Saytımızı qiymətləndirin


 
 

Qarabağda 44 günlük savaşda ermənilər üzərində şimşək kimi çaxan "Şimşek" PUA-ları...
Tarix: 07-06-2021 | Saat: 09:43
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Qarabağda 44 günlük savaşda ermənilər üzərində şimşək kimi çaxan
Azərbaycan Silahlı Qüvvələri Vətən Müharibəsində Qələbənin təmin etmək məqsədilə həm yerli, həm də müttəfiq ölkələrdə istehsal olunan bir çox silah sistemlərindən istifadə etdi. Onlardan biri də bir neçə təyinata malik “Şimşek” PUA-larıdır. “Şimşek” PUA-ları Türkiyə mühəndisləri tərəfindən TUSAŞ şirkəti tərəfindən hazırlanıb və istehsal edilib. 
 
Cəsarətli addımlar və sona çatan rus silah əfsanəsi
 
Son illərdə Türkiyə çox müvəffəqiyyətli müxtəlif təyinatlı PUA layihələri həyata keçirməklə bərabər yüksək sürətli hədəf vasitələrinin istehsalında ciddi addımlar atır. Yerli və milli müdafiə sənayesinin ən vacib addımlarından biri olan pilotsuz aviasiya vasitələrində dünya standartlarının üstün bir səviyyəsini əldə edən Türkiyə, texnologiyalarını qeyri-adi təyinatıar üzrə tətbiqini davam etdirməklə bərabər onların tərəfdaş ölkələrə, o cümlədən Azərbaycana ixracını davam etdirir.
 
İlkin mərhələdə Türkiyənin zərbə PUA-ları Suriyada Rusiya silahları barədə mövcud olan əfsanələrə nöqtə qoydu. Suriyadakı döyüş əməliyyatlarında koordinasiyalı şəkildə PUA sürüsündən istifadə etməklə Türkiyə yeni və çox əhəmiyyətli bir uğura da imza atdı. Liviyada isə Türkiyə PUA-sı ilk dəfə süni zəkadan istifadə etməklə, kənardan operator müdaxiləsi olmadan, hədəflərini özü təyin edərək onları yüksək dəqiqliklə məhv edə bildi. 
 
Bunların ardınca isə “Şimşek” adlı hədəf  PUA-sı dünyada ilk dəfə kəşfiyyat,  müşahidə və izləmə üçün fəal şəkildə istifadə edilən MALE (Medium Altitude Long Endurance – Orta Yüksəklikdə Uzun Müddət) tipli ANKA-B pilotsuz vasitəsindən zərbə vasitəi kimi buraxıldı. 
 
Təyinatı
 
“Şimşek” yüksək sürətli hədəf PUA-sı, ilkin olaraq Türkiyə Silahlı Qüvvələrinin hava hücumundan müdafiə qoşunlarının təlim ehtiyaclarını qarşılamaq üçün 2009-cu ildə TUSAŞ tərəfindən başladılan araşdırma və inkişaf layihəsinin orijinal məhsuludur. İlk uçuşunu 4 avqust 2012-ci il tarixində həyata keçirib.
“Şimşek” hazırda da müxtəlif hava hədəflərini simulyasiya etmək üçün PLS, zenit, hava hücumundan müdafiə və hava-hava raketlərinin sınaqları üçün istifadə edilirdi. HHM və HHQ-nin sınaqları üçün əsas vasitələrdən biridir. 
 
Keçən ilin apelində isə “Şimşek” PUA-sının zərbə versiyası uğurla sınaqdan keçirildi.
 
Sınaqları
 
“Şimşək” Türkiyədə uzun müddət müxtəlif təlimlərdə, məşqlərdə və sınaqlarda uğurla istifadə olunub. Turboreaktiv mühərriklə işləyən hədəf platforması səsdən aşağı sürətlə uçur və avtonom uçuş xüsusiyyətləri ilə bərabər aqressiv manevr etmə qabiliyyətinə sahibdir. Yüksək sürətlə hərəkət edən “Şimşek” sahib olduğu manevr qabiliyyəti, avtonom uçuşa nəzarət sistemi ilə birlikdə “hava-hava” və “hava-yer” raketlərinin inkişafı üçün ciddi bir sınaq mühiti yarada bilir. 
 
Şimşek ilk dəfə Azərbaycanda
 
TUSAŞ AI ilə Azərbaycan Hərbi Hava Qüvvələri arasında aparılan danışıqlardan sonra 2019-cu ilin sonunda Azərbaycana gətirilən Şimşek yüksək sürətli hədəf PUA-sı 3 gündə 6 uçuş həyata keçirdi, bunlardan 3-ü paytaxt Bakı yaxınlığındakı poliqonda baş tutdu. Nəticədə “Şimşek” PUA-ları hədəf qismində Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilən atəş sınaqlarında istifadə üçün yararlı hesab edilmişdi. Vətən Müharibəsində isə bu PUA-ların həm də zərbə vasitəsi kimi istifadə edildiyi də təsdiqlənib. 
 
Analoqlarından fərqi
 
Hədəf PUA-ları barədə danışanda “Şimşek” PUA-sının digərlərindən bir neçə əsas fərqlərini vurğulamaq vacibdir. Türkiyə hədəf vasitəsi digər daşıyıcı platformadan, konkret nümunələrdə isə ANKA-B və ya “Aksungur” PUA-larından buraxılması onun daha geniş fəaliyyət radiusu əldə etməsinə imkan verdi. Standart hədəf PUA-ları katapultla buraxılır. “Şimşek” isə  kəşfiyyat, müşahidə və izləmə funksiyasına malik MALE tipli ANKA-B PUA-sından buraxılmaqla əvvəllər müdafiə sənayesinə məlum olmayan bir ilkə imza atdı.
Bu baxımdan Türkiyə sənayesi son illərdə mövcud məhsul və texnologiyaları ilə birlikdə yeni müharibə konsepsiyalarının və silahlı mübarizə metodlarının tətbiqində ciddi korreksiyaları  ilə yaddaşlarda iz buraxır. 
 
