Tarix: 17-10-2021 | Saat: 09:39
Bölmə:Karusel / Müsahibə | çapa göndər
Qarabaginfo.az xəbər verir ki, Teleqraf.com İran-Azərbaycan münasibətləri mövzusunu bu ölkənin Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani ilə müzakirə edib. Onunla müsahibəni təqdim edirik:
– Əfşar bəy, keçmiş səfir kimi indi Azərbaycan və İran arasında yaranan durumu necə qiymətləndirirsiniz və yaranan gərginliyi aradan qaldırmaq üçün imkanlar varmı?
– Müsahibələrimdə əsas fikrim belə olub ki, Azərbaycan-İran münasibətləri şəffaf olsun və qarşılıqlı inam güclənsin. Bunun da üzərində müxtəlif sahələrdə əməkdaşlıq davam etdirilsin. Addımlar bu istiqamətdə olmalıdır. Yox, əgər münasibətlər əks istiqamətdə olsa, bu, bizim ölkələrimiz və xalqlarımızın xeyrinə olmayacaq. İran və Azərbaycan qonşu, qardaş dövlətlərdir. Tarixi adət-ənənə, mədəniyyət bağlılığı var. Nə İran Azərbaycandan küsərək bu regiondan gedəcək, nə də Azərbaycan İrandan küsərək yerini dəyişəcək. Müstəqillik, suverenlik, sərhədlərin olması öz yerində, xalqlar və ölkələr arasında dostluq və əməkdaşlıq olmalıdır. Məsələyə hansı prizmadan baxmaq vacibdir? Əlbəttə, ölkələrin müstəqilliyi, ərazi bütövlüyü, istiqlaliyyətləri var. Amma bunlar həm də xalqlar üçündür. Hakimiyyətlər və dövlətlər xalqların rifahi üçündür. Ölkə anlayışı nəyi özündə ehtiva edir? Konkret coğrafiyada xalq yaşayır və ona da hakimiyyət lazımdır. Xalq faktorunu götürəndə nə müstəqillik, nə ərazi bütövlüyü, nə dil, nə din, nə də mədəniyyət lazım olur. Bu mənada hər ölkənin xalqlarının öz marağı və mənafeyi var. Deməli, regionda sülh, əmin-amanlıq və sabitlik olmasa, xalqlar ziyan görər. Bu baxımdan əməkdaşlıq lazımdır. Üstəlik problemlər yarandıqda da bunu açıq müzakirə edib yoluna qoymaq, həll etmək lazımdır.
– Problemin həlli necə olmalıdır?
– İran tərəfindən müəyyən məsələlər qoyulur, Azərbaycan tərəfi də cavab verir. 15-20 gün əvvəl Gorus-Qafan yolu ilə bağlı məsələ ortaya çıxanda İran mətbuatında məqalə ilə çıxış etdim. Təklif etdim ki, bunu şişirtmək deyil, həll etmək lazımdır. Bunun üçün də müzakirə etmək, görüşmək lazımdır. Qeyd etdim ki, sonda bu müzakirə olunacaq. Sonu nə oldu? İnformasiya müharibəsi, dedi-qodularla bu işləri irəli aparmaq lazım deyil. Hətta bundan sonra yazdılar ki, guya mən Azərbaycan meyilliyəm, sizin adamam və s. Qardaşım, mən deyirəm ki, problem varsa görüşüb yoluna qoymaq, həll etmək lazımdır. Təklif etmişəm ki, tərəflər oturub danışsın, arqumentlərini ortaya qoysun. Əlbəttə, orada olduğu kimi burada da radikal adamlar var, sanki çörəkləri aranı qatmaqla çıxır, onlara danışmaq, müzakirələr aparmaq xeyir eləmir. Elə gərək savaşdan, gərginlikdən, təfriqə salmaqdan və aranı qarışdırmaqdan danışasan. Mən bir daha qeyd edirəm ki, hər bir dövlət öz yerində, amma qonşuluq məsələlərində, siyasətdə ortaya çıxan məsələlər və ya narazılıq varsa oturub müzakirə olunmalıdır. Məsələn, İrandan bir nəfər ora gələ və ya Azərbaycandan bir nəfər bura gələrək danışa bilərdi. Mən də dedim ki, danışıq olsun.
