Tarix: 03-10-2017 | Saat: 11:57
Bölmə:Karusel / Təhsil | çapa göndər
Amerika Birləşmiş Ştatları Müdafiə Departamentinin Humanitar Yardım proqramı və Hərbi Mühəndislər Korpusu vasitəsilə Abşeronun Masazır qəsəbəsində Laçın rayonunun Çıraqlı kəndindən olan məcburi köçkünlər üçün məktəb tikilib.
"Qarabaginfo" "modern.az" istinadən xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta lenti kəsərək 350 şagirdi olan məktəbin açılışını edib.
Mərasimdə həmçinin Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, Laçın İcra hakimiyyətinin başçısı Aqil Nəzərli, Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov, Nazirlər Kabinetinin Qaçqın və məcburi köçkünlərin məsələləri şöbəsinin müdiri Qurban Sadıqov iştirak edib.
İcra başçısı Aqil Nəzərli açılış nitqi ilə çıxış edərək, yaradılan şəraitə görə təşəkkür edib.
Tədbirdə çıxış edən səfir Robert Sekuta bildirib ki, həyat yoldaşı ilə birlikdə Laçın rayonu Çıraqlı kəndindən olan məcburi köçkünlər üçün tikilən bu məktəbin açılışında olmaqdan çox şaddır.
"Bu məktəb Azərbaycanda ABŞ Müdafiə Departamentinin Humanitar Yardım proqramı vasitəsi ilə tikilmiş 16-cı məktəbdir. On yeddinci məktəbin gələn il Bərdənin Güloğlular kəndində tikilməsi planlaşdırılır.
Bizim məqsədimiz məcburi köçkün uşaqlarının təhsil səviyyəsini yüksəltməkdir. 1992-ci ildən ABŞ Azərbaycanda demokratik dövlətin güclənməsi üçün Azərbaycana 1,3 milyard ABŞ dolları yardım edib.
Bu məbləğin 115 milyonu məcburi köçkünlərin yaşayış səviyyəsini yüksəltmək üçün ayrılıb. 2003-cü ildən etibarən ABŞ Müdafiə Departamenti Azərbaycanda məcburi köçkünlərə yardım məqsədilə məktəb tikintisi və ilə təminat layihələri də daxil olmaqla 22 humanitar yardım layihəsi üçün 5 milyon dollar ayırıb. ABŞ hər zaman inkişaf edən Azərbaycana öz dəstəyini verəcək".
Digər xəbərlər