Tarix: 06-12-2018 | Saat: 11:42
Bölmə:Karusel / Kriminal | çapa göndər
Bakı Ağır Cinayətlər Məhkəməsində qayınatasını öldürməkdə təqsirləndirilən Samir Şabanovun məhkəməsi keçirilib.
"Qarabaginfo" "Qafqazinfo.az"ın verdiyi xəbərə istinadən bildirir ki, hakim Eldar İsmayılovun icraatında olan prosesdə şahidlər dindirilib.
S. Şabanovun qardaşı Sahib Şabanov istintaqa verdiyi ifadəsini təsdiqləyib.
O, istintaqa ifadəsində hadisənin detallarını açıqlayıb. Sahib bildirib ki, qardaşı ailəsi ilə onlarda yaşayıb: "Samirin arvadı Zülfiyyə 6 aylıq hamilə olanda o Qazaxıstana işləməyə getmək istədi. Qızın ailəsi buna etiraz etsə də, Samir getdi. Sonra da Zülfiyyə çıxıb atasıgilə getdi və orada yaşamağa başladı. Samir qayıdanda artıq uşaq olmuşdu, o övladını görmək üçün Hətəmin evinə getsə də, görüşə icazə verməmişdilər. Daha sonra Zülfiyyə Samirdən boşandı və məhkəmə uşağa görə aliment kəsdi. Bir müddət sonra Samirin alimentə görə borcu yığıldı, onlar da ödəmədiyi üçün onu məhkəməyə vermişdilər.
Hadisə olan gün də Samir məhkəməyə getmişdi. Gələndən sonra dedi ki, Hətəmlə mübahisə eləmişəm, mən də fikir verməməsini dedim. Sonra anam dedi ki, Samir ona Hətəmi öldürdüyünü deyib. Mən inanmadım, çünki əvvəl də bir neçə dəfə belə demişdi. Yatdıq, səhər polislər gəlib bizi aparanda, Hətəmin öldüyünü bildim".
S. Şabanov məhkəmədə deyib ki, alimentə görə 6 min manat borcu yaranıb və ödəyə bilməyib: "Məhkəmədə Hətəmlə mübahisə etdim, evə gələndən sonra axşam yenə Hətəmlə görüşüb mübahisə etdik. Hadisə də orda oldu".
İttihama görə, hadisə 2018-ci il aprelin 21-də Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. Hətəm Şabanov küt alətlə başından vurularaq qətlə yetirilib.
Digər xəbərlər