– İran Xarici işlər naziri Əmir Hüseyn Abdullahiyanın Azərbaycana səfər edəcəyi haqda fikirlər var. Azərbaycan ilk gündən elan edib ki, qarşılıqlı hörmət əsasında qonşuluq siyasətinə tərəfdir, qonşularla münasibətlərin ən yüksək səviyyədə olmasında maraqlıdır. Bu mənada İran xarici işlər nazirinin səfəri ilə yaranan problem həll oluna bilərmi?
– Hesab edirəm ki, səfər 20 gün gecikib. Mən öncədən İran mediasına demişəm ki, danışmaq lazımdır. Ya buradan nazir ora getsin, ya oradan nazir bura səfər etsin. Əsas odur müzakirə aparsınlar. Hətta səhv etmirəmsə Nyu-Yorkda da İran və Türkiyə xarici işlər nazirləri görüşmüşdü, belə söhbət yayılmışdı ki, Azərbaycan, İran və Türkiyə xarici işlər nazirləri arasında görüş olacaq. Mən də o fikirdəyəm ki, tərəflər gəlib masaya əyləşərlər, hər tərəf əlində olan sənədi ortaya qoyar, danışarlar və məsələ həllini tapar. Yəni inam yaratmaq üçün belə səfər vacibdir. Amma danışıqlardan sonra əldə edilən razılaşmalara da əməl etməkdə vacibdir. Mən deyirəm ki, şəffaf, açıq və səmimi dostluq atmosferinda danışıq olsun. Hər bir tərəf hansı məsələyə görə narahat olduğunu ifadə etsin, müzakirə aparsınlar və həm də hər tərəf üzərinə götürdüyü öhdəliyə sadiq qalsın. Yəni qarşılıqlı etimad və inam yaransın. Onsuz da hər zaman xarici işlər nazirlərimiz qarşılıqlı səfərlər ediblər. İran xarici işlər naziri Azərbaycana gələcək, sonra da Azərbaycan naziri İrana səfər edəcək. Bunlar müsbət hallardır.
Mənim fikrimcə, son hadisələr və yaşananlar bəzi məqamları üzə çıxardı. Çox şeylər dolayı yolla deyilirdi, bəzən üzə çıxmırdı, amma indi tam çölə açıldı. Əlbəttə, içəridə həll edilsəydi, heç çölə də çıxmazdı. Bir haldakı çıxdı. İndi oturub həll edin. İndi bu məsələlər artıq aşkara çıxıb, odur ki, oturub danışmaq lazım gəlir. İkitərəfli münasibətlərə kölgə salan məsələlər bir tərəfə, digər tərəfdən də regional və beynəlxalq məsələlər var.
Mən sözsüz ki, məsələlərə məntiq və reallıqlar çərçivəsindən yanaşıram. Amma burada Zəngəzur dəhlizi deyilən məsələyə dair tam fərqli fikirlər səsləndirilir. Məncə, bunu dəqiqləşdirməyə ehtiyac var. Zəngəzur dəhlizi çəkildikdən sonra İran Ermənistanla sərhədlərini itirirmi, itirmirmi? Bu, maraqlı məqamdır.
– İran-Ermənistan yolu olduğu kimi Zəngəzur dəhlizi vasitəsilə Azərbaycan və Naxçıvan arasında da yol olacaq. Bu yol Türkiyəyə qədər də uzana bilər. Axı bu iki məsələni nədən İranda qarşı-qarşıya qoymaqla ortaya süni problemlər çıxarılır?
– Burada belə fikirlər var ki, guya Azərbaycanla Türkiyə çalışırlar ki, Zəngəzuru alsın və dəhliz çəkilsin. Beynəlxalq dəhliz yaradılsın və Ermənistanın nəzarətində olmasın. Nəticə etibarı ilə də İran-Ermənistan sərhədini itirəcək. Əlbəttə, mən anlayıram ki, bu cür olmayacaq, amma hər halda bu kimi məsələlərə aydınlıq gəlməsi işin müsbət tərəfi olardı.
– Bu, əslində SSRİ zamanı mövcud olan yoldur. O zaman da bu hissədən dəmiryolu və avtomobil yolu keçib. Hətta Moskva-Tehran qatarı da bu yoldan keçməklə Culfa üzərindən İran ərazisinə daxil olub. İndi etirazın motivi nədir?