Şimşek fərqli missiyalarda 
 
“Şimşek” PUA-sının ANKA-B vasitəsinə inteqrasiyasının texnoloji inkişaf ilə bərabər bir çox əhəmiyyətli taktiki üstünlüklər də təqdim edə bilib. Məsələn, bu hədəf PUA-sı kimi düşmənin radiolokasiya stansiyalarının və digər hava hücumundan müdafiə sistemlərinin yayındırmaq və ya onları aktiv rejimə keçməyə vadar etməklə zenit raket komplekslərinin (radiolokasiya stansiyalarının) mövqelərini  aşkarlamaq məqsədilə də istifadə edilib. Əlbəttə ki, “Şimşek” PUA-sının müasir və inkişaf etmiş RLS-lərə qarşı yuxarıda sadalan təyinatlar üzrə istifadə edilməsində standart versiyanın tətbiqi məqsədəuyğun hesab edilmir. Bunun üçün PUA-nın müxtəlif radioelektron mübarizə vasitələrlə təmin edilməsi mümkündür. 
 
Faydalı yükləri
 
Daşıdığı faydalı yüklər arasında:
Passiv RLS gücləndiricisi;
MDI;
CMDS;
Tüstü generatoru;
Radar altimetri (yüksəklik ölçəni) və s. kimi avadanlıqlar ola bilər.
 
Şimşek yeni təyinatda 
 
TUSAŞ-ın bənzərsiz dizaynı ilə istehsal edilən “Şimşek” sadə və kiçik bir raket kimi istifadə oluna biləcəyi ssenarisi əvvəlcədən nəzərdən keçirilsədə, bu versiya hazır olana qədər ictimaiyyətə ətraflı məlumatlar verilmirdi. “Şimşek” transformasiyasının ilkin mərhələsində texniki xüsusiyyətləri məlum olmadığı üçün bir çox qərb mütəxəssisləri bu PUA-nın zərbə konsepsiyasını fərziyyə kimi qəbul edirdi. Son zamanlar Yaxın Şərqdə və Qarabağda gedən döyüş əməliyyatları isə “Şimşek” PUA-larının “nötqə zərbəsi” funksiyalarını təsdiqlədi. 
 
Şimşek PUA-sının ümumi texniki uçuş xüsusiyyətləri:
 
Havada qalma müddəti: 45 dəqiqə;
Maksimum sürəti: 750 km/saat;
Uçuş yüksəkliyi: 350m - 4500m;
Uçuş məsafəsi: 50 km;
Uzunluğu: 3.4 m;
Qanad açılımı: 1.5 m;
Yerdən (katapultdan) və havadan buraxılma imkanı; 
Gəmi helikopteri platformalarından qalxma və idarəetmə
Paraşütlə dənizə və ya quruya enmə imkanı;
İnkişaf etmiş kompozit texnologiyalarla istehsal olunan korpus;
 
Hərbi standartlara uyğunluq;
 
Müasir Uçuş İdarəetmə Sistemi  və Autopilot Sistemi sayəsində qalxma və enmə daxil olmaqla marşrut / istiqamət / sürət / hündürlük rejimləri ilə tam avtonom  uçuş imkanı;
Yerdən İdarəetmə Stansiyası ilə uçuşun əvvəlcədə planlaşdırılması və uçuşa nəzarət imkanı;
Uçuş zamanı vəzifələrin dəyişdirilməsi imkanı; 
Bazaya və ya əvvəlcədən təyin olunmuş qayıtma nöqtəsinə təcili enmə rejimi;
Avtomatik enmə imkanı;
Real zamanda şifrələnmiş rəqəmsal uçuş məlumatlarını qeydə almaq və sonradan nümayiş etdirmək imkanı;
Rəqəmsal xəritəni avtomatik tanımaq imkanı.
 
Nəticə 
 
Əslində hədəf PUA-sının RLS-ləri aktiv rejimə keçirməklə bərabər zərbə funksiyasını yerinə yetirməsi, daşıyıcının döyüş imkanlarının artırılması  baxımından da mühüm əhəmiyyət daşıyır. Hər iki təyinata malik “Şimşek” PUA-sının eyni daşıyıcı platformada yerləşdirməklə bir birini tamamlayan döyüş əməliyyatlarında, həm də düşmənin operativ dərinliyində fəaliyyət göstərməsi qoşunlara əməliyyatlar teatrında hava üstünlüyünü əldə etməyə, saxlamağa və inkişaf etdirməyə imkan verəcək mühüm amillərdəndir. Hazırda Hərbi Hava Qüvvələrimizin “Şimşek” PUA-larının 200 kilometr mənzilə malik “gəzən sursat” versiyasına malik olması, Azərbaycana həm Ermənistanla sərhəddə, həm də digər təhdid ehtimalı olan istiqamətlərdə mühüm hərbi üstünlüklər təqdim edir. Baş verən proseslər isə yaxın gələcəkdə istehsalçı türk şirkətlərinin Azərbaycanda daha geniş fəaliyyət göstərəcəyini ehtimal etməyə əsas verir.
 
Ədalət Verdiyev, Hərbi ekspert


Xəbəri paylaş

1318 dəfə oxunub.

Digər xəbərlər