"NATO ölkələri sırasında 9-cu yerdəyik, yeni milli təhlükəsizlik konsepsiyası qəbul edilməlidir"
Tarix: 13-09-2021 | Saat: 14:02
Bölmə:Karusel / Siyasət | çapa göndər
1291 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 13-09-2021 | Saat: 14:02
Bölmə:Karusel / Siyasət | çapa göndər
Postmüharibə dövründə Azərbaycanın qarşısında duran vəzifələr ətrafında konfliktoloqun fikirlərinin maraqlı olacağını nəzərə alaraq, Moderator.az tanınmış konfliktoloq Elxan Mehdiyevdən müsahibə götürüb.
Qarabaginfo.az müsahibəni təqdim edir:
- Elxan bəy,Vətən Müharibəsinin başlanmasının 1-ci ilinə yaxınlaşırıq. Erməni ordusunun müharibədən öncəki gücü ilə bağlı çox müzakirələr gedir. Sizcə Ermənistan ordusu müharibədən öncə hansı üstünlüklərə mailk idi?
- Ermənistan ordusu müharibədən öncə heç də zəif ordu deyildi. Onun qurduğu hərbi istehkamlar və müdafiə sisteminin dünyada analoqu yox idi. Bu cür sistem 1-ci Dünya savaşının Qərb cəbhəsində Almaniyaya qarşı qurulmuş müdafiə xətti ilə və ya İİ Dünya Müharibəsində Berlinin müdafiəsi üçün qurulmuş müdafiə xətləri ilə müqayisədə daha da keçilməz idi. Çoxları bu xətlərə Ohanyan xətti deyir, amma bütün bunlar Ohanyan yox, Sovet Generalı Zineviçin DQ-da hərbi qüvvələrin qərargah rəisi olduğu dönəmdə qurduğu və planladığıi xətlər idi. Və Avropadakı müdafiə xətlərindən onunla fərqlənirdi ki, bu xətlər faktiki olaraq 27 il ərzində hər zaman təkmiləşdirilmiş və dərinləşdirilmiş və yeraltı tunellər və qərargahlarla təmin olunmuşdur. Avropadakı müdafiə xətləri isə irəliləyən qoşunların qarşısını almaq üçün kiçik zaman ərzində qurulmuşdu və cəbhə xətti də böyük əraziləri əhatə edirdi. Araşdırmalar göstərir ki, müharibə tarixi ermənilərin qurduğu bu cür müdafiə xətləri ilə üzləşməmişdir. Mina sahələrini şərh etmıyə isə heç ehtiyac yoxdur. Bu tamamilə İİ Dünya savaşından sonra sovet hərb elminin dərinləşdirdiyi və təkmilləşdirdiyi ərazi müdafiə metodu idi. Əlavə olaraq, ermənilər buradakı müdafiə qurğularını həm də son illər PKK-nın Suriyada xarici mühəndislərin köməyi ilə qurduğu oxşar tunellerlə də 2016 Aprel döyüşlərindən sonra daha da gücləndirmişdir..
Bu baxımdan demək ki, erməni ordusu zəif idi, bu heç də reallığı əks etdirmirdi. Erməni ordusu heç də zəif hazırlıqlı deyil idi, sadəcə Azərbaycan ordusu güclü və qətiyyətli idi və işlətdiyi fərqli hərbi taktika və idarəetmə sistemi onların məhvinə gətirdi. İlk 3 həftədə erməni ordusunun bel sütunu qırıldı və sonra isə olan-qalan qüvvələrinin və şəxsi heyətin tam məhvi prosesi gedirdi. Erməni ordusu, Azərbaycan ordusunun ortaya qoyduğu yeni müharibə taktikası ilə məhv edildi. Ermənilər və hətta onların müttəfiqləri Azərbaycanın klassik metodla hərəkət edəcəyini və səngər davasına girəcəyini düşünürdü. Biz artıq 2016 cı ildə göstərdik ki, Azərbaycan səngər davasına girməyəcək və o vaxt gələcək müharibənin ilk əlamətləri göründü. Bu savaşda, Azərbaycan ordusu, döyüş qabiliyyətli Ermənistan ordusunu və onun müasir silah və texnikasını məhv edib və yerdə qalan hərbi qüvvələrini da şikəst halına salıb. Real vəziyyət budur.
