Saytımızı qiymətləndirin


 
 

Dünya şöhrətli fotojurnalist Reza Deqati: “İran istəmir ki, Azərbaycan müstəqil olsun”
Tarix: 24-09-2021 | Saat: 16:59
Bölmə:Karusel / Müsahibə | çapa göndər

Dünya şöhrətli fotojurnalist Reza Deqati: “İran istəmir ki, Azərbaycan müstəqil olsun”

 

Qarabaginfo.az dünya şöhrətli fotojurnalist Reza Deqatinin Baki-Baku.az-a verdiyi müsahibəni təqdim edir:

- Reza bəy, Azərbaycanda, Vətəninizdə sizi xoş gördük. Bildiyimiz qədərilə hər səfəriniz bir məqsəd daşıyır. İndiki gəlişinizin məramı nə ilə bağlıdır? Bu barədə söhbət açmağınızı istərdik.

- Azərbaycana bu səfərimdən məqsəd İkinci Qarabağ Müharibəsindən sonra ermənilərin təxribatlarını, mədəniyyətə vurduqları ziyanı, ekoloji terroru bir-bir, planlı şəkildə lentə almaqdır. Bu baxımdan qəbirstanlıqlarda törətdikləri vəhşiliklərə, şəhərləri, kəndləri viran qoymalarına diqqət yetirirəm. Ekoloji terror məsələsinə xüsusi yanaşıram. Bilirsiniz ki, ermənilər Qarabağın ekologiyasına çox ciddi zərbə vurublar. Bu, sıradan məsələ deyil. Ekologiyaya zərər lokal əhəmiyyət daşımır. Məsələn, yalnız Oxçu çayına axıdılmış zəhərli maddələr daha böyük areala təsirini göstərir. Çünki bu çay Araza tökülür. Nəticədə həm Azərbaycanın, həm də elə İranın torpaqları ziyan görür. O çay Arazdan da Xəzərə axır. Beləcə bir çaya vurulan zərər böyük bir coğrafiyanı əhatə etməyə başlayır.

Ermənilər nalayiq, anti-bəşəri hərəkətlərini Almaniya şirkəti – “Kroniment”lə birlikdə gerçəkləşdiriblər. Bu, əsl ekoloji terrordur və məsələ barədə beynəlxalq aləm məlumatlanmalıdır. Məqsədim bunları dünyaya çatdırmaqdır. Eyni zamanda Azərbaycan cəmiyyəti də xəbərdar olmalıdır.

Bir neçə gün öncə ADA Universitetində Azərbaycandakı yerli dövlət qurumlarının, xarici ölkələrin səfirliklərinin, diplomatik nümayəndəliklərinin təmsilçilərinin qatıldıqları toplantıda məsələni qabartdım. Həm sərgidə, həm də konfransda. Ümumən onu deyim ki, Azərbaycana hər səfərim konkret məqsədə köklənir.

- Reza bəy, siz yaradıcılığınızda daha çox münaqişəli durumların, insan faicələrinin təsvirinə üstünlük verirsiniz. Qarabağ müharibəsi də özlüyündə insan faciəsidir. Bilmək istərdik, sizin yaradıcılığınızda Qarabağ mövzusunun nə kimi özəlliyi var? Təbii, mənəvi özəllik öz yerində. 

- Əslində hər savaşın özəlliyi fərqlidir. Mən iki Qarabağ müharibəsini görmüşəm. Birinci müharibədə bir tərəfdə məzlum xalq varıydı. O xalqın əlində heç nə yox idi, köməksiz vəziyyətdəydi, arxa-dayaqsız durumdaydı.  O biri tərəfdə isə çox hazırlıqlı, həddən artıq hiyləgər, məkrli bir millət dayanırdı. Ona İran, Rusiya dəstək olurdu. Fransadan köməyi var idi, Livandan döyüşçülər gəlirdi. Ayrıca İran ermənilərə kəşfiyyat məlumatları ötürürdü, neflə, qazla təmin edirdi. Beləliklə məzlum və zalım üz-üzəydi və heç kəs məzlumun haqqını tanımırdı, onun düşdüyü durumu dünyaya çatdırmırdı. Mən 40 ildir bu sənətdəyəm. Hər zaman bu kimi vəziyyətlərdə məzlumların yanında dayanmışam. Onların ağrı-acılarını göstərməyə çalışmışam. Azərbaycanlılar da eyni durumdaydılar.

