Tarix: 12-08-2021 | Saat: 12:52
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Ötən gün Azərbaycan XİN-i İranın Bakıdakı səfirinə etiraz notası təqdim edib. Səbəb Azərbaycanın dünya birliyi, o cümlədən İran tərəfindən də tanınan ərazisi – Qarabağa bu ölkənin avtomobillərinin qanunsuz gediş-gəlişidir".
Qarabaginfo.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elnur Allahverdiyev bildirib. Onun fikrincə, xarici siyasət idarəsinin belə bir nota ilə çıxış etməsi vəziyyətin həqiqətən də ciddi olduğunun göstəricisidir. “Ötən il Vətən müharibəsi günlərində İran ərazisindən Ermənistana silahla dolu avtomobillərin keçməsini sübut edən videokadrlar yayılmışdı. Yəni bu, danılmaz fakt idi. Hətta İranda yaşayan həmyerlilərimiz buna etiraz edərək aksiyalar da keçirmişdilər. O vaxt biz ikitərəfli münasibətlərimizə xələl gətirməmək məqsədilə yumşaq tərzdə narazılığımızı bildirdik və Ermənistana gedən bu silah karvanı dayandı. Belə görünür ki, İran tərəfində dostluq münasibətlərimizə xor baxan qüvvələr var. Yoxsa Azərbaycan ərazisinə qanunsuz şəkildə İran yük avtomobillərinin gedib-gəlməsini başqa cür izah etmək mümkün deyil”,– deyə XİN-in notasını şərh edən millət vəkili bildirib.
E.Allahverdiyevin sözlərinə görə, Prezident İlham Əliyev 44 günlük müharibənin bitməsindən sonra etdiyi çıxışlarda və bəyanatlarında bir neçə dəfə diplomatik tərzdə bu kimi məqamlara toxunub. Dövlət başçısı dəfələrlə bildirib ki, əlimizdə olan həm müasir texniki vasitələrlə, həm də Laçından keçən yola nəzarət hesabına Qarabağa, Xankəndiyə doğru üçüncü ölkələrin avtomobillərinin getdiyini bilirik: “Bu maşınlara hətta müvəqqəti olaraq məxsus olduqları ölkənin verdiyi dövlət nömrə nişanlarının üstündən Ermənistanın nömrələri bərkidilir. Yəni guya ki, biz aldanıb bu avtomobillərin Ermənistana məxsusluğunu düşünəcəyik. Təbii ki, biz avam deyilik və belə hərəkətlər bizə primitiv təsir bağışlayır”.
Millət vəkili deyib ki, ötən il Vətən müharibəsi zamanı bu məsələ parlamentdə də qaldırılıb. “O vaxt biz bildirdik ki, bu kimi hərəkətlər tarixə əsaslanan ikitərəfli dostluq münasibətləri və islam həmrəyliyi prinsiplərinə uyğun gəlmir. İran bir tərəfdən Qarabağı islam torpağı hesab edir, digər tərəfdən də bu ölkənin maşınları müsəlman azərbaycanlıları qətl edənlərə yük daşıyır. Burada heç bir məntiq yoxdur, nə dini, nə tarixi, nə də reallıq nöqteyi-nəzərdən”,– deyə deputat təəccüblənir. Onun fikrincə, həmin yük maşınlarının Xankəndidəki separatçılara nə daşıdıqları da şübhə mövzusudur. “Kim təminat verir ki, İran maşınlarında 44 günlük müharibə zamanı olduğu kimi silah daşınmır? Keçən il İran ərazisindən Ermənistana silah daşındığının şahidi olmuşuq. Hazırda şəxsən məndə bu yük maşınlarında İrandan Qarabağdakı separatçılara hansı məhsulların aparılmasına dərin şübhə var. Yəni keçən il İranın din qardaşları ilə müharibə edən ermənilərə silah karvanı gedirdi, indi qida məhsulları? Nəzərə alsaq ki, Rusiya sülhməramlıları Ermənistandan Qarabağa gedən Laçın yolunda simvolik müşahidə ilə məşğuldurlar, məncə, belə şübhələrin yaranmasına ciddi əsaslar var”, – deyə E.Allahverdiyev bildirib.
Digər xəbərlər