Saytımızı qiymətləndirin


 
 

"Gözəllik salonlarında vaxt keçirən qadınlar mənə çatmır, böyük dananı yıxıb kəsə bilirəm"
Tarix: 29-08-2021 | Saat: 07:19
Bölmə:Karusel / Sosial | çapa göndər

“20 ilə yaxındır ki, dülgərlik sənəti ilə məşğulam. Atam müəllim olsa da kənddə bütün işləri bacarırdı, onun əlinə baxıb öyrənmişəm bu sənəti. Məktəbdən evə gələn kimi özümə stol-stul hazırlayırdım. Ümumiyyətlə bizim nəsildə bir çox qadınlar kişi işi ilə məşğuldurlar. İşim səhər saat 8-də başlayır, axşam saat 11-12-yə qədər davam edir. İcarəyə götürdüyüm sexdə çalışıram, bəzən istəyəndə gecələr də işləyirəm. Bir sözlə, işimdən doymuram, bu əllərim əziyyətə qatlaşıb”
 
Qarabaginfo.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında dülgər sənəti ilə məşğul olan xanım Şəhla İmanzadə deyib. O daha sonra əlavə edib.
“Qadın işini də bacarıram, kişi işini də. İşdən sonra gəlib öz evimdə də işləyirəm, yeməyimi hazırlayıram. İşdən yorulmuram, əksinə, zövq alıram. O kişi işi yoxdur ki, bacarmayım, hamısını bilirəm. Böyük dananı yerə yıxıb kəsə də bilirəm. Sırf qadın həyatı yaşaya bilmərəm. Bir an da olmayıb ki, işimdən bezib-usanım. Gecə 2 saat yuxu yatsam da mənə bəs edir, təki iş olsun, işləyim. Bəzən qadınlar və kişilər şikayət edirlər ki, iş yoxdur, iş tapmıram. İşləyən insan üçün hər yerdə iş var, onlar sadəcə zəhmətə qatlaşmağı sevmirlər. Gözəllik salonlarında, alış-verişdə vaxt keçirən qadınlar mənə çatmır, heç vaxt onların yaşayışına, həyatına qibtə etməmişəm. Bəzən sexin qarşısından kişilər keçəndə məni görüb təəcüblənirlər, daha sonra məni öz həyat yoldaşlarına göstərib deyirlər ki, gör necə kişi qeyrətli xanımdır, dülgər işləyir. Məni öz həyat yoldaşlarına misal çəkirlər. Bəzən başımda “kepka” görəndə mənə qardaş da deyiblər (gülür). Bu işi mən həm də bir çoxlarına öyrətmişəm, onlar da deyiblər ki, çox ağır sənətdir, necə işləyirsiz siz? Onlara deyirəm ki, mən tək dülgər deyiləm, ev də təmir edə bilirəm, elektrik işlərindən də başım çıxır. Qadınlar bütün işləri bacarmalıdır, çünki həyatın işini bilmək olmur, bir də görürsən ki, həyat yoldaşın harasa gedir, məcbur bütün işləri sən görməlisən. Atam da, qardaşım da, həyat yoldaşım da hər zaman mənə dəstək olublar. Həyata ikinci dəfə gəlsəydim yenə də kişi işini seçərdim” deyə Şəhla İmanzadə deyib.
Dülgər xanım daha sonra qadınlara şiddət göstərən kişilərdən danışıb.
 
“Bəzi kişilər öz səhvlərini qadınlarda görür. Halbuki günah özünündür. Başlayır qadınını döyməyə, ona şiddət göstərməyə. O kişilərin də bir çox işsizdirlər. Qadını ondan çörək pulu istəyəndə başlayır onu döyməyə. Yaxşı olar ki, onlar başlarını həyat yoldaşlarını döyməyə yox, işə qatsınlar. Qadınlarını döyənə qədər başlarını divara vursalar ondan yaxşıdır” deyə dülgər Şəhla bildirib.


Xəbəri paylaş

1376 dəfə oxunub.

Digər xəbərlər