Saytımızı qiymətləndirin


 
 

MEDİA 1 yaşında: “Sələfinin jurnalistlərin yaddaşında buraxdığı acı izləri...“
Tarix: 12-01-2022 | Saat: 14:36
Bölmə:Karusel / Gündəm | çapa göndər

MEDİA 1 yaşında: “Sələfinin jurnalistlərin yaddaşında buraxdığı acı izləri...“

 

Ötən ilin bu gün ölkə başçısının fərmanı əsasında media sahəsində islahatların dərinləşməsi məqsədilə Medianın İnkişafı Agentliyinin (MEDİA) fəaliyyətinə start verildi. Artıq bu gün MEDİA-nın yaranmasından 1il ötür.

Maraqlıdır, jurnalistlər MEDİA-nın 1 illik fəaliyyətini necə qiymətləndirirlər?

Qarabaginfo.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid qurumun bir illiyini qiymətləndirərkən qeyd edib ki, MEDİA-nın qarşısında çox böyük işlər durur:

“MEDİA bir ildə çox gərgin vəziyyətdə işlədi. Agentlik yaranmağa başlayanda onun əməkdaşlarına və rəhbər Əhməd İsmayılova qarşısında çox böyük işlər durduğunu bildirmişdim.

Əvvəla, Azərbaycan Prezidenti “Media haqqında” qanunun hazırlanmasını Agentliyə tapşırdı. Bu tapşırığın özü gərgin əmək tələb edirdi. Mən onların bu qanun layihəsi üzərində necə əmək sərf etdiklərini müşahidə edirdim. Nəticədə ictimaiyyət tərəfindən xeyli müzakirələrdən sonra qanun qəbul olundu.

Eyni zamanda, bu bir il ərzində MEDİA tərəfindən ADA univeristeti ilə birgə keçirilən təlimlər jurnalistlər, redaktorlar, mətbuat xidmətlərinin rəhbərləri üçün müasir medianın problemlərini öyrənmək istiqamətindən çox əhəmiyyətli oldu. Azərbaycan jurnalistləri üçün ard-arda keçirilən treninqərin medianın inkişafında böyük rolu oldu.

MEDİA tərəfindən jurnalistlər arasında keçirilən müsabiqənin də əhatə dairəsi böyüdü və bütün jurnalistləri əhatə etdi. Bunların hamısı müsbət hadisələrdir və gərgin əmək tələb edir.

MEDİA-nın qarşısında çox işlər durur. Bilirik ki, Azərbaycanda reklam bazarı çox zəifdi, medianın iqtisadi durumu ağırdı. Bu mənada dövlət MEDİA vasitəsi ilə mətbuatın yaşaması üçün vəsaitlər ayırıb. MEDİA-nın reklam bazarının genişlənməsi ilə bağlı təkliflər hazırlaması, mətbuata daha çox reklam cəlb etmək, iqtisadi bazasını qüvvətləndirmək qarşıda duran məqsədlərdəndir. Bu işlərdə Agentlik rəhbərliyinə və bütün işçilərinə uğurlar arzulayıram”.

Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə Modern.az-a deyib ki, MEDİA sələfinin jurnalistlərin yaddaşında buraxdığı acı izləri tamamilə siləcək:

“MEDİA-nın fəaliyyətini təqdir edirəm. Mənə elə gəlir ki, Agentlik mövcud imkanlar daxilində qarşıya qoyulan vəzifələri maksimum yerinə yetirməyə çalışıb. Saytlar və qəzetlər üçün müsabiqələrin təşkil olunması, konkret maliyyə yardımının göstərilməsi, üstəlik, bu zaman obyektivliyi maksimum təmin etmək alqışlanmalıdır.

Agentlik media subyektləri arasında fərq qoymur, hamıya eyni gözlə baxır, tərəfsizliyini qoruya bilir. KİVDF-dən fərqli olaraq, indi "seçilmişlər" yoxdur, ədalətli yanaşma nəticəsində böyük bir spektr əhatə olunub. Jurnalistlər üçün təlimlərin keçirilməsi bu sahədə peşəkarlığın artmasına töhfə verir.

MEDİA-nın təqdir etdiyim işlərindən biri də işğaldan azad olunmuş ərazilərə, xüsusilə Şuşa şəhərinə ardıcıl səfərlər təşkil etməsidir. MEDİA-nın sayəsində jurnalistlərin gözüylə Azərbaycan xalqı Qarabağı yenidən görür.

Əminəm ki, bu fəaliyyət növbəti ildə də davam edəcək. MEDİA-nın sayəsində KİV-lərin maddi-texniki bazası xeyli güclənib. Əvvəlki illərdən fərqli olaraq indi jurnalistlər çalışdıqları redaksiyalara müvəqqəti iş yeri kimi baxmırlar”.



Xəbəri paylaş

278 dəfə oxunub.

Digər xəbərlər