Tarix: 18-06-2021 | Saat: 12:40
Bölmə:Karusel / Region | çapa göndər
Ermənistanın Baş naziri vəzifəsinin icra edən Nikol Paşinyan seçkiqabağı çıxışları ilə opponentlərini hiddətləndirməyə davam edir. Onun Qarabağla bağlı bu dəfəki açıqlaması müxalif qüvvələr arasında böyük səs-küyə səbəb olub. Baş nazir Qarabağın müstəqilliyini tanımağın mümkünsüz olmasından söz açıb. Əsas olaraq isə bunun yenidən müharibəyə gətirib çıxaracağını göstərib.
“Bizi qınayırdılar ki, mənim dediyim “Artsax Ermənistandır” ifadəsi müharibəyə təhrik edib. Amma indi həmin adamlar niyə “Arsax”ı tanımadığımızı soruşurlar. Əgər o cümlə müharibəyə gətirib çıxarmışdısa, “Arsax”ın tanınması da yenidən müharibəyə səbəb olmayacaq? Onlar bu gün də tanınma məsələsini təkrarlamağa davam edirlər. Hesab edirəm ki, bu mövqe müharibəyə gətirib çıxaracaq”, - deyə Nikol Paşinyan bildirib.
Qarabaginfo.az xəbər verir ki, məsələni Yenisabah.az-a şərh edən Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov qeyd edib ki, Paşinyanın Qarabağın “müstəqil”liyi ilə bağlı səsləndirdiyi fikir onun reallığı qəbul etdiyini göstərir:
“Parlament seçkilərinin başlamasına iki gün qalıb və bu gün gecədən etibarən seçkiqabağı bir günlük səssizlik olacaq. Gözlənilən odur ki, Köçəryan və Paşinyan tərəfdarları hansı tərəfin daha güclü olduğunu sübut etmək üçün bu gün axşam saatlarında küçələrə çıxacaq. Bu fonda təbii ki, bütün siyasi partiyaların liderlərinin, o cümlədən Paşinyanın çıxışlarında Qarabağ mövzusu mərkəzi mövzulardan sayılır. Bütün namizədlər içərisində daha adekvat münasibət göstərən Paşinyan və Levon Ter-Petrosyandır. Çünki onlar Qarabağ ətrafında baş verməkdə olan reallığı daha doğru şəkildə qəbul edirlər”.
Siyasi şərhçi bildirib ki, Nikol Paşinyanın əsas niyyəti Ermənistanı Qarabağ olmadan inkişaf etdirmək və Cənubi Qafqazdakı proseslərin, nəhayət, subyektinə çevirməkdir:
“Həmçinin yeni layihələrdə iştirak etmək niyyətindədir. Bütün bunlar heç kəsə sirr deyil. Buna görə də 20 iyun seçkiləri çox vacib seçkilər sayılır. Ermənistanda revanşizminmi, yoxsa yeni baxışlı ideologiyanınmı qalib gələcəyini iki gün sonra görəcəyik. Hələ ki Paşinyan qabaqdadır. Əsas məqsəd tək partiyadan ibarət hökumət qurmaqdır ki, buna onun nə qədər müyəssər olub-olmamasını hazırda demək çox çətindir. Çünki bu, həm də geosiyasi mübarizədir və Rusiyanın iyunun 20-də Paşinyana sürpriz hazırlayıb-hazırlamayacağı da maraqlıdır. Digər tərəfdən isə bu gün Paşinyanla Köçəryan arasında kompromatların yayılması da gözləniləndir. Belə bir situasiyada təbii olaraq hər hansı bir namizədin daha irəliyə keçməsi baş verə bilər”.
Həmsöhbətimiz hesab edir ki, əgər Ter-Petrosyanla Paşinyan qalib gələrsə, bu, gələcək proseslərə daha müsbət təsir göstərəcək:
“Hadrut və Şuşanın qaytarılacağını əsassız şəkildə iddia edən, Qarabağda qan içən, qadın və uşaqlara qarşı “psevdo” qəhrəmanlıq göstərən Robert Köçəryanın qalib gəlməsi heç də yaxşı hal olmaz. Əslində, Ermənistanda hər kəs bilir ki, heç bir erməni Azərbaycan Ordusu qarşısına çıxa bilməz. Əgər onlarda bu qəhrəmanlıq, cəsarət vardısa, döyüşlər zamanı edə bilərdilər. Lakin etmədilər, çünki mütləq şəkildə məğlub olacaqlarını başa düşdülər. Amma indi yenidən erməni xalqını aldatmağa davam edirlər. Erməni xalqına Qarabağla bağlı yalan vədlər verirlər. Həqiqət isə bundan ibarətdir ki, bütün beynəlxalq ictimaiyyət Qarabağı Azərbaycan torpağı kimi tanıyır. Ter-Petrosyanın iki gün əvvəlki acı etirafı da bunun bir sübutudur”.
Digər xəbərlər