İkinci Qarabağ Müharibəsi çox fərqlidir. Gördüyüm ayaqyalın, başıaçıq öz-yurd-yuvasından didərgin salınmış, qovulmuş, haqqı tapdalanmış, yaşayış hüququndan məhrum olunmuş, doğmalarını itirmiş məzlumlar otuz ildən sonra özlərini toparladılar və haqlarına sahib çıxdılar. Mənim üçün yaradıcılıq baxımıdan özəllik bundaydı və dünyaya məhz bu özəlliyi çatdırırdım. Dünya görməliydi ki, haqq-ədalət gec də olsa, yerini tutur.

- Reza bəy, müharibə və romantika, müharibə və sülh. Bu mövzular müxtəlif əsərlərdə özünəməxsus şəkildə təsvir olunur. Siz daha çox müharibə dəhşətlərini göstərirsiniz. Necə düşünürsünüz, bununla bəşəriyyətə verilən mesaj öz ünvanına çatır?

Mən pasifistəm. Qəti şəkildə müharibə əleyhidarıyam. Dahi Şəhriyarın bir misrasını yada salım. Deyir ki, insan olan belinə xəncər taxmaz. Bu fikirdə hər şey var. İnsan belinə xəncəri o zaman taxar ki, onun elinə, yurduna təhlükə yaranıb. O, özünü müdafiə etməlidir. Bundan başqa bütün hallar təcavüzdür, böyük yanlışlıqdır. Belə durumda mən sənət adamı olaraq nə etməliyəm? Gərək gedim müharibədə təcavüzə, basqıya məruz qalan, dəhşət yaşayan insanların fotosunu çəkim. Bununla dünyaya bir növ müharibənin yolverilməzliyinə dar subliminal mesaj vermiş oluram. Sənət əslində bu deməkdir. Müharibənin içərisində oluram, məşəqqətlərini, məhrumiyyətlərini yaşayaraq işimi görürəm.

- Yəni müharibəni yaşayaraq göstərmək. Amma əslində onu demək istəyirdim ki, dünya bu yaşantıya maraq göstərir, baxmayaraq ki, özünü pasifist sayır. Bu mənzərədə təzadı yəqin ki hiss edirsiniz...

Bəli böyük təzad var. Amma nə etməli? Müharibənin dəhşətini, acısını, ağrısını yaşayan insanların üzlərinin, baxışlarının təsviri ilə dünyaya müharibə əleyhinə mesaj vermək lazımdır. Müharibənin yara vurduğu insanları dünya görməlidir. Düşüncəm budur. Bir uşaq məktəbdə 10-12 il təhsil alır, dərs alır. İnsanlara da dərs verilməlidir. Bir foto reportajla dünyanı dəyişdirə bilmərik. İnsanların fikri tədricən dəyişir. Qarabağa baxış da beləcə dəyişmişdi. İllərdir ədalətsizliyə göz yumulurdu. Amma vaxt, zaman gəldi, vəziyyət dəyişdi, elə baxış da.

Düşünək ki, dahi Aristotelin fəlsəfəsi iki min ilə söykənir. Biz onu oxuyur, öyrənirik. İndi baxaq, görək, iki min il bəşəriyyət üçün nə dərəcədə böyük zaman kəsiyidir. Məncə, böyük deyil əslində. Öyrənmək üçün də böyük deyil. Buna görə də daim çalışmaq lazımdır. Söhbət ədaləti və haqqı göstərmək, bəyan etmək üçün çalışmaqdan gedir.

- İkinci Qarabağ Müharibəsində İranın tutduğu mövqe bəllidir. İndi baş verən prosesləri də görürük. O da məlumdur ki, İranın Azərbaycana qarşı mövqeyi bizə hansısa ayətullanın, imamın mövqeyi qiyafəsində gəlib çıxır. Sonuncu məsələ, çox güman Ərdəbil məscidi imamının söylədiklərindən xəbərdarsınız. İran Azərbaycanla bağlı nəyi həzm edə bilmir? Məsələyə sizin baxışınız maraqlıdır.

