Tarix: 05-10-2021 | Saat: 14:45
Bölmə:Karusel / Təhsil | çapa göndər
Xəbər verildiyi kimi, şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun qızı Aybəniz Həşimova Azərbaycan Tibb Universitetində təhsil alacaq.
ATU-nin mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, bu gün ATU-nun rektoru, professor Gəray Gəraybəyli gənc tələbəni və anası Ofelya Salmanovanı qəbul edib.
Tibb Universitetinin böyük ailəsinə qatılması münasibətilə A.Həşimovanı təbrik edən rektor, ildönümünü yaşadığımız Vətən müharibəsinə toxunub. Bildirib ki, Polad Həşimov da daxil olmaqla bütün şəhidlərimizin, ordumuzun sayəsində biz artıq rayonlarımızın işğal günlərini deyil, azadolunma tarixlərini böyük qürurla qeyd edirik: “Bu tarixi qələbə Azərbaycan xalqına tamam başqa bir ruh, başucalığı gətirdi. Ali Baş Komandanın müdrikliyi, əsgərdən generala kimi bütün hərbçilərimizin qəhrəmanlığı və Azərbaycan xalqının yumruq kimi birləşməsi nəticəsində biz çox gözlədiyimiz qələbəni əldə etdik və 30 il davam edən ədalətsizliyi aradan qaldırdıq”.
Hər bir insan üçün valideyn itkisinin çox ağır olduğunu söyləyən Gəray Gəraybəyli əlavə edib ki, əgər Polad Həşimov şəhid olana kimi Aybəniz tək onun qızı idisə, ondan sonra artıq bütün Azərtbaycanın övladıdır.
Sonra rektor Tibb Universiteti, onun tarixi haqda məlumat verib, generalımızın qızının ən azı 6 il ATU ailəsinin üzvü olacağından məmnunluğunu ifadə edib.
Aybəniz Həşimovaya təhsildə uğurlar arzulayan ATU-nun rektoru ona tələbə biletini və universitet adından hədiyyə olaraq noutbuk təqdim edib.
O da bildirilib ki, universitetin Elmi Şurasının qərarı ilə A.Həşimovaya əlavə olaraq 200 manat məbləğində təqaüd ayrılıb.
Universitetin rəhbərliyinə göstərilən diqqətə görə təşəkkürünü bildirən Ofelya Salmanova qızının müəllimlərinin gözləntilərini doğruldacağına və yaxşı bir həkim kimi yetişəcəyinə əmin olduğunu söyləyib.
Qeyd edək ki, görüşdə ATU-nun Tədris işləri üzrə prorektoru Sabir Əliyev, Tərbiyə işləri üzrə prorektoru Zülfüqar Musabəyov, Həmkarlar İttifaqı Komitəsinin sədri Cahangir Qasımov, Tədris şöbəsinin müdiri Samir Cavadov, I Müalicə-profilaktika kafedrasının dekanı Elşad Novruzov, Mətbuat xidmətinin rəhbəri Günel Aslanova iştirak edirdilər.
Digər xəbərlər