Saytımızı qiymətləndirin


 
 

"Şahdəniz" konsorsiumu Türkiyəyə kommersiya məqsədli qaz nəqlinin başlandığını elan edib
Tarix: 02-07-2018 | Saat: 11:46
Bölmə:Karusel / Dünya / İqtisadiyyat | çapa göndər

 



sahdeniz konsorsiumu turkiyeye kommersiya meqsedli qaz neqlinin baslandigini elan edib

"Şahdəniz" konsorsiumu bu gün "Şahdəniz-2" layihəsi çərçivəsində Türkiyəyə kommersiya məqsədli qaz nəqlinin başlandığını elan edib.

 

"Qarabaginfo"nun "APA-Economics"ə istinadən məlumatına görə, "Şahdəniz-2" layihəsi qrafik və büdcəyə uyğun təhlükəsiz şəraitdə həyata keçirilir və Türkiyəyə qazın nəqli planlaşdırıldığı kimi 2018-ci il iyunun 30-da başlayıb.

 

"Şahdəniz-2" ilk dəfə Xəzər qazını Avropa bazarına çıxaracaq Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsidir. "Şahdəniz" yatağının işlənməsinin 2-ci mərhələsi çərçivəsində mövcud hasilata ildə 16 milyard kubmetr qaz əlavə olunacaq. Layihənin birinci mərhələsi ilə birlikdə "Şahdəniz"in ümumi hasilatı 26 milyard kubmetr qaz və 120 000 barel kondensat həcminə çatdırılacaq.

 

Azərbaycandakı "Şahdəniz-2" layihəsi çərçivəsində Xəzər dənizində ilk dəfə yatağın suyun altında işlənməsi reallaşdırılır və bu BP şirkətinin bu vaxtadək operatoru olduğu ən iri dəniz infrastrukturudur. Layihə "Şahdəniz" qazını Türkiyəyə daşıyan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsini də əhatə edir. 28 milyard ABŞ dolları həcmində sərmayə qoyulmuş layihənin ofşor strukturlarına 26 dəniz quyusu, 500 km sualtı boru kəməri və körpü ilə birləşdirilmiş iki platforma daxildir. Qaz quru ilə 85 km-lik boru kəməri vasitəsilə Bakı yaxınlığındakı Sanqaçal terminalına ötürülür. Terminalın imkanları yeni qaz həcmlərinin yerləşdirilməsi üçün genişləndirilib. Bununla bağlı Azərbaycanda  428 km, Gürcüstanda isə 59 km uzunluğunda yeni borular, habelə Gürcüstanda iki yeni kompressor stansiyası inşa edilib.

 

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağı bu vaxtadək BP-nin ən böyük qaz kəşfidir. Nəhəng yataq təxminən 860 kv. km sahəni əhatə edir. 1999-cu ildə kəşf olunmuş yataq təxminən 1 trilyon kubmetr həcmində qaz və 2 milyard barrel kondensat ehtiyatına malikdir. Şahdəniz yatağının işlənməsinin ilk mərhələsi 2006-cı ildə başlamışdır. Hazırda birinci mərhələ çərçivəsində ildə hasil olunan 10 milyard kubmetr qaz Azərbaycan, Gürcüstan və Türkiyənin təchizatına yönləndirilir.  Bu vaxtadək "Şahdəniz"dən ümumilikdə 91 milyard standart kubmetr qaz və 23 milyon ton kondensat hasil olunub.

 

   "Şahdən-2" çərçivəsində hasil olunacaq əlavə 16 milyard kubmetr qaz 3500 km-lik boru kəməri vasitəsilə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya nəql olunacaq. Cənub Qaz Dəhlizi Azərbaycan və Gürcüstan ərazisində genişləndirilmiş Cənubi Qafqaz Boru Kəmərini (SCPX) – Azərbaycanda 428 km üzrə 48 düymlük, Gürcüstanda 59 km üzrə 48 düymlük kəməri, Türkiyə ərazisində 1340 km üzrə 56 düymlük, 476 km üzrə 48 düymlük və 34 km üzrə 36 düymlük Trans-Anadolu boru kəmərini (TANAP) və iki kompressor stansiyasını, Yunanıstan, Albaniya və İtaliya ərazisində 878 km üzrə 48 düymlük Trans-Adriatik boru kəmərini (TAP) əhatə edir.



Xəbəri paylaş

653 dəfə oxunub.

Digər xəbərlər