- Belə çıxır ki, onların strategiyası tutduqları əraziləri maksimum əldə saxlamaq idi?
- Erməni tərəfi klassik ərazi müdafiəsi metodu üzərində qurulmuş çox mərhələli cəhbə xətləri, yeraltı və yerüstü daimi atəş nöqtələri və müdafiə xətləri arası hədsiz dərəcədə minalanmış sahələrə arxalanaraq Azərbaycanı səngər və ya mövqe döyüşlərinə cəlb etməklə müharibəni uzatmaq məqsədi güdürdü və siyasi müstəvidə isə Minsk qrupu ölkələrinin müdaxiləsi ilə atəşkəsə getmək və nəticədə üstünlüyü saxlamaq və yenidən Minsk qrupunun “prosesi” ilə davam etmək istəyində idi.. Ermənilər Azərbaycanı səngər müharibəsinə çəkərək qalib gələcəklərinə inanırdılar.Təbii ki, onların başqa cür hərb düşüncəsi də yox idi.
Qarabağdakı müdafiə xətlərinə səfər etmiş görüşdüyüm xarici hərbi ekspertlər hər zaman mənə bu müdafiə xətlərinin keçilməz olduğunu deyirdilər. Bir çoxları da bu xətlərin keçilməsi üçün güclü piyada qüvvələrinin lazım olduğunu vurğulayır və guya bizim də “ən zəif nöqtəmizin bu qüvvələr olduğunu” israr edirdilər. Sevinirəm ki, belə düşünürdülər, bizim xüsusi təyinatlılardan xəbərləri yox idi!.
Bu müharibə zamanı erməni tərəfi, onun lideri Paşinyan hər zaman Azərbaycanın guya blitzkreyq etmək istədiyini və “yenilməz erməni ordusu“-nun onun qarşısını aldığı iddiaları ilə özünə təsəlli verirdi. Əksinə, ortada heç bir blitskreyq yox idi, olsaydı o zaman bütün qarşıdakı mülki və hərbi obyektlər və infrstruktur məhv edilməli idi. Blitskreyq onu tələb edir. Əksinə Azərbaycanın apardığı müharibə (biz yenə də təbliğ edə bilmirik) ideal sayıla biləcək müharibəyə ən yaxın müasir müharibə idi. Çünki bu cür metod yaşayış və mülki obyektlərə toxunmadan ancaq hərbi hədəfləri məhv edirdi. Suriyada,İraqda, Əfqanıstanda Amerika və Rusiyanın –iki ən müasir orduya sahib ölkənin apardığı müharibədə şəhərlər və qəsəbələr xarabaya çevrilmişdir. Baxın Xankəndinə. Azərbaycan ordusu onun ətrafındakı bütün hərbi obyektləri darmadğın etdi, amma yanındakı mülki binalara toxunulmamışdır. Şəhər mərkəzində bir dənə də olsun bina dağılmamışdır. Yaxud Şuşanın alınması əməliyyatı. Və ya Hadrutun özü və kəndlərinə baxın. Azərbaycan ordusunun apardığı müharibə, xüsusən də, nöqtəvi hava zərbələri tarixdə görünməyən dəqiqliklə və mülki obyektlərə zərər vurmadan aparılmışıdr. Bu cür müharibənin tarixi analoqu yoxdur.
İndi bizim hərb metodunu və əməliyyatları xarici hərbi tədqiqatçıar öyrənməyə çalışır. Təəssüf ki onlar da Bakıya gəlib yerində yox, İnternet materialları əsasında tədqiqatlar aparırıar və tanış olduğum yazıların əksəriyyəti də göstərir ki, onlar heç də sahədəki vəziyyəti düzgün ifadə edə bilmirlər. Lazımdır ki, bunu Azərbaycanın ekspertləri etibarlı mənbələr əsasında yazsınlar və ingiliscə dərc etsinlər.
