Tarix: 01-09-2021 | Saat: 12:20
Bölmə:Karusel / Qarabağ | çapa göndər
Sabah qondarma rejimin nümayəndələri Qarabağda “müstəqilliklərinin 30 illiyi” ilə bağlı tədbir keçirməyi planlaşdırırlar. Hətta onlar təşkil edəcəkləri mərasimdə Ermənistan rəsmilərinin də iştirakını arzulayırlar. Belə ki, “DQR” parlamentinin spikeri adlandırılan Artur Tovmasyan bu məqsədlə İrəvana səfər edib və Ermənistan parlamentinin fraksiya rəhbərlərinə dəvət məktubunu çatdırıb.
Xatırladaq ki, Azərbaycan müharibədən sonra Ermənistanın rəsmi şəxslərinin Qarabağa səfərinə qadağa qoyub. Ona görə də hələ bir neçə ay əvvəl həmin vaxt xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyanın Xankəndiyə səfəri böyük səs-küyə səbəb olmuşdu.
Maraqlıdır, oxşar hadisə sabah da təkrarlanarsa, Azərbaycanın budəfəki reaksiyası nə olacaq?
Qarabaginfo.az xəbər verir ki, məsələni Yenisabah.az-a şərh edən tanınmış politoloq Fikrət Sadıxov hesab edir ki, Rusiya sülhməramlıları belə tədbirlərin keçirilməsinin qarşısını almaqda aciz qalmamalıdırlar:
“Müstəqilliyin” elan olunması teatr tamaşasıdır, gülünc doğuran bir hadisədir. Onlar başa düşməlidir ki, Ermənistan-Azərbaycan arasında müharibə olub və biz torpaqlarımızı azad etmişik, orada ermənilərin yaşaması sadəcə olaraq biz tərəfdən alicənablıq nümayiş etdirilməsinin nəticəsidir. Bildiyim qədərilə yüksək səviyyəli Ermənistan rəsmiləri Qarabağa gəlmək fikrində deyildilər. Lakin ola bilsin ki, kimsə gəlib tədbirdə iştirak edəcək. Biz isə buna qəti etirazımızı bildirməliyik, ilk növbədə diplomatik müstəvidə”.
Politoloq vurğulayıb ki, Azərbaycan həm Ermənistana ciddi şəkildə xəbərdarlıq etməlidir, həm də Rusiya tərəfinə etirazımızı qəti şəkildə bildirməlidir:
“Təbii ki, Rusiya sülhməramlıları o prosesdə iştirak edir. Ancaq hər kəsə məlumdur ki, Qarabağ rəsmi şəkildə Azərbaycanın torpağıdır. Rusiya da buna şübhə ilə yanaşmır, hətta etiraf edir. Ona görə də hazırkı şəraitdə ermənilərin “müstəqilliyi” qeyd etməsinə və ərazimizə Ermənistandan kiminsə gəlməsinə Moskva şərait yaratmamalıdır, çünki bu, Azərbaycanın maraqlarına qarşı bir zərbədir. Biz bunu belə qəbul etməliyik. Doğrudur, yeni müharibənin başlamasının tərəfdarı deyilik, amma hər halda bütün səviyyələrdə elə bir qəti və hücumedici mövqe nümayiş etdirməliyik ki, oraya gəlmək istəyənlər Azərbaycanın bu qəti mövqeyindən narahat olsunlar. Onun nəzərə alınması üçün bütün vasitələrdən istifadə olunmalıdır”.
Digər xəbərlər