Saytımızı qiymətləndirin


 
 

Deputat: Azərbaycan qısa müddətdə Qoşulmama Hərəkatında olduqca böyük nüfuz və etimad qazanıb
Tarix: 13-10-2021 | Saat: 12:37
Bölmə:Karusel / Siyasət | çapa göndər

Deputat: Azərbaycan qısa müddətdə Qoşulmama Hərəkatında olduqca böyük nüfuz və etimad qazanıb

Qoşulmama Hərəkatı 120 ölkəni birləşdirməklə BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Yalnız bu faktın özü Hərəkatın müasir beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən necə mühüm çoxtərəfli platforma olmasını göstərir. Dünya dövlətlərinin üçdəikisini əhatə edən bir təsisatın mühüm toplantılarında müzakirə edilən məsələlər şübhəsiz ki, BMT Baş Assambleyasının gündəliyinin formalaşmasına da böyük təsir göstərir

Qarabaginfo.az-ın xəbərinə görə, bu fikirləri “Yeni Gündəm”-ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov bildirib.
On il əvvəl Azərbaycanın da üzv olduğu Qoşulmama Hərəkatının yaradılmasının bu il 60 illiyinin qeyd olunduğunu diqqətə çatdıran A.Məmmədov deyib: “Qoşulmama Hərəkatının təməlində sülh, qlobal həmrəyliyin möhkəmləndirilməsi dayandığından, mürəkkəb qlobal çətinliklər Hərəkatın aktuallığını və əhəmiyyətini daha da artırıb. Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetlərinə tam uyğundur. Qısa müddət ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazanıb. 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik Azərbaycana həvalə edilib.
Azərbaycan Qoşulmama Hərəkatına sədrlik müddətində təşkilatın prinsiplərinə sadiq qalaraq, qurumun beynəlxalq münasibətlər sistemində rolunun daha da artması, o cümlədən Azərbaycanla üzv ölkələr arasında əlaqələrin daha da inkişaf etdirilməsi, milli maraqlarının təmin olunması istiqamətində ciddi addımlar atır. Təbii ki, ölkəmizin BMT-dən sonra dünyanın ən böyük ikinci beynəlxalq təşkilatına sədrliyi ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyinin möhkəmlənməsinə xidmət edir”.
Deputat qeyd edib ki, Hərəkata rəhbərlik etdiyimiz gündən başlayaraq ölkəmiz dünyanı iflic vəziyyətinə salmış pandemiyaya qarşı birgə mübarizə aparmaq bütün səylərin səfərbər edilməsi məqsədilə beynəlxalq təşəbbüslərlə çıxış etdi. 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin Zirvə Görüşü təşkil olundu. Görüşdə Təmas Qrupunun üzvləri ilə yanaşı, BMT-nin Baş katibi, Baş Assambleyasının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru və digər vəzifəli şəxslər də iştirak etdilər. Zirvə Görüşündə qarşıya qoyulmuş hədəflərdən biri də tibbi ehtiyacların müəyyən edilməsi məqsədilə Hərəkata üzv dövlətlərin məlumat bazasının yaradılması idi. Hansı ki, bu gün ÜST koronavirusa qarşı aparılan mübarizədə mövcud ehtiyacların müəyyənləşdirilməsi məqsədilə istinad mənbəyi kimi həmin məlumat bazasından istifadə edir: “Həmçinin Qoşulmama Hərəkatının adından dövlətimizin başçısı tərəfindən pandemiyanın qarşısının alınması və fəsadların aradan qaldırılması məqsədilə dövlət və hökumət başçıları səviyyəsində Birləşmiş Millətlər Təşkilatına Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təklif olundu. Təklif BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəklənərək qəbul edildi və BMT-nin Xüsusi Sessiyası 2020-ci il dekabrın 3-4-də baş tutdu.
Xüsusi məqam kimi onu vurğulamalıyıq ki, ölkəmiz sədr olaraq mandat aldığı Hərəkatın adından qeyd olunan işləri görməklə yanaşı, Ümumdünya Səhiyyə Təşkilatına pandemiyaya qarşı mübarizədə səmərəliliyi artırmaq, habelə tibbi avadanlıqların alınması məqsədilə könüllü maliyyə töhfəsi etdi”.
A.Məmmədovun sözlərinə görə, 2020-ci il Azərbaycan üçün əlamətdar il olub, çünki Hərəkatın gündəliyində dayanan vacib mövzulardan biri uğurla həll edilib. Bildiyiniz kimi, 30 ilə yaxın idi ki, Ermənistan ərazimizin təqribən 20 faizini işğal altında saxlayırdı. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə aparıb. Vətən müharibəsi dövründə isə BMT Təhlükəsizlik Şurasında keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatına üzvü olan ölkələr təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil olunmasına dair israrlı mövqe nümayiş etdirmişdi. Onların bu israrlı mövqeyi nəticəsində Təhlükəsizlik Şurasının bir sıra daimi üzvləri bəyanat layihəsini geri götürməyə məcbur olmuşlar. Həmin vaxt məhz Hərəkata üzv dövlətlərin fəaliyyəti nəticəsində Vətən müharibəsi dövründə Azərbaycan BMT TŞ-nin xüsusi iclasında mühüm çağırışları dəf etməyi bacarmışdı.
“Bu gün ölkəmiz Qoşulmama Hərəkatı da daxil olmaqla, bir çox beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Bütün bunlara əsasən deyə bilərik ki, əgər üçüncü minilliyin başlanğıcında ulu öndər Heydər Əliyev ölkəmizi müstəqilliyini itirmək təhlükəsindən qurtararaq yeni inkişaf mərhələsinə çıxardısa, Prezident İlham Əliyev müasir Azərbaycanı dünyada söz sahibinə, etibarlı tərəfdaşa və modern dövlətə çevirib. Dövrün çağırışlarının tələblərini nəzərə alan, bütün beynəlxalq toplantılarda dünyaya sülh mesajı verən, ən islahatçı Prezident və ən əsası, qalib Sərkərdə kimi adını tariximizə qızıl hərflərlə yazdıran İlham Əliyev Qoşulmama Hərəkatının Sədri kimi üzərinə düşən barışdırıcı sülh missiyasını uğurla icra etməkdədir”, – deyə A.Məmmədov bildirib.



Xəbəri paylaş

330 dəfə oxunub.

Digər xəbərlər