Saytımızı qiymətləndirin


 
 

Ermənistan Rusiya və KTMT-ni təxribata çəkir - ŞƏRH
Tarix: 29-07-2021 | Saat: 16:52
Bölmə:Karusel / Region | çapa göndər

 

Ermənistan Rusiya və KTMT-ni təxribata çəkir - ŞƏRH

Ermənistanın alayarımçıq ordusunun Azərbaycanla dövlət sərhədində təxribatı davam edir. Rəsmi İrəvan bu vəziyyətdən istifadə edərək yeni hiylələrə əl atır.

İyulun 29-da Ermənistan hökumətinin iclasında Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan bildirib: “Ermənistan-Azərbaycan sərhədində vəziyyət sabitləşmir". O, Ermənistan-Azərbaycan sərhədi boyunca KTMT müşahidəçilərinin yerləşdirilməsini və Rusiya sərhəd məntəqələrini yaratmağı təklif edib. Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov cavabında bildirib ki, bu təklif siyasi xarakter daşıyır: “Bu cür təhlükəsizlik məsələləri adətən sakitlikdə həll edilir. Mətbuatın iştirak etdiyi açıq meydançalarda bu cür bəyanatlar siyasi xal qazanmaq, hökumətdə, parlamentdə və ya hər hansı digər səviyyədə təsdiq olunmaq üçün edilir”.

Əslində, 2020-ci il noyabrın 10-da imzalanan bəyanatın tələblərindən yayınmağa çalışan Ermənistan hakimiyyəti Nikol Paşinyan başda olmaqla bu davranışı ilə həm də Rusiya və KTMT-ni təxribata çəkir. Rusiya ilə Azərbaycan arasında gərginlik ocağı yaratmağa cəhd göstərir. Başqa sözlə, Azərbaycan ərazisindəki Rusiya sülhməramlı hərbçiləri ilə sərhədə yerləşdirilməsini təklif etdiyi RF sərhədçilərinin birləşməsini, habelə onları Azərbaycana qarşı qoymağa çalışır. Ona görə də ehtimal etmək olar ki, bu yolla Azərbaycanın qərb sərhədlərində və daxilində gərginlik yaratmağı planlaşdırır.

Dmitri Peskov iyulun 29-da jurnalistlərin bu məsələ ilə bağlı suallarını cavablandırmayıb. Ona görə də belə ehtimal etmək olar ki, Nikol Paşinyan irəli sürdüyü təklifləri Moskva ilə razılaşdırmayıb. Yaxud Rusiya onun bu iddialarını müsbət qarşılamayıb.

Onda Nikol Paşinyan belə bir məsələni niyə açıq şəkildə ictimaiyyətin diqqətinə çatdırır? Qeyd edək ki, Paşinyan müxalifətdə olduğu illərdə Rusiyanın təşəbbüsü ilə yaranan təşkilatlara Ermənistanın üzv olmasına qarşı çıxıb. Elə 2018-ci ilin aprelində baş verən hakimiyyət dəyişikliklərindən sonra KTMT-nin Baş katibi Yuri Xaçaturovun həbs edilməsi də bunu göstərirdi. Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasına qarşı etiraz aksiyaları da həmin vaxtlarda reallaşıb.

Beləliklə, bu və bu kimi faktlar Nikol Paşinyanın və havadarlarının Rusiyaya, onun patronluq etdiyi KTMT-yə qarşı aksiya hazırladığını ehtimal etməyə əsas verir. Nikol Paşinyan Ermənistanda ictimai rəyi Rusiyaya, KTMT-yə üzvlükdən çıxmağa hazırlayır. Başqa sözlə, o, erməni cəmiyyətinə “Rusiya və KTMT bizi Azərbaycandan qorumur” ismarışını verməyə çalışır. Ona görə də məlum bəyanatdakı öhdəliklərə əməl etmir. Nikol Paşinyan bu yolla öz aləmində Rusiyaya təzyiq edir.(Report)



Xəbəri paylaş

1326 dəfə oxunub.

Digər xəbərlər