Tarix: 20-07-2021 | Saat: 17:38
Bölmə:Karusel / Siyasət | çapa göndər
Bu gün Ermənistan KİV məlumat yayıb ki, Silahlı Qüvvələrinin baş qərargah rəisi Artak Davtyan ilə birinci müavini Arşak Karapetyan bir-birinə stul və külqabı atıblar. Məlumata görə, şənbə günü Artak Davtyanın kabinetində onunla birinci müavini arasına mübahisə baş verib və mübahisə söyüşlərə, stul və külqabıların havada uçuşmasına qədər böyüyüb.
Artak Davtyan Ermənistanda silahlı qüvvələrin sabiq rəhbərliyinin baş naziri istefaya çağırmasından sonra, Nikol Paşinyanın namizədi olaraq vəzifəyə gəlib.
Həmçinin, bu gün başqa bir məlumat da yayılıb. Rusiya və Ermənistan baş qərargahları arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb. Bu sənədin 5 gün davam edən danışıqların nəticəsi olaraq imzalandığı qeyd olunur.
Bu və digər məlumatları təhlil edərkən, həmçinin bundan əvvəl Ermənistan ordusunun dövlət çevrilişinə cəhd etməsini də yada salsaq, hazırda Ermənistan silahlı qüvvələrindəki vəziyyəti necə dəyərləndirmək olar? İkitirəlik, ayrı-ayrı qruplara bölünmə həqiqətən mövcuddurmu? Və Ermənistan ordusunun Rusiya ilə əməkdaşlığın yenidən gücləndirilməsi nə kimi gözləntilər vəd edir?
Məsələ ilə bağlı Bizimyol.info saytına danışan hərbi ekspert Tərlan Eyvazov bildirib ki, Davtyan və Karapetyan arasında əlbəyaxa olması barədə məlumatı şərh edə bilməz:
“Hər halda bunun ya dezinformasiya, ya da şişirdilmiş bir məlumat olduğunu düşünürəm. Ermənistan ordusunda ikitirəlik olduğu fikri ilə də razılaşmıram. Bəli, ayrı-ayrı zamanlarda hər hansı cəhdlərin, xüsusilə də dövlət çevrilişi cəhdlərinin şahidi olduq. Lakin indi Paşinyanın “əli” çox güclüdür və ciddi olaraq hər hansı qarşıdurma baş verəcəyini istisna edirəm”.
O qeyd edib ki, Rusiyanın da dəstəklədiyi Robert Köçəryan və tərəfdarları Paşinyanı seçki yolu ilə də devirə bilməyiblər:
“Rusiyanın bundan sonra hərbi çevrilişə, sərt tədbirlərə gedəcəyini düşünmürəm. Əksinə, bundan sonra Rusiya Ermənistanı öz nəzarətində saxlaya bilmək üçün, hərbi əməkdaşlıq məsələlərinə önəm verəcək. Bundan əvvəl Ermənistan 25-30 il Rusiyadan pulsuz silah alıb. Bundan sonra da belə davam edəcəyini istisna etmirəm. Hazırda Avropa İttifaqı Ermənistana tranş ayırmaqdadır. Bu günlərdə 2,6 milyard avro ayırıldı, daha 3 milyard avro tranşın da ayrılması gözlənilir. Doğrudur, bu tranşlar iqtisadi islahatlar üçündür, lakin Ermənistan hökuməti paralel olaraq orduya ayrılan vəsaiti də artıracaq”.
Ekspertin sözlərinə görə, Ermənistan ordusunun özünü bərpa etməsi xeyli vaxt aparacaq.
“Bunun neçə il olacağını deyə bilmərəm. Ola bilər ki, qısa müddətdə müasir silahlarla təchiz olunsunlar. Lakin Ermənistanın hazırda orduda olan ən böyük problemi kadr problemidir. Onların ciddi kadr çatışmazlığı var, bu çatışmazlığı doldurmaq üçün, illərlə hazırlaşmaq, yeni zabit heyəti yetişdirmək lazım gələcək”,
Digər xəbərlər