Saytımızı qiymətləndirin


 
 

Rusiyanı çökməyə qoymayan 400 milyard dollar - Kreml buna güvənir? - MÜSAHİBƏ
Tarix: 13-07-2021 | Saat: 16:15
Bölmə:Karusel / Müsahibə | çapa göndər

 

Rusiyanı çökməyə qoymayan 400 milyard dollar - Kreml buna güvənir? - MÜSAHİBƏ

“Qərb ölkələri Rusiyada iqtisadi böhranın yaranmasına cəhd göstərir”.

Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurası Katibinin köməkçisi Aleksander Abelin deyib.

Onun sözlərinə görə, bu cəhdlərin qarşısını almağa yönəlmiş tədbirlərin hazırlanması xüsusi diqqət tələb edir.

Yenilənmiş milli təhlükəsizlik strategiyasına görə, Rusiya xarici investisiyalara nəzarəti gücləndirəcək.

Cebhe.info əməkdaşı məsələylə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli ilə söhbətləşib.

Qarabaginfo.az müsahibəni təqdim edir:

Natiq bəy, Rusiya Qərbi ölkədə iqtisadi böhranın yaranmasına cəhddə günahlandırıb. Bu cəhdlər nədən ibarət ola bilər? Söhbət qərb ölkələrinin Rusiya üzərinə qoyduğu sanksiyalardan gedir, yoxsa?

- Qərbdən gələn məhdudiyyətlər 2014-cü ildən bəri sanksiya rejimində yaşayan Rusiyada iqtisadiyyatın daha ağır duruma düşməsinə hesablanmış addımlardır. Elə tək 7 ildə rus rublu təqribən iki dəfəyə yaxın dəyər itirib. Ümumdaxili məhsulun həcminə, makroiqtisadi göstəricilərə görə, kifayət qədər zəifləmələr var. Amma açığını deyək ki, sanksiyalara baxmayaraq, Rusiya 2018-ci ildən sonra bəzi məhsulların yerli istehsalını təşkil edərək yenidən iqtisadi canlanmaya nail ola bilib. Eyni zamanda, Rusiya iqtisadiyyatı daha çox neft-qaz qiymətlərindən aslı olduğundan və son illərdə bu sahədə qiymət artımı müşahidə edildiyindən Qərb ölkədə dərin iqtisadi böhranın yaranması məqsədinə çata bilmədi. Amma Rusiya iqtisadiyyatının da çox zəif nöqtələrinin olduğu bildirilir. Yəqin ölkə rəsmiləri də onu nəzərdə tuturlar ki, indi dünyada yeni texnologiyalara keçid baş verdiyindən, Rusiya bu sahədə geri qala və gələcəkdə ciddi iqtisadi böhranla qarşılaşa bilər.

Belə çıxır ki, Rusiya sanksiyaların öhdəsindən rahatlıqla gələ bilib?

- Rahatlıqla deməzdim, amma vəziyyətdən gözləniləndən daha yaxşı çıxdı. Daxildə ərzaq istehsalını genişləndirdi. Bu da ölkə iqtisadiyyatında müsbət dinamikaya yol açdı. Nə qədər qəribə səslənsə də, bir tərəfdən sanksiyalar Rusiyaya kömək də edib. Çıxılmaz vəziyyətdə olan Rusiya 2014-cü ilə qədər inkişafına çalışmadığı sahələri inkişaf etdirməyə başlayıb. Dövlət aqrar sektora investisiyalar yatırıb. Əsas səbəblərdən biri də budur ki, Rusiyanın aslı olduğu enerji sektoruna sanksiya tətbiq olunmayıb. Hətta Rusiya Amerikaya ən çox neft satan ikinci ölkədir. Keçən il bir neçə ay neft-qaz qiymətlərində geriləmə olsa da, yenidən qiymət artdı. İndi neftin qiyməti 75 dollar civarındadır, Rusiya qazı isə Avropada 350-400 dollara satılır. Bu səbəbdən ölkənin valyuta gəlirləri azalmadı, əksinə, artmaqda davam etdi.

Rusiyanın yenilənmiş milli təhlükəsizlik strategiyasında o da qeyd olunub ki, xarici investisiyalara nəzarəti gücləndirəcək. Xarici investisiyaların Rusiya iqtisadiyyatına nə kimi təhlükəsi ola bilər?

- Əslində bu məsələ Rusiyada son günlərin ciddi müzakirə mövzusudur. Orada kifayət qədər xarici kapital var. Belə ki, Rusiya 90-cı illərdə bazar institutlarını yarada bildi. Ölkədə birja fəaliyyət göstərir, kənd bazarı var, eləcə də rublun qiyməti üzən məzənnə rejimindədir. Sadəcə Rusiya hökumətinin daha “şahin” qanadı Qərblə münasibətləri kəskinləşdirməkdə maraqlıdır. Bu qanad düşünür ki, xarici sərmayələr gələcəkdə ölkənin daxili işlərinə qarışmaq üçün bir alətə çevrilə bilər. Bu səbəblə də xarici investisiyalara daha ehtiyatla yanaşmağı tövsiyə edirlər. Buna baxmayaraq, Rusiyada ən azı 400 milyard dollarlıq xarici investisiya mövcuddur. Bu da Rusiya ilə Qərb sərmayədarları arasındakı münasibətlərin tamamilə qopmamasına səbəb olan əsas vasitəyə çevrilib. Lakin “şahin” qanadın əsas səhvi ondan ibarətdir ki, onlar Qərb investisiyalarına qarşı çıxmaqla ölkədə Çin investisiyalarının artmasına şərait yaradırlar. Ölkə Çinin təsiri altına düşməyə başlayır. Görünür, hələ Çindən hər hansı bir təhlükənin gələcəyini düşünmürlər. Fikrimcə, burada uzunvədəli strateji səhvə yol verilir.

Rusiya Prezidenti Vladimir Putin yenilənmiş strategiyanı öz Fərmanı ilə təsdiq edib. Belə çıxır ki, Rusiya hökuməti özü də Qərb investisiyalarının azaldılmasında maraqlıdır?

- 17 sentyabrda Rusiyada çox vacib Duma seçkiləri olacaq. Putin bu addımla seçkiöncəsi milli vətənpərvərlik ətrafında öz elektoratını birləşdirməyə çalışır. Rusiya cəmiyyətinin Putinə dəstəyi o vaxt artır ki, Kreml “xaricdən təhlükə var” təbliğatını aparır. İndi həmin dövrü yaşayırıq. Hakimiyyət “Qərbdən təhlükə var, hakimiyyət ətrafında daha sıx birləşin” mesajını verməyə çalışır. İnvestisiyalarla bağlı məsələ də sadə rus vətəndaşına hesablanıb. Sadə vətəndaşlara “Qərb kapitalizmi illərdir Rusiyanın resurslarını sömürür” mesajı verilir.

 



Xəbəri paylaş

1335 dəfə oxunub.

Digər xəbərlər