– Mən regionu bilən mütəxəssis kimi bu məsələlərə az-çox bələdəm. Aydındır ki, Mehri ilə məsafə 45 kilometrdir. Nə boyda yol çəkiləcək ki, nəticədə İran-Ermənistan sərhədi itəcək? Burada belə fikirlər səsləndirildiyi üçün bunun açıqlanması ümumi işin xeyrinə olardı. Sonra deyirlər ki, İranla Ermənistan sərhədi aradan qalxsa və ya kəsilsə İran Avropaya alternativ yolunu itirir. Hərçənd mən burada yazmışam ki, heç indiyə qədər İran bu yola xüsusi bel bağlamayıb, ondan istifadə etməyib. Çünki bu yolla Ermənistandan sonra Gürcüstana getməlisən, oradan da Qara dənizə.
Məsələn, burada publika səviyyəsində belə fikirlər səsləndirilir ki,Azərbaycan və Türkiyə Zəngəzur dəhlizini çəkməklə istəyirlər ki, yüklər Azərbaycana, Xəzər vasitəsilə Orta Asiyaya, Rusiyaya rahat gedib-gəlsin. Azərbaycan da indi İran ərazisindən Naxçıvana gediş-gəlişini Ermənistan üzərindən həyata keçirək və beləcə İran Avropaya çıxış üçün Azərbaycan və Türkiyə yolundan asılı qalacaq.
– Müharibədən sonra üçtərəfli razılaşma əldə edilib və bu razılaşmaya görə, regionda mövcud olan kommunikasiya xətləri blokadadan çıxarılır. O cümlədən də Zəngəzur dəhlizi açılır. Hansı ki bu yol Azərbaycan və Naxçıvanı birləşdirir…
– Mən bunu bilirəm. Bu dəhliz İrana ziyan verir və ya vermir?
– Axı İranda niyə İran-Ermənistan yolu ilə Zəngəzur dəhizini qarşı-qarşıya qoyurlar və hansı məntiqlə deyirlər ki, bu dəhliz İran-Ermənistan yolunu sıradan çıxarır. Doğurdan orada nəzərə almırlar ki, dəhliz Araz çayı üzərindən keçməyəcək?
– Məncə, bu barədə müsahibələr, açıqlamalar daha çox olmalıdır ki, burada da hansısa qruplar, maraqlı şəxslər aranı qatmasın. Əlbəttə, əgər İran-Ermənistan sərhədlərini bu dəhliz yoxa çıxarsa, ilk olaraq Ermənistan buna qarşı çıxar. Amma Ermənistan susub, ümumiyyətlə bu barədə danışmır. Mən də burada sual edirəm ki, niyə Ermənistan bu haqda danışmır? Halbuki Iran-Ermənistan yolu Ermənistan üçün daha vacibdir. Mən də düşünürəm ki, İran-Ermənistan sərhədi və keçid məntəqəsi itməz. Hər halda nazirlərin görüşü olacaqsa, ehtimal edirəm ki, bu mövzularda müzakirə ediləcək.
Aydındır ki, Azərbaycanın Naxçıvan istiqamətində Türkiyə ilə sərhədi var, hüququdur ki, oradan insanların gediş-gəlişi olsun, oradan gəlib Azərbaycana da gedirlər, Ermənistan razıdırsa onun ərazisindən istifadə edilə bilər. Amma burada İranın Ermənistanla sərhədlərinin itməsi, bizim Avropaya çıxış yolumuzun bağlanması məsələsi varmı, yoxmu. Bunun ortaya çıxarılması vacibdir. Bildiyim qədər indiyə qədər İran Ermənistan üzərindən Avropaya getməyib. Çünki Ermənistan hissəsində yol o qədər də rahat və uyğun deyil. Bu yolların Ermənistan daxilində düzəlməsi üçün milyonlarla xərc lazımdır. Bu məsələlər var.
Bir də mümkündür ki, Azərbaycan və İran arasında müştərək komissiya yaradıla bilər. Kimin nə şübhəsi varsa gəlib baxsın, görsün nə var, nə yoxdur. Məncə, bu da iki qonşu ölkə arasında daha çox inam və etimad yaradardı. Lazım gəlsə hər iki tərəf sərhədə baxış keçirə bilər. Qənaətimcə, İran xarici işlər nazirinin Azərbaycan səfəri əslində bir sıra məsələlərin həllini yoluna qoya bilər. Əsas qarşılıqlı inamdır. Həm ikitərəfli, həm də regional və qarşılıqlı istiqamətlərdə. Bu yolla gedilsə ortaya çıxan problemlər həll olunar. Sözsüz ki, bir səfərlə bu işlər tam həllini tapmaz, amma işə başlanılmasının özü müsbət gedişdir. Tərəflər müştərək maraqlar və fikirlərin üzərində durarlar. Bəzi ixtilaflar var ki, onları da tədricən aradan qaldırmağa çalışılar. Sözsüz ki, İranda nələrsə yazılır, Azərbaycanda da yazılır. Buna nəzarət çətin işdir. Amma dövlətlər arasında münasibətlər sıxlaşsa, informasiya atmosferinə də müsbət təsir göstərər.
