Tarix: 16-08-2021 | Saat: 09:18
Bölmə:Karusel / Dünya | çapa göndər
Əgər kimsə “Onlar birinci idilər” məşhur Sovet filmini təkrar çəkmək qərarına gəlsəydi, nəticədə böyük ehtimalla İsraildəki COVID-19 pandemiyası haqqında fəlakət filmi alınardı …
Taleyin qəribə ironiyası ilə İsrail hamıdan əvvəl koronavirus dalğasını qəbul edib, ilk olaraq total karantin tətbiq edib və əhalinin kütləvi vaksinasiyasına başlayıb. Ancaq bu, o deməkdirmi ki, İsrail həkimlərinin “korona” ilə mübarizədə təcrübəsi əcnəbi həmkarlarından çoxdur?
İsrail yeni döyüşdə naməlum xəstəliyə məğlub olur
4 milyondan çox insanın həyatını itirdiyi sirli virusla sonu görünməyən mübarizədə, təəssüf, heç kəs müvəffəqiyyətə nail olmayıb! Ürək ağrısı ilə təsdiqləməliyik ki, digər ölkələrin səhiyyə sistemi kimi, İsrail təbabəti də koronavirusla empirik üsulla - sınaq və səhv metoduyla savaşır və XXI əsrin əsas çağırışına sistemli cavab tapmağa çalışır.
Bəlkə də, COVID-19-un yeni ştammlarının xaotik yaranması baş verməsəydi (2020-ci ilin yanvarında Böyük Britaniyada «Alfa» ştammı, 2020-ci ildə CAR-da «Beta» ştammı, 2021-ci ildə Yaponiyada «Qamma» ştammı, 2020-ci ildə Hindistanda «Delta» ştammı, 2020-ci ildə Peruda «Lyambda» ştammı), bu yol qısa və uğurlu olardı. Bu ştammların hər birinə qarşı mübarizə əslində COVID-19-la qarşıdurmada əvvəlki təcrübənin effektini itirdiyi, yeni həll üsullarının tələb olunduğu növbəti mərhələdir.
Nəticədə dünya təbabətinin pandemiyaya qarşı iyirmi ay ərzində işləyib hazırladığı praktika ölkə əhalisinin minimum 70 faizinin peyvəndlənməsi zəruriyyəti və özünütəcrid tələblərinə - maska taxmağa, şəxsi gigiyena qaydalarına, insanların kütləvi toplaşmasına qadağaya şərtsiz əməl olunmasına gətirib çıxardı …
Əgər bu təcrübən heç olmasa qismən əhalinin COVID-19-dan qorunmasının qarantı olsaydı, vətəndaşlarının 60 faizindən çoxunun peyvənd olunduğu, əksəriyyətin isə Səhiyyə nazirliyinin tələblərini ( qaydaların pozulmasına görə cərimənin məbləği 3 min dollara qədər arta bilər) dəqiqliklə yerinə yetirdiyi İsrail bu gün pandemiya okeanında “yaşıl” adaya çevrilməliydi. Əslində isə İsraildə artıq pandemiyanın son 18 ayda dördüncü (!!) dalğasıdır, pandemiya dalğaları qorxulu artım dinamikası göstərir - hər gün 6 min yeni yoluxma sayı!
Aydındır ki, belə vəziyyətdə cəmiyyətdə təbabətin imkanlarına olan skepsis böyüyür, üstəlik əndişə (bəziləri üçün - ümid) artır ki, yeni dərs ili və sentyabrdakı dini bayramlar ərəfəsində Nazirlər kabineti lokdaun elan edərək ölkəyə giriş-çıxışı qapadacaq, biznesi bağlayacaq və yüz minlərlə insanı işsizlik müavinəti verərək istirahətə yollayacaq.
Bennett əsas məqamı unutdu - xalqa həqiqəti söyləmək olmaz
Ədalət xatirinə söyləyim ki, keçmiş baş nazir Binyamin Netanyahunun tətbiq etdiyi son lokdaun pandemiya üzərində tam qələbəni təmin etmişdi və hazırda Netanyahu bu faktı Bennet/Lapid hökumətinin bacarıqsızlığının əyani sübutu kimi misal çəkir.
Elə bu səbəbdən jurnalistlər mövcud epidemioloji situasiyada gələcəyi çox problematik görünən indiki baş nazirin rəsmi bəyanatını böyük səbirsizliklə gözləyirdilər.
