Necə ola bilər ki, sən rayonuna qayıdırsan, kiməsə də buna görə pul verirsən?! Bircə məsələni sizə deyim: tək Ağdama təşkil olunan səfərlər əvvəl həftədə iki dəfə idisə, indi 5 dəfədir. Bu barədə də deyirdilər ki, guya adamardan 50 manat alıb rayonlara aparırlar. Bu da yalandır.

Bu fikirləri hafta.az-a Ağdam İcra Hakimiyyəti Aparatının rəhbəri Zülfü Qasımov deyib:

Z.Qasımov kimlərinsə köçərkən hansısa məbləğdə pul ödəməsi iddiasına da birmənalı yanaşmayıb. O, bu məsələnin ortaya atılmasını tamamilə absurd sayıb:

"Qoy hamı bilsin ki, elektron poçtuna yazıb, şəxsiyyət vəsiqənin, COVID pasportunun surətini göndərib istənilən şəxs o səfərə gedə bilər. Müraciət edəndən sonra bir həftə ərzində sənə səfərə nə vaxt gedə biləcəyin haqqında zəng gəlir.  Bakıdan səhər saat 7:00-da, Ağdamdan 12:30-da çıxırlar. Adamları ora müəyyən marşrutla aparırlar. Hər adama 2 talon verirlər. 1 talon su, 1 talon da yemək üçündür. Ya gözünün qarşısında 1 qutab, ya da iki yuxanın arasında lüləkabab verirlər. Bunların hamısı da pulsuzdur. Əgər bu sənə bəs edirsə, pulsuz bu yeməklərlə kifayətlənirsən, bəs etmirsə, pulunu götür get, nə istəyirsən al.  Ağdama səfərə gedənləri 1 manat pul verməmək şərtilə aparılır.  Kim-kimdən 2000 min manat istəyib ki?.. Hamısı yalandır”.

Z.Qasımov eyni zamanda deyir ki, Ağdama təşkil olunan belə səfərlərdə sıxlıq yaranmaması üçün müəyyən şərtlər də var. Onun sözlərinə görə, əsasən 60 yaşından yuxarı şəxslər, şəhid ailələri müraciət edərlərsə, birinci növbədə 2-3 günə onlara imkan yaradılır, amma maksimum 1 həftəyə səfərlər təşkil olunur.

  Aparat rəhbəri işğaldan azad olunmuş ərazilərə əhalinin növbəlilik şəklində göndərilməsi ilə bağlı ortaya çıxan məsələləri də şaiyə adlandırıb.

“Məskunlaşmaq üçün hansısa növbəyə durmaq söhbəti yoxdur. Mən şəhərdə oluram, amma hələ məndən soruşan olmayıb ki, nə vaxt gedəcəksən. Ərazi nümayəndələrinə tapşırılıb ki, hər birimiz ailələrin tərkibini, Ağdamdan çıxanda necə nəfər olub, əmlakı nə olub, neçə nəfərdirlər, kimdirlər, bunu dəqiqləşdirək.  Vətəndaşlara bir sənəd forması verirlər, onu doldurur. Bu, növbə deyil, insanların ailə tərkibini, kimliyini dəqiqləşdirməkdir. Bütün işğaldan azad olunmuş ərazilərin icra nümayəndəliyində var”.

Z.Qasımov Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Komitəsinin apardığı sorğuya da diqqət çəkib. Bildirib ki, həmin sorğunun özü yanlışdır. Bakıda bir villası olan ağdamlı heç vaxt deməz ki, mən Ağdama qayıtmıram."(hafta.az)