Tarix: 03-11-2021 | Saat: 15:04
Bölmə:Karusel / Siyasət | çapa göndər
1 noyabr 1961-ci ildə dünyaya gələn sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 60 illik yubileyini dəmir barmaqlıqlar arxasında qeyd edib. Bu barədə Modern.az-a danışan sabiq nazirin atası Yanvar Müslümov oğluna arzularını dilə gətirib:
"Səlimə ancaq və ancaq can sağlığı arzulayıram. İndiki zamanda bundan mühüm, bundan ali heç nə yoxdur. Ona görə də oğluma yalnız can sağlığı arzulayıram. İnanın ki, heç azadlıq da arzulamıram. Bircə canı sağ olsun, bu dünyanı bürüyən koronavirus ondan uzaq olsun, başqa heç nə istəmirəm”.
Y.Müslümov eyni zamanda, öz səhhətindən də danışıb:
"Yaşlı adamam, bir yerim düzəlir, o biri yerim ağrıyır. Yaşıma görə düşünürəm ki, normaldır, belə də olmalıdır. Ayaqlarım da çox ağrıyır, uzaq yol da gedə bilmirəm ki, Səlimə baş çəkim. Danışanda ancaq deyir ki, yaxşıyam, narahat olma məndən. Mənim də gücüm dua etməyə çatır. Allah heç kimi azadlıq demirəm, can sağlığı ilə sınağa çəkməsin bircə”.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatına görə, Səlim Müslümov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Səlim Müslümov 1995-ci ildən bəri yüksək vəzifələr tutub. Belə ki, o, 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. 2002-ci ilin 17 dekabrında Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə gətirilib. 2013-cü ildən 2018-ci ilin 21 aprelinə kimi isə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib. 2018-ci ilin sentyabrında Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müdir vəzifəsinə təyin olunub. İqtisad elmləri doktoru, professordur.
Yeri gəlmişkən, eks-nazirin yüksək rütbəsi də var - 17 yanvar 2002-ci ildə ölkə Prezidentinin fərmanı ilə ona gömrük xidməti general-mayoru rütbəsi verilib.
Bu, Səlim Müslümovun ilk həbsi deyil. Onun adı maliyyə qalmaqalında ilk dəfə 1995-ci ildə hallanıb. O zaman Azərbaycan Əmanət Bankının Səbail filialının rəhbəri Bəşər Hacıyev, Maliyyə Nazirliyinin idarə rəisi Səlim Müslümov və Səbailin icra başçısının birinci müavini Hüseyn Hüseynov 50 milyon dolları mənimsəməkdə ittiham edilmişdilər. Belə ki, bununla bağlı yayılan məlumatlarda bildirilirdi ki, Səlim Müslümov Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışarkən Azərbaycan Əmanət Bankından (indiki Kapital Bank) milyonlarla vəsaitin "yoxa” çıxması ilə əlaqədar məsuliyyətə cəlb olunub. Həmin dönəmdə saxlanılan Səlim Müslümov altı aydan sonra azadlığa buraxılıb.
Digər xəbərlər