Tarix: 23-09-2021 | Saat: 17:01
Bölmə:Karusel / Gündəm | çapa göndər
“İran ixrac edən ölkə olaraq ticarət əlaqələrinin qorunub saxlanmasında maraqlı olmalıdır. Əgər ticarət əməliyyatlarının həyata keçirilməsi ilə bağlı hansısa çətinlik olarsa, bu, Azərbaycanın ticarət dövriyyəsinə xüsusi təsir göstərməyəcək. Çünki Azərbaycanın illik ərzaq idxalı 2 milyon dollara yaxındır. Onun cəmi 2,5%-i İranın payına düşür”.
Qarabaginfo.az xəbər verir ki, bunu Modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı Vüqar Bayramov İran-Azərbaycan ticarət əlaqələrindən danışarkən deyib.
Onun sözlərinə görə, İranla Azərbaycan arasında ticarət dövriyyəsi 2019-cu ildən azalmağa başlayıb:
“İran və Azərbaycan arasında sərhəd dövriyyəsində son illər, xüsusilə 2021-ci ildə azalma qeydə alınıb. Nəzərə alsaq ki, iki ölkə arasında ticarət dövriyyəsi 2020-ci ildə 339 milyon dollar olub. Bu göstərici 2019-cu ildə 500 milyon dollara yaxın idi.
Praktik olaraq biz 2020-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin əvvəlki il ilə müqayisədə 32% azalmasını müşahidə etmişik. Qeyd etmək lazımdır ki, İran Azərbaycanın ticarət dövriyyəsində hansısa paya malik olsa da, ticarət dövriyyəsinə xüsusi təsir edən ölkələr sırasında deyil.
İki ölkə arasında əgər ticari əməliyyatların həyata keçirilməsində hansısa çətinlik olarsa, bu amil Azərbaycanın ticarət dövriyyəsinə xüsusi təsir göstərməyəcək.
Eyni zamanda, İran-Azərbaycan arasında olan ticarət dövriyyəsinin 300 milyon dolları İrandan olan idxalın hesabına düşür. Bu baxımdan İran ixrac edən ölkə olaraq ticarət əlaqələrinin qorunub, saxlanmasında maraqlı olmalıdır”.
Parlamentari hesab edir ki, İran məhsulları xüsusi mağazalarda satıldığı üçün supermarketlərdə qiymət artımına iqtisadi zəmin yaratmır:
“Bundan əlavə, İrandan məhsulların idxalında hansısa çətinlik olarsa, istehlak bazarında tarazlığı pozmayacaq. Müəyyən sahibkarlar süni şəkildə qiymət artımlarına gedə bilərlər. Amma iqtisadi baxımdan bu gün İranla münasibətlərimizdə hər hansısa çətinlik müşahidə olunarsa, bu, istehlak bazarındakı qiymətlərə təsir göstərməməlidir. Çünki Azərbaycanın illik ərzaq idxalı 2 milyon dollara yaxındır. Onun cəmi 2,5%-i İranın payına düşür.
Bununla yanaşı, İran məhsulları xüsusi mağazalarda satılır. Bütövlükdə ərzaq məhsullarının satıldığı supermarketlərdə İran məhsulları kifayət qədər azdır. Bu kontekstdən supermarketlərdə hər hansı qiymət artımı üçün iqtisadi zəmin yoxdur”.
Digər xəbərlər