Tarix: 17-06-2021 | Saat: 16:21
Bölmə:Karusel / İdman | çapa göndər
2021/22 mövsümündə avrokuboklarda Azərbaycanı təmsil edəcək klubların ev oyunları üçün sifariş verdikləri stadionlar məlum olub.
Qarabaginfo.az xəbər verir ki, saytının məlumatına görə, qarşılaşmalardan 3-ü Bakıda, 1-i isə Sumqayıtda keçiriləcək.
Çempionlar Liqasında mübarizə aparacaq “Neftçi” I təsnifat mərhələsində Gürcüstan çempionu “Dinamo”nu (Tbilisi) “Bakcell Arena”da qəbul edəcək. İyulun 14-də baş tutacaq cavab qarşılaşmasının saat 21:00-da startı nəzərdə tutulub. Gürcüstandakı oyun isə bundan bir həftə əvvəl, iyulun 7-də olacaq.
Yeni yaradılan Konfrans Liqasında 3 komandamız çıxış edəcək. Həm “Qarabağ”, həm “Keşlə”, həm də “Sumqayıt” II təsnifat mərhələsindən yarışa qoşulacaq.
İsrail klubu “Aşdod”la ilk görüşünü iyulun 22-də evdə keçirəcək “Qarabağ” rəqibini Tofiq Bəhramov adına Respublika Stadionunda sınağa çəkəcək. Həmin oyun 20:00-da başlayacaq.
Avrokubok macərasına səfərdə start verəcək “Keşlə” və “Sumqayıt” rəqiblərini iyulun 29-da qəbul edəcək. “Keşlə” həmin gün “Soçi” (Rusiya) ilə “ASK Arena”da, “Sumqayıt” isə “Çukariçki” (Serbiya) ilə “Kapital Bank Arena”da üz-üzə gələcək.
Maraqlıdır ki, 3 klubumuz ehtiyat meydança kimi “Dalğa Arena”nı seçib. “Neftçi”, “Keşlə” və “Sumqayıt”ın B variantı məhz bu stadiondur. “Qarabağ”ın UEFA-ya sifariş verdiyi ehtiyat meydança isə “Azersun Arena”dır.
Digər xəbərlər