Ancaq son vaxtlar mətbuatla birbaşa ünsiyyətdən qaçaraq Donald Tramp sayağı xalqla ünsiyyətdə sosial şəbəkələrə üstünlük verən Bennet şənbə sonunda geniş statusla çıxış etdi - zənnimcə, onun məzmununu COVID-19-un psixoloji təzyiqi altında yaşamağa məcbur qalan dövlət və hökumət başçıları ətraflı öyrənəcəklər. Bennetin əsas tezisi - İsrail heç bir halda lokdaun tətbiq etməyəcək, çünki bu tədbir ölkənin iqtisadiyyatını və təhsil sistemini dağıdır.
«Karantin siyasətinin özünəməxsus dəhşətli qiyməti var, - İsrailin baş naziri qeyd edir. - Biz bir tərəfdən yoluxma və ölüm səviyyəsini azaltmağa çalışırıq. Ancaq digər mülahizələr də var - vətəndaşların maddi rifahı, övladlarımızın təhsili və ölkənin gələcək iqtisadiyyatının qayğısına qalmaq. Yol qəzalarında həlak olan insanları yada salın. Biz yol hərəkətini sadəcə ləğv etməklə qəzalarda ölüm hallarını sıfıra endirə bilərik. Ancaq hamımız anlayırıq ki, bu, qeyri-mümkündür …»
Gözlənildiyi kimi, Bennet öz sələfinin uğurlarını ciddi strateji səhv kimi təqdim edir və bunu konkret faktlarla əsaslandırır: «Netanyahu hökumətinin elan etdiyi üç lokdaun 200 milyard şekelə (təxminən 63 milyard ABŞ dolları - V.K.) başa gəldi, - Bennet yazır. - Bu, bizim, övladlarımızın və nəvələrimizin puludur. Həmin lokdaunların qiyməti - hər bir İsrail ailəsinin borcu yüksələrər 105 min şekelə çatıb. Əgər biz karantin siyasətini və iqtisadiyyat üçün dağıdıcı olan məhdudlaşmaları davam etdirsək, bankrot olacağıq…»
Benyamin Netanyahu
Bennet İsrailin öz vətəndaşlarına peyvəndin üçüncü dozasını təklif edən yeganə ölkə olduğunu qeyd etməklə həmvətənlərini bu imkandan yararlanmağa çağırır, atılan addımlara görə bütün məsuliyyəti öz üzərinə götürəcəyini bildirir və səmimi etirafda bulunur:
«Sonra nə olacaq? Bu, nə ilə bitəcək? Bilmirəm! Bizim gələcəyimiz dumanla örtülüb. Və mən epidemiyanın bitəcəyi tarixi söyləyə bilmərəm. İrəlidə çətin günlər var. Ancaq mən inanıram: hərəkət planına əməl etsək, israillilər peyvənd olunsa, maska taxsa, qarşılıqlı həmrəylik göstərsə, biz qalib gələcəyik!..»
Məlum olduğu kimi, ortodoksal iudaizmdə həyatın müqəddəsliyi - təftişə və şərhə məruz qalmayan son instansiyada həqiqətdir. Bir İsrail əsgərinin əli qanlı 1400 terrorçuya dəyişdirilməsi faktını xatırlamaq yetərlidir ki, anlayaq - bu, sadəcə dini ehkam deyil, cəmiyyətin düşüncə tərzidir.
Baş nazir Naftali Bennet anlayırmı ki, İsraildə lokdaunun tətbiqindən imtina etməklə onlarla, bəlkə də yüzlərlə həmvətəninin həyatını riskə atır? Əlbəttə, anlayır! Bununla belə, Bennet həyatın müqəddəsliyi prinsipini rəhbər tutaraq koronavirusdan ölümün müəyyən səviyyəsinin yolverilən olduğunu təsdiqləməyə məcburdur.
İki ziyandan az olanını seçir.
Bennetin yazdıqları müxalifətin qızğın reaksiyasına səbəb olub. Müxalifət baş naziri mərhəmət hissinin yoxluğunda və insan həyatının dəyərinə etinasızlıqda ittiham edir. İsrail mətbuatı isə baş nazirin statusunu doğru, məsuliyyətli və məntiqəuyğun adlandıraraq müsbət qarşılayıb.
Bennetin yeganə səhvi yaddaşla bağlıdır: İsrailin baş naziri unudub ki, cəmiyyət siyasətçinin dilindən həqiqəti eşitməyə öyrəşməyib …
Müəllif: Valeri Kantor
virtualaz.org
Digər xəbərlər