Tarix: 21-10-2021 | Saat: 16:07
Bölmə:Karusel / Siyasət | çapa göndər
“Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq güclənəcək”.
Qarabaginfo.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko Dənizkənarı Milli Parkda təşkil olunmuş “Avropa İttifaqı Azərbaycan üçün” (EU4Azerbaijan) adlı foto-sərginin bağlanış mərasimində deyib.
O, Aİ-nin Azərbaycandakı fəaliyyətinə dair nümunələri təqdim etməkdən məmnun olduğunu bildirib: “Bugünkü foto-sərgidə Aİ-nin Azərbaycandakı fəaliyyətinin, gördüyü işlərin kiçik qismini təqdim edirik. Mən gələcəkdə bu cür fəaliyyətlərdə uğura imza atacağıma inanıram. Aİ və Azərbaycan arasındakı əlaqələr çeşidli və müxtəlifdir, hökumət qurumları və vətəndaş cəmiyyətinin əlaqələrinə əsaslanır.
Foto-sərgidə müxtəlif layihələri əhatə edən 100-dən çox foto var. Hər bir fotonun arxasında bizim əməkdaşların, tərəfdaşlarımızın, benefisiarların zəhməti dayanır. Azərbaycan hökumətinə və vətəndaş cəmiyyətinə əməkdaşlıq üçün təşəkkür edirəm.
Aİ tərəfindən Azərbaycanda həyata keçirilən 50-dən çox tvinninq layihəsi yaxşı idarəçiliyə, xidmətlərin yaxşılaşdırılmasına xidmət edib”.
P. Mixalko qeyd edib ki, 10-a yaxın şəhər və rayonda 50-dək məktəbəqədər təhsil qurumu qurulub, müəllimlər üçün təlimlər təşkil olunub: “750-dən çox qadın idarəçilikdə iştirakla bağlı təlimlərdə iştirak edib. Layihələr çərçivəsində Azərbaycanda ilk dəfə mediasiya şurası təşkil etmişik. Bu təşəbbüs çərçivəsində 294 iştirakçı təlimlərdə iştirak edib, 29 mediasiya təlimçisi təlimlərə qatılıb. Aİ olaraq ölkədə hüquqi yardım, korrupsiya ilə mübarizəni təşviq edirik, bu istiqamətdə layihələr reallaşdırırıq. Azərbaycanda həssas qrupdan olan 6700-dən çox vətəndaş təmənnasız hüquqi yardımla təmin olunub”.
Diplomat Aİ-nin COVID-19-la mübarizədə də Azərbaycana dəstək verdiyini vurğulayıb: “Bu yolla əməkdaşlığımızı gücləndirməyi hədəfləyirik. ÜST-lə birgə əməkdaşlıq çərçivəsində Azərbaycanda 25-dən çox xəstəxanaya ləvazimatlar verilib, 2900-dan çox səhiyyə işçisi üçün təlimlər təşkil olunub. Azərbaycana yarım milyon doza peyvənd təqdim edilib”.
O, yaxın gələcəkdə Aİ-nin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Azərbaycanla əməkdaşlının daha da güclənəcəyini, bunun üçün müxtəlif mexanizmlərdən istifadə olunacağını bildirib.(Apa)
Digər xəbərlər