Tarix: 20-07-2021 | Saat: 16:19
Bölmə:Karusel / Qarabağ | çapa göndər
“Hadisələr zəncirvari formada davam edir. Əvvəlcə Ermənistan tərəfinin atəşkəsi pozması, Naxçıvanı, Şuşanı, Kəlbəcəri atəşə tutması ocağa benzin tökdü. Sonra Ermənistan Baş Naziri Nikol Paşinyan ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasındakı danışıqlar, daha sonra Şarl Mişelin Azərbaycana səfər edərək Prezident İlham Əliyevlə görüşməsi proseslərin planlı şəkildə getməyini göstərir”.
Qarabaginfo.az xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında siyasi ekspert Elman Vəliyev deyib. Onun sözlərinə görə, atəşkəsin pozulması Qərbə də sərf edir:
“Bu səbəbdən Şarl Mişel bölgəyə səfər edərək tərəflər arasında münasibətləri nizamlamaq işini aparmaq üçün vasitəçi olmağa çalışır. İstəmirlər ki, bölgədən təcrid olunsunlar, təkcə Rusiya və digərləri yer alsın. Buna görə münaqişə tərəflərinin hər ikisi ilə dil tapmağa cəhd edirlər. Ya Azərbaycan, ya da Ermənistan hansısa biri soyuq münasibət bəsləsə bu Aİ üçün çətinlik yaradar.
Yəni hər iki tərəf razı qalsın, görsünlər ki, Avropa İttifaqı tərəfsiz olaraq sülhü bərqərar etməyə səy göstərir. Onun üçün Ermənistana 2.6 milyard dollar yardım ayıracaq, bu yardım bir başa deyil, müəyyən nəzarət, hesabat əsasında olacaq”.
Ekspert əlavə edib ki, iyulun 20-sində Azərbaycan prezidenti İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinlə görüşü gözlənilir:
“Zəncir halqaları buraya qədər planlı şəkildə gəldi. İndi Prezidentlərin görüşü başlayır. Görüşdən əvvəl bir-iki məqam mühüm yerə malikdir. Prezident İlham Əliyevin sərt çıxışı və sonra Azərbaycan müdafiə naziri Zakir Həsənovun ehtimal olunan təxribatların qarşısının alınması üçün göstərişlər verməsi hadisələrin kuliminasiya nöqtəsidir. Moskva görüşündə 10 Noyabr, 11 Yanvar bəyanatları yenidən gözdən keçiriləcək. Rusiya da narahatdır ki, qərb bölgədə üstünlük əldə etməyə çalışır və tərəflər arasındakı gərginlikləri yatırmağı öz üzərinə götüməyə səy göstərir. Bölgədə sülhü qoruyan axı Rusiyadır. Qərb bu missiyanı öz üzərinə götürsə, hələ uğurlu alınsa Rusiyanın planlarını alt-üst oluna bilər”.
Vəliyev bildirib ki, Zəngəzur dəhlizi də bu müzakirələrdə əsas yer alacaq:
“Zəngəzur Ermənistan ərazisi deyil, Azərbaycan torpağıdır. Zəngəzurun qərbini vaxtı ilə qanunsuz formada Ermənistana veriblər. Ermənistan tərəfi KTMT-yə, Rusiyaya müraciət edəndə bildirdilər ki, hazırki ziddiyyətlər Qarabağda getmir, nə də ki, Ermənistan ərazilərinə hücum olunmayıb. Bundan sonra Paşinyan Fransaya üz tutmağa başladı və bu da digər himayədarları narahat elədi.
Ermənistan ona verilən şansları düzgün dəyərləndirə bilmir. Azərbaycan tərəfini güc tətbiq etməyə təhrik edir. Moskva görüşündən sonra bölgədə irəliləyişlər görə bilərik. Yəni bu irəliləyişlər Azərbaycanın leyhinə olacaq”.
Digər xəbərlər