Saytımızı qiymətləndirin


 
 

“Xüsusi Təyinatlı Gənclik” hərbi-vətənpərvərlik düşərgəsi başa çatıb
Tarix: 14-10-2021 | Saat: 18:12
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Xüsusi Təyinatlı Gənclik” hərbi-vətənpərvərlik düşərgəsi başa çatıb

“Böyük Qayıdış” Gənclər Təşkilatının Gənclər Fondunun dəstəyilə Qax rayonunda keçirdiyi "Xüsusi Təyinatlı Gənclik” hərbi-vətənpərvərlik düşərgəsi uğurla yekunlaşıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz iradəsi, xalqımızın birliyi və ordumuzun gücü hesabına qazanılmış tarixi qələbəyə həsr olunan düşərgənin keçirilməsində məqsəd gənclərin hərbi-fiziki hazırlığını yüksəltmək, onları idmana və sağlam həyat tərzinə təşviq etmək, gənclərdə vətənpərvərlik və həmrəylik hissini daha da gücləndirmək idi.

Vətən müharibəsinin birinci ildönümünə həsr olunmuş, açıq hava şəraitində beş gün davam edən düşərgədə gənclər “Yarasalar”, “Şahinlər”, “Canavarlar”, “Əqrəblər”, “Dəniz pişikləri”, “Vaşaqlar” adlı komandalar şəklində iştirak ediblər. Düşərgə müddətində gənclərə simulyativ hərbi əməliyyat proqramı əsasında Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabit və gizir heyəti topoqrafiya, dağçılıq, mühəndis-istehkam, kəşfiyyat, sıra hazırlığı, ilkin tibbi hazırlıq, kütləvi qırğın silahlarından müdafiə hazırlığı, ekstremal şəraitdə həyatda qala bilmə, silahla davranış, atəş hazırlığı, əlbəyaxa döyüş üzrə praktiki təlimlər keçirib, gənclər üçün hərbi idman oyunları, təbiətə ekskursiyalar və asudə vaxtda müxtəlif əyləncəli fəaliyyətlər təşkil edib.

Düşərgənin Qax rayonunun İlisu kəndində oktyabrın 13-də keçirilmiş bağlanış mərasimində ilk öncə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.

Bağlanış mərasimində Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax bölməsinin rəisi polkovnik-leytenant Fuad Hüseynov, “Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov, təşkilatın idarə heyətinin üzvləri və Qarabağ qaziləri iştirak ediblər. Çıxışlardan sonra mərasim düşərgə iştirakçılarının təqdimatında hərbi proqramın nümayişi, musiqi və şeir kompozisiyaları ilə davam edib.

100 gəncin iştirakı ilə baş tutan “Xüsusi Təyinatlı Gənclik” hərbi-vətənpərvərlik düşərgəsinin qalib komandası, 5 gün boyunca yüksək nizam-intizam və fəaliyyətlərdə daha aktiv iştirak edən “Dəniz pişikləri” komandası hədiyyələrlə mükafatlandırılıb.

Gənclərin maraqla qarşıladığı düşərgənin hər il keçirilməsi nəzərdə tutulur.

 



Xəbəri paylaş

1286 dəfə oxunub.

Digər xəbərlər