Burada bir narazılıq da onunla əlaqəlidir ki, İran şirkətlərinin Qarabağda bərpası prosesində iştirakına müsbət yanaşılmır, İsrail şirkətinə isə yaradılır. Bu kimi narahatlıqlar da var.
– Bundan əvvəlki İran hökuməti ilə Azərbaycan hökuməti arasında yüksək səviyyəli və qarşılıqlı inama söykənən yaxşı qonşuluq əlaqələri qurulmuşdu. Amma gərginlik İranda hökumət dəyişikliyindən sonra ortaya çıxdı. İranın indiki hökuməti özündən əvvəlki hökumətdən tam fərqli siyasət yürüdür?
– Mən məsələyə bu cür baxmıram. Əlbəttə Ruhani hökuməti ilə Rəisi hökuməti arasında fərqli fikir və yanaşmalar mövcuddur. Xüsusilə, daxili məsələlərdə bu daha çox özünü göstərir. Amma İranda xarici siyasətdə hökumətlərin elə də böyük rolu olmur. Məncə, Ruhani hökuməti olsaydı da bu hallar baş verərdi.
– Azərbaycanda belə fikirlər var ki, bizim 44 günlük müharibə ilə işğal altında olan torpaqlarımızı azad etməyimiz və işğalçı erməni qüvvələrini ərazilərimizdən qovmağımız İran tərəfindən birmənalı və xoş qarşılanmır. Siz bu barədə nə deyə bilərsiniz?
– Bu məsələlərin səbəbi yuxarıda dediyim məqamlarla bağlıdır. Yuxarıda dediyim məsələlər aydınlaşdırılmalı, həll olunmalıdır. Nəticə etibarı ilə dövlətlər bir-birinin daxili işlərinə qarışmasın və bu, əməldə olsun. Məncə, bu halda ortaya çıxan problemlər də tədricən həll olunar.
– Yeri gəlmişkən, Azərbaycanın II Qarabağ müharibəsi, ərazilərinin işğaldan azad etməsi İran cəmiyyətində necə qarşılanır və qiymətləndirilir?
– İranda Azərbaycanın öz torpaqlarının qaytarması, ərazi bütövlüyünü təmin etməsi müsbət qarşılanır. Hətta Xankəndi və bəzi ərazilərlə bağlı tendensiya izlənilir. Ola bilsin ki, bəzi siyasi qrupların baxışları fərlidir. Məncə, bu da daha çox bəzi nigarançılıqların olmasından qaynaqlana bilər. Bəzi radikallar ola bilər ki, buna sevinməsin, amma ümumilikdə insanlar sevinir. Yuxarıda qeyd etdiyim məsələlər də həll edilsə, hər hansı problem olmaz. Mən burada da qeyd etmişəm ki, Azərbaycan müstəqil ölkədir, dünya tərəfindən tanınıb. Tarixin müsbət tərəflərindən istifadə edərək əlaqələri gücləndirmək lazımdır. Çünki tarixə keçsən dünyada çox şeylər olub. Tarix qalıb tarixdə. Azərbaycan müstəqil dövlətdir, İran da müstəqil dövlətdir. Bunlar həm də qonşu ölkələrdir və əlaqələri var. Məsələn, burada bir debat oldu. Mən də iştirak etdim. Dedim ki, İran bu məsələdə Azərbaycana kömək edib, filan məsələdə edib. Çünki işin içində mənim özüm də olmuşam. Ortaya sonra Xocalı məsələsi gəldi. Mən dedim ki, Xocalıda İran Azərbaycanı dəstəkləməyib, mən işin içində olan adam kimi bunu görməmişəm, əgər sizdə sənəd varsa və ortaya qoyarsınızsa, deyərəm ki, bəli, İran Xocalıda Azərbaycana kömək edib. Bundan sonra dedilər ki, Əfşar Süleymani Azərbaycanın tərəfini tutdu və s. Halbuki mən İranın Azərbaycana dəstəklədiyi məqamları daha yaxşı bilirəm, çünki prosesin içində olmuşam. Məsələn, mənim səfir olduğum dövrdə İran müdafiə nazirinin Bakı səfərini təşkil etdik, daha sonra Azərbaycan müdafiə naziri Tehrana səfər etdi. Buna qədər belə səfərlər olmamışdı. Sonra hərbi əməkdaşlıq sahəsində saziş imzalandı. Hətta bir dövrdə Azərbaycana silah satılıb. Amma Xocalı məsələsində dəstəyimiz olmayıb.