- Sizcə Azərbaycan ordusunu inkişaf etmiş ölkələrlə və ya NATO və Rusiyanın ordusu ilə müqayisə etsək hansı nəticəyə gəlmək olar?
- 44 günlük savaşda göstərdiyi döyüş qabiliyyəti, sahib olduğu müasir texnika və texnikaya yiyələnmə baxımından və müharibə zamanı nümayiş etdirdiyi qarşılıqlı, hərbi, idarəetmə baxımından ordumuza yanaşsaq, ordumuz çoxlarının sürprizinə rəğmən çox- çox ön sıralardadır. Mənim NATO və MDB ölkələrinin ordularını da ayrı ayrılıqda analiz edərək gəldiyim nəticə odur ki, Azərbaycan ordusu yuxarıda qeyd etdiyim kriteriyalara görə keçmiş sovet məkanında Rusiyadan sonra ikinci ordudur.
NATO ölkələri ilə müqayisədə, Azərbaycan ordusu 9-cu yerə çıxır. Burada ilk sıralarda ABŞ, Türkiyə, Fransa, İngiltərə, İtaliya, Almaniya, Polşa və İspaniya gəlir. Burada daha çox Yunanıstanın irəli çıxmaq şansları var, amma başqa mərkəzlər təbii ki, əsgər sayı,ehtiyat qüvvələri, hava və dəniz qüvvələri, piyada qüvvələri, təbii resursları, loqistika, maliyyə durumu və cografi ərazi amillərini önə çəkərək ölkə ordusuna qiymət verir. Bu kriteriyalara görə Azərbaycan bir sıra başqa ölkələrdən də geridə qala bilər, ancaq mən burada ölkələrin mümkün ola bilən geniş nəzəri potensialını deyil, əlində olan potensialdan maksimum necə istifadə edərək vəziyyəti dəyişmək qabiliyyətini önə çəkmişəm. Tutaq ki, Kanada bu potensialı həftələrlə işə salınca, Azərbaycan artıq döyüşə girmiş olacaq. Bu baxımdan Azərbaycan ordusu, indiki Avrasiya məkanını əhatə edən ABŞ –da daxil olmaqla NATO ölkələri və Rusiyanı da nəzərdə tutsaq 10-cu sıradadır.
Bu əsla bizi arxayınlaşdırmalı deyil, əksinə ordunun fəaliyyəti daimi təlim və müasir texniki təminatla müşaiyət olunmalıdır. Yoxsa 2020-ci ilin nailiyyətləri ilə yaşasaq, önümüzdəki beş ildə çətin vəziyyətə düşə bilərik. Ordudakı mövcud problemləri ordu rəhbərliyi çox yaxşı bilir.
- Sizcə Azərbaycan ordusu hansı formada olmalıdır?
- Azərbaycan ordusu Azərbaycanın təhülkəsizliyinin və ərazi bütövlüyünün təminatçısıdır. Biz sabah Ermənistanla sülh müqaviləsi imzalasaq da, Azərbaycan ordusu öz mahiyyətini dəyişməli deyil. Mahiyyət etibarı ilə, Azərbaycan ordusu güclü və çevik ordu olmalıdır. Bunu onun coğrafi məkanı və üzləşdiyi son tarixi təcrübə və qarşıdakı problemlər tələb edir. Bu ordu müdafiə ordusu yox, ölkəyə qarşı bütün təhdidlərə vaxtında cavab verə bilən çevik ordu olmalıdır. Ordumuz yüksək dərəcədə təlim keçmiş çoxfunksiyalı xüsusi, peşəkar qüvvələrlə və güclü kəşfiyyatla yanaşı, ən müasir hərbi avadanlıq və texnikaya yiyələnməlidir. Yuxarıda qeyd etdiyim kimi, torpaqlarının işğalı, indiki durum və Azərbaycanın geniş enerji resursları və nəqliyyat şəbəkəsinə sahib olması, onu təhlükəsizliyi prioritet edən ölkəyə çevirmişdir. Bu baxımdan Azərbaycanda ordu və təhlükəsizlik qüvvələrinin xüsusi yeri olmalıdır.
