər. Nazirlər Putinlə Ərdoğan arasındakı telefon danışığının detalları barədə İlham Əliyevə məlumat verdilər. İlham Əliyev Putinin təklif etdiyi atəşkəsin mətni ilə tanış oldu. Ancaq atəşkəs bəyanatına qədər Şuşa işğaldan azad edilməli idi. Çünki, atəşkəs sazişi Şuşanın işğaldan azad olunmasına qədər imzalansaydı, Şuşa şəhəri erməni separatçılarının nəzarətində qala bilərdi. Buna görə də, Azərbaycan ordusunun xüsusi təyinatlı bölməsi Şuşa uğrunda ağır döyüşlərə başladı. Azərbaycanın xüsusi təyinatlıları ağır silahlar olmadan 3 istiqamətdən Şuşa qalasına dırmaşaraq azərbaycanlılar üçün tarixi və müqəddəs şəhəri azad etdilər. Bundan sonra Ermənistan hərbçiləri ağır vəziyyətə düşdülər. Nikol Paşinyan bundan sonra erməni generallarla görüşdü və ona aydın oldu ki, müharibəni davam etdirə bilməyəcək. Bu vəziyyətdə Paşinyan Rusiyanın hazırladığı bəyanatı qəbul etmək məcburiyyətində qaldı”, - deyə politoloq vurğulayıb.
E.Şahinoğlu, həmçinin əlavə edib ki, müharibə ilə bağlı Azərbaycanda ən çox səslənən suallardan biri budur: “ “Azərbaycan ordusu Şuşanı azad edəndən sonra Xankəndiyə niyə daxil olmadı və rəsmi Bakı rusiyalı sülhməramlıların Qarabağda yerləşdirilməsinə niyə razılaşdı?” Dövlət başçısı bu ilin avqustun 26-da şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zaman səslənən sualla bağlı bunları dedi: “Müharibənin bizim tərəfimizdən dayandırılması da tamamilə əsaslı bir addım idi. Çünki müharibə davam etsəydi, birincisi biz daha çox itkilər verəcəkdik. Müharibə davam etsəydi, Kəlbəcər və Laçın rayonlarının azad edilməsi müəyyən çətinliklərlə üzləşə bilərdi. Çünki o bölgənin təbii iqlimi, dağları bizə problem yarada bilərdi. Bir də ki, qış başlayırdı. Eyni zamanda, Azərbaycan müharibəni müharibə qanunları ilə aparırdı. Biz ermənilərdən fərqli olaraq hərbi cinayət törətməmişik, etnik təmizləmə siyasəti aparmamışıq. Bu, bir daha xalqımızın böyüklüyünü, siyasətimizin müdrikliyini göstərir. Ona görə biz hər şeyi vaxtında etdik, hər şeyi vaxtında. Torpaqlarımızı vaxtında azad etdik, müharibəni vaxtında dayandırdıq və tarixi zəfərə çatdıq”.
“Mən görürəm, bəzi xarici mətbu orqanlarında yazılır ki, Azərbaycan yeddi rayonu azad edib. Bu həqiqətə uyğun deyil. Yeddi rayonu azad edib, amma bununla bərabər Şuşa şəhərini azad edib, bununla bərabər Hadrutu azad edib, bununla bərabər Xocavənd rayonunun 60 faizini azad edib, Suqovuşan qəsəbəsini azad edib. Ona görə biz yeddi rayondan daha çox ərazini azad etmişik. Bu ərazilərin strateji əhəmiyyəti göz önündədir. Hər kəs xəritəyə baxıb görə bilər ki, Azərbaycan hakim strateji nöqtələrə sahibdir, istər Qarabağ bölgəsində, istər Azərbaycan-Ermənistan sərhədində”. İlham Əliyev bununla haqqında danışılan suala cavab vermiş oldu”.
Politoloqun dediyinə görə, Azərbaycan ordusu Şuşanı azad etdikdən sonra Xankəndiyə daxil olsaydı beynəlxalq birlik Azərbaycanı etnik təmizləmədə ittiham edə bilərdi, ölkəmizə qarşı təzyiqlər artacaqdı: “Digər tərəfdən qış ayları yaxınlaşdığına görə işğaldakı rayonları ordumuzda itki vermədən danışıqlar yolu ilə azad edilməsi vacib idi və buna nail olundu. Bunun qarşılığında mümkün variant kimi ermənilər yaşayan bölgələrdə rusiyalı hərbçilərin müvəqqəti yerləşidirlməsinə razılıq verildi. İkincisi, Azərbaycan ordusu yalnız Dağlıq Qarabağın ətrafını – 7 rayonu deyil, Hadrut və Şuşanı azad edib və bu daha böyük uğurdur. Azərbaycan ordusu həm Dağlıq Qarabağın ətrafını azad etdi, həm də Dağlıq Qarabağın içərisinə daxil oldu. Buna baxmayaraq, Qarabağla bağlı görüləcək işlərimiz var. Rusiyalı hərbçilərin 4 ildən sonra Qarabağı tərk etməsi, yerdə qalan separatçıların tərksilah olunması, Qarabağdakı ermənilərin Azərbaycan qanunlarına tabe olması və Laçın dəhlizinin nəzarətə götürülməsi hədəflərimiz var”.
Digər xəbərlər