Tarix: 01-11-2021 | Saat: 20:14
Bölmə:Karusel / Siyasət | çapa göndər
Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı şəhər stadionunun açılışında iştirak ediblər.
Qarabaginfo.az xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.
Bildirilib ki, 2200 azarkeş tutumu olan Şamaxı şəhər stadionu UEFA-nın ikinci kateqoriyalı sertifikatına malik olacaq. Bu isə stadionda beynəlxalq oyunların keçirilməsi üçün bütün imkanların olmasından qaynaqlanır. UEFA klub yarışlarının 1-ci, 2-ci və 3-cü təsnifat mərhələsinin, eyni zamanda, milli komandadan başqa, bütün yaş qruplarına aid milli komandaların oyunları bu stadionda keçirilə bilər. Bu stadionun inşası üçün maliyyə vəsaitinin 87 faizi UEFA, 13 faizi isə AFFA tərəfindən təmin olunub. Stadionun ərazisindəki idman kompleksində cüdo və güləş növləri ilə məşğul olmaq üçün zal, həmçinin fitness zalı inşa edilib. Bundan əlavə, stadionun ərazisində süni örtüklü iki mini-meydança yaradılıb və bu meydançaların 300 nəfər azarkeş tutumuna malik tribunası var.
Bütün bunlar göstərir ki, ölkəmizdə idmanın inkişafı və onun kütləviliyinin təmin olunması istiqamətində dövlət siyasəti davam etdirilir. Əsas diqqət həm də yeni idmançı nəslinin yaradılmasına yönəlib ki, bu cür idman obyektlərinin istifadəyə verilməsi bu məqsədin təmin olunmasında mühüm rol oynayır.
Digər xəbərlər