Saytımızı qiymətləndirin


 
 

Qəzənfər Hüseyn Laçında, Laçından yazır
Tarix: 24-10-2021 | Saat: 09:18
Bölmə:Karusel / Yazar | çapa göndər


Laçın rayonunun dəyərli ziyalısı Qəzənfər Hüseyn oktyabr ayında doğma Laçınımz ziyarət edib. O, təssüratlarını qələmə alaraq dostlar üçün öz Fb səhifəsində paylaşıb.
Qarabaginfo.az Qəzənfər Hüseynin yazısını təqdim edir:
Oktyabr ayının 2-5 arası yaxın dostlarla birgə doğma Laçında olduq. Bu səfər haqda profilimdə yazmışam, TV-lərdə bəzi məlumatlar vermişəm. Dostum Tərlan Eyvazovun təkidi ilə Laçın haqda ətraflı məlumat verməyə qərar verdim. Oktyabrın 1-dən 2-nə keçən gecədən keçmiş yola çıxdıq. Günortaya Laçının Güləbird kəndinə çatdıq, kənddəki qəbirstanlıqlarda olan məzarlıqları ziyarət etdik. Mən, bu il yanvar ayının 27-də də Güləbird kəndində olmuşdum. Düzü həmin vaxt kənddə evlərin və qəbrstanlıqların, xüsusən də mənə valideynlik edən babamla nənəmin məzarlarının dağıdılmasını görəndə çox sarsıntı keçirmişdim. Kəndlərimizin və məzarların dağıdılması haqda hamı kimi mən də məlumatlı olsam da mənə çox ağır gəlmişdi bu vəhşilik. Sonra özümə təskinlik vermişdim ki, bəs övladlarını dəfn etməyən şəhid valideynləri nə etsinlər? Böyük tarixi şəxsiyyətlər var ki, hələ də harada dəfn edildikləri bilinmir.
Güləbirddə Dövlət Sərhəd Xidmətinin kazarmasında və hospitalında yaradılan yüksək şərait bizdə çox böyük təəssürat yaratdı.
Ayın 3-də səhər Laçına doğru yola düşdük. "Qayğı" qəsəbəsini keçərkən Həkəri çayına doğru çox enli bir yol çəkilməsini gördük, iş dayanmışdı, yolun içində bir texnika var idi, belə görünürdü ki, Laçından keçən alternativ yol burada olacaq. "Turabının dolayısı" deyilən yeri keçib, "Tikanlı zəmi" adlı yerdə Rusiya sülhməramlılarının postuna çatdıq. Həftənin cüt günləri sülhməramlılar Laçın - Minkənd və Laçın - Pircahan yolundan Güləbirdə doğru gələn avtomobil karvanını müşaiyət edib, Laçına doğru gedən avtomobil karvanını müşayət edirlər. Sülhməramlıların postunda bizi çox da ləngitmədilər, ancaq avtomobilin nömrəsini və sərnişinlərin sayını qeyd edirlər. Yolların kənarları neçə illərdir mal-qara otarılmadığı üçün ot-alaf basmış vəziyyətdədir. Saat təxminən 1 olardı doğulub, böyüdüyüm və 45 il yaşadığım doğma Laçına çatdıq. Qəbul edilmiş marşruta görə şəhərin girişində "Köhnə poçt" dairəsindən sola dönüb Zabux kəndi istiqamətinə yola düzəldik. "Köhnə poçt"da və keçdiyimiz yolda xeyli mağaza və digər kiçik həcmi ictimai əhəmiyyətli binalar gördük. Şəxsən mən müşaiyət etdim ki, mağazalar çoxdandır ki, ağzı bağlıdır. Yolların kənarlarında o qədər akasiya və qəbirstanlıq ağacı dediyimiz ağaclar bitib ki, yolun kənarında olan evlərdən salamat qalanlar da görünməz olublar. Şəhərdən çəkdiyim videolara baxsanız(Qəzənfər Hüseynin səhifəsi) özünüz şəhərin görkəmi haqda təsəvvürə malik olacaqsınız. Zabuxda seperatçı rejimlə #Ənqədimvandallar respublikası arasında keçmiş kömrük postu cəhənnəmə getdiyi üçün içi boş idi, yanında rus sülhməramlıları post düzəltmişdilər. Zabuxdan sonra "Sümüklü" adlı yerdən rus sülhməramlılarının postuna, ordan isə bizim posta keçdik. Açığı deyim ki, rus sülhməramlıları tərəfindən bizə qarşı xoş münasibətdən başqa münasibət hiss etmədim, öz təlimatlarına uyğun tapşırıqlarını yerinə yetirirdilər. Onların komandiri şəhərdəki evini görmək istəyən bir dosta deyib ki, "darıxmayın, 3 ilin 1 ili keçib, alternativ yol hazır olandan sonra şəhərə rahat gedə biləcəksiniz. Biz də çalışdıq ki, şəhərin içinə keçək, "Dağdağan bulağı"nı, evlərimizi ziyarət edək, amma bu dəfə alınmadı.
Gündüz saat təxminən 2-də demək olar ki, tamam dağıdılmış Qarıqışlaq kəndinə çatdıq. Ora qədər dağıdılmış Malıbəy, Binəyerli, Kosalar, Soltanlar kəndlərinin mənzərəsi də ürək ağrıdan idi. Qarıqışlaqda bir saata qədər ləngiyib, Bozluya gedib, orada gənc dostumuz, səfər yoldaşımız Hüseyn Rəfiyevin ata evinə çatdıq. Orada yaşayan zabitlər bizi çox qonaqpərvərliklə qarşıladılar.
Həmin gün Minkənd istisuyuna getdik.
Sabahısı gün dağlarımızın mirvarisi olan "Qara göl"ə Mirik kəndinin körpüsündən keçməklə getdik. Əvvəllər 27 km. yolu bir saata ancaq gedərdik, indi isə 25 dəqiqəyə getdik. Laçın işğaldan azad edildikdən sonra rayonda çox böyük yol çəkilişi həyata keçirilib və işlər davam etdirilir. "Qara göl"də gördüklərimiz isə çox ürəkaçan oldu. Xeyli vaxt idi ki, gölün neçə faizinin bizə mənsub olması demoqoqiya predmetinə çevrilmişdi. Tam məsuliyyətlə bildirirəm ki, gölün sahilində kiçik bir ərazidə  #Ənqədimvandallar balaca bir post qurublar, həmin posta da bizim hərbiçilərin nəzarəti altında gedib, qayıdırlar. Həm də onlara müəyyən edilmiş məhdud sayda silah aparmağa icazə verilir. Ən əsası onlara kiçicik postlarında bayraqlarını qaldırmağa belə icazə verilimir. Hətta posta masaüstü bayraq aparmağa da icazə verilmir.
Sabahısı gün yenə istisuya gedib, su içdik, iki nəfərimiz (Nicat və o birisinin də adını deməzlər ) hava soyuq olsa da çimdilər.
Oktyabrın 5-də isə gəldiyimiz marşrut üzrə geriyə qayıtdıq...
Laçına səfərimdə, orada görülən hərbi-istehkam möhkəmlənmələrindən bir daha əmin oldum ki, bütün işlər güclü Azərbaycan dövlətinin diqtəsi ilə bizim xeyirimizə gedir.
Onu da əlavə edim ki, 2022 ci ilin yazından etibarən Laçına qrup halında səfərlər təşkil ediləcək, xüsusi ilə heyvandarlar və arıçılar üçün xüsusi proqramlar həyata keçiriləcəkdir.


Xəbəri paylaş

1667 dəfə oxunub.

Digər xəbərlər