Mən burada da qeyd etdim ki, heç vaxt bu cür gərginlik olmamışdı. Prezident İlham Əliyev bu şəkildə sərt açıqlama verməmişdi. Hər halda Azərbaycanda məsələlər var, İranda da müəyyən fikirlər deyilir. Narahatlıqlar varsa, danışıqlar yolu ilə həllini tapmalıdır.
– Amma Azərbaycan Prezidenti İlham Əliyev İran Ali dini rəhbərinin açıqlaması və ondan əvvəl Ərdəbilin imam cüməsi Həsən Amulinin fikirlərindən sonra mövqe bildirdi…
– Mən Azərbaycan Prezidentinin son mövqeyini onun adına istinad edərək demişəm. Yəni bildirmişəm ki, Azərbaycan Prezidenti belə deyir. Bundan sonra mənim əleyhimə nələrsə yazıblar. Qısaca demişəm ki, Azərbaycan rəhbəri deyir ki, dostcasına fikrimizi çatdırdıq, sonra səfiri dəvət edib nota təqdim etdik, sonra da gedib Gorus-Qafan yolunda post qurmalı olduq. Bu sözümə görə, mənə hücum edirlər.
– Gorus-Qafan yolunun müəyyən hissəsi Azərbaycan ərazisi olduğundan orada Azərbaycan gömrükçüləri və polisinin post qurması tam qanunidir…
– Mən bunu bilirəm. Prezident Əliyev də qeyd etdi ki, biz müraciət etdik, amma cavab almadığımız üçün bu işi gördük. Mənası da budur ki, o maşınların ora getməyə imkan verilməsəydi bizdə bu işi görməyəcəkdik. Torpaq sizindir, burada söhbət yoxdur. Əsas reaksiya məsələsidir. Hər halda mənim 20 gün əvvəl dediyim kimi danışıqlar olmalıdır, bu lazımdır.
– Moskvada İran və Rusiya xarici işlər nazirləri arasında danışıqlarda xüsusi bir anlaşma olmadı və bundan sonra proses necə inkişaf edəcək?
– İran xarici işlər nazirinin səfərindən öncə İran mediasına bu haqda yazmışdım. İranda Rusiya ilə bağlı danışan bir neçə mütəxəssis var ki, onlardan biri də mənəm. Açıq qeyd etdim ki, ruslar bizim yanımızda olsa da, bizimlə birlikdə deyil. Qeyd etdim ki, Türkiyə və Azərbaycanla qonşuyuq, müsəlman ölkələrik. Amma məsələləri öz aramızda həll edə bilmirik, gedirik Rusiya və Ermənistanla həll etməyə çalışırıq. Bu İranın xarici siyasəti ilə də uyğun gəlmir, üstəlik rusların nə etdiyi də görünür. Rusiyanın Azərbaycanla, Gürcüstanla, İranla və regionla nə etdiyi göz önündədir. Ruslar sülhməramlılarını da ora göndərib. Yəni siyasətləri bəllidir. Rusiya nə zaman imkan verib ki, İran proseslərə qatılsın, vasitəçi olsun? O zaman Levon Ter-Petrosyanla, Yaqub Məmmədovu prezident Rəfsəncani Tehrana dəvət etdi, vasitəçilik etdi. Sonra Şuşa işğal olundu. Sonra da Xalq Cəbhəsi iddia etdi ki, Şuşanın işğalına İran səbəb oldu. İran istəyirdi ki, durum düzəlsin, vasitəçilik də etdi. Ruslar buna imkan vermədi. Sonradan Minsk qrupu yarandı və İran yenə də prosesə buraxılmadı. Odur ki, Rusiyanın siyasəti onu tanıyanlar və bilənlər üçün məlumdur.
Digər xəbərlər