Mən hesab edirəm ki, Azərbaycan artıq yeni təhlükəsizlik konsepsiyası və yeni hərbi doktrina qəbul etməlidir. Artıq 2007 və 2010 sənədləri köhnəlmiş və orada qoyulan köklü məsələlər öz yerini tapıb. Ancaq indi yeni situasiya yaranıb və bu situasyaya cavab verən milli təhlükəsizlik konsepsiyası hazırlanmalı və hərbi dokrtina təkmilləşməli və əlavələr edilməlidir. İlk növbədə, Prezident İlham Əliyevin səsləndirdiyi “ölkəyə qarşı təhlükə hiss edildiyi zaman önləndirici zərbə (pre-emptive strike) vurma hüququ” hərbi doktrinaya salınmalıdır. Bu düşmənə açıq mesaj olacaq ki, onun hər bir addımı izlənilir və o hərəkətə keçməmiş sərhədindən və çoğrafi məkanından asılı olmyaraq öncədən məhv ediləcək. İkincisi, bu cür yanaşma ilə Azərbaycan öz qətiyyətini və gücünü hər zaman nümayiş etdirəcək və ordumuzu həmişə sayıq saxlayacaq. Bu baxımdan belə bir maddənin doktrinaya salınması, digər tərəfdən ordunun kəşfiyyat sisteminin təkmilləşməsini və dövlətin digər kəşfiyyat xidmətləri ilə çevik koordinasiyasını tələb edəcək. Bu cür doktrina İsrail dövlətinin yaşamasını təmin edib. Əgər bu cür addımlar olmasaydı, İsrailin təhlükəsizliyi və gücü tam qeyri müəyyənlikdə qala bilərdi. Yeri gəlmişkən, əvvəlki iki sənəddə çox sayda təkrarlar və bir-birini örtən maddələr vardır. Bunlara heç bir ehtiyac yoxdur, əksinə bu sənədlər yığcam və məqsədləri əks etdirən məzmunlu ifadələrdən təşkil olunmalıdır..
İkincisi, Azərbaycanda hərbi və kəşfiyyat xarakterli araşdırma mərkəzlərinin qurulması və orada istefada olan analitik təfəkkürlü hərbçilərlə bərabər xaricdə hərbi və təhlükəsizlik sahəsində təhsil almış və ya tədqiqatalar aparmış mütəxəssilərin cəlb olunması zəruridir. Bütün bu işləri sadəcə ordu və təhlükəsizlik xidmətlərinin rəsmi strukturları apara bilməz. Bu cür mərkəzlər güc strukturlarının informasiya və düşüncə diapazonunu genişləndirər və daimi axtarışda saxlayar. Belə mərkəzlər ABŞ və İsraildə geniş yayılmışdır.
Xəbəri paylaş
Digər xəbərlər
1-08-2024, 21:07
Paris-2024: Azərbaycan olimpiadada ikinci qızıl medalı qazanıb
20-09-2021, 19:45
Azərbaycan və Türkiyə Naxçıvanda “Sarsılmaz qardaşlıq-2021” təlimlərinə başlayıb - VİDEO
13-01-2023, 11:17
ETSN: Xəzərdə ölü suitilərin aşkarlanması araşdrılır
5-07-2022, 23:46
Əfqanıstandan Özbəkistan ərazisinə 5 raket atılıb
19-12-2020, 15:10
COVID-19 müalicə paketi satışa çıxarıldı, TƏBİB açıqlama verdi
21-02-2022, 15:58
Donbasda müharibə gedir – Təcili
22-06-2022, 16:16
Azərbaycan Prezidentinin mətbuat katibi 35 il sonra əsgər yoldaşını Özbəkistanda tapdı
27-08-2021, 15:47
Böyük Britaniyada partlayış baş verib
28-02-2019, 14:24
Prezident Administrasiyasının şöbə müdiri Nikol Paşinyana cavab verib