- İrandan Azərbaycana yönəlik hər bir hərəkət nəzərimdədir. Ordakı prosesləri diqqətlə izləyirəm. Bəli, İranla Azərbaycan qonşu dövlətlərdir, amma Ermənistan da qonşudur. Ancaq İran istəmir ki, Azərbaycanda müstəqil dövlət olsun. Həzm edilməyən budur. Qorxurlar ki, İran azərbaycanlıları, yəni İran türkləri ayağa qalxarlar. Axı şimaldakı Azərbaycan fərqlidir. İnkişaf, tərəqqi var. İranda isə yoxdur. Üstəlik nəzərə alaq ki, İranın təbii sərvətlərinin çox böyük qismi ölkənin şimalında, Azərbaycan ərazisindədir. Bu sərvətlər Tehrana daşınır. Necə ki sabiq SSRİ zamanında Azərbaycanın sərvətləri daşınırdı, İranda da eyni durumdur. Baxın, Azərbaycanın təbiətinə zərər vururlar, Urmiya gölünü qurudurlar və s. Bunların hamısı milləti zəif salmaq üçündür. Bu iki Azərbaycanın birliyindən, yaxınlığından qorxurlar. Türkiyəni də bu arealda görsək, böyük coğrafiyada türk birliyi var.

Mən 1992-ci ildə Birinci Qarabağ Müharibəsini çəkirdim. O zaman mollaların ermənilərə dəstəyi olmasaydı, Azərbaycana heç nə edə bilməzdilər. Bunu mənə Fransada görüşdüyüm ermənilər deyib. Həmin vaxt İrandan Ermənistana neft, qaz, ərzaq daşınıb. Nəhayət işğal gerçəkləşib. İşğaldan sonra isə İran bir başqa yol seçib.

Görürsünüz ki, işğaldan azad edilmiş bölgələrdə viran edilmiş ərazilər var. Bu viranqoymada İran da iştirak edib. Kəndlərdəki evlər qarət olunub, materiallar daşınıb, satılıb. Bu, planlı şəkildə gerçəkləşdirilib. 

İkinci Qarabağ Müharibəsində də İrandan Ermənistana dəstək olurdu. Hərbi-sursat, ləvazimatlar daşınırdı. Baxın, İran yenə canfəşanlıq nümayişindədir. Çünki dünyanın ən böyük narkotik ticarətinə nəzarət edir. Qarabağı itirmək narkotrafiki itirmək deməkdir. Qafan-Gorus yolu ətrafındakı durum elə-belə deyil. O daşınan yüklərin hamısını deyə bilmərəm, amma yüz faiz bilirəm ki, axtarılsa, yarısında narkotik tapılacaq. Narkoticarət bunlara milyardlarla pul qazandırır. Ərdəbil mollası Azərbaycan əleyhinə məhz buna görə danışır. 30 ildir bu siyasəti həyata keçirirlər. Nə qədər mümkündürsə, Azərbaycana ziyan vurmağı düşünürlər. Vaxtilə çalışırdılar ki, Ermənistan Qarabağı əlində mümkün qədər çox saxlasın. Hamısı düşünülmüş siyasət idi.

Ümumən İran hökumətinin yolu da məzhəbçilikdir – şiə, İmam Hüseyn, Ərbəin. Bu şəkildə milləti əldə saxlayır. İndi İranın vəziyyəti keçmiş SSRİ-nin axır illərindəki vəziyyətdən də pisdir. Birincisi, iqtisadiyyat sıradan çıxıb, ikincisi hökumətin ətrafında müəyyən zümrələr, qruplar formalaşıb. Bu adamlar milyardlara sahibdirlər. Neçə il bundan öncə “Forbes”in zənginlər siyahısında cəmi bir-iki ayətullanın adı var idi. İndi sayları çoxalıb. Bu, necə olur? Demək ki, sistemin problemi var.



Xəbəri paylaş

339 dəfə oxunub.

Digər xəbərlər