Tarix: 19-02-2018 | Saat: 15:22
Bölmə:Karusel / Sosial | çapa göndər
“Bayıl dərəsinin sağ yamacı konturlaşdırılıb. Sürüşməyə meylli ərazinin konturları daxilində, sürüşməyə meylli kütlənin üzərində 106 fərdi yaşayış evi var”.
"Qarabaginfo" xəbər verir ki, bunu "Apa.az"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Bayıl yamacında sürüşmə ərazisinin 6,9 hektar ərazini əhatə etdiyini xatırladan ekspedisiya rəisi bildirib ki, sürüşməyə meylli ərazinin dil hissəsində olan 106 fərdi yaşayış evinin hamısına bu gün üçün təhlükə var.
Onun sözlərinə görə, Bayıl yamacındakı sürüşmə sahəsində 5 – 6 gün öncə müşahidə olunan vəziyyət hökm sürməkdədir: “Kütlənin üzərində araşdırma aparmaq, çatların eni və uzunluğunu ölçmək bu gün üçün mümkünsüzdür. Yağış yağıb, təbii olaraq ərazidəki kütlə ağırlaşıb. Sürüşmə sahəsində stabilləşmədən söhbət gedə bilməz. Proses davam edir”.
Ə. Qaralov qeyd edib ki, ərazidə böyük miqyasda, dəqiq geoloji işlər aparmağa ehtiyac var: “Yəni, bütün layları təşkil edən süxurların vəziyyətini öyrənmək, hansı ev nəyin üzərində tikilib, bütün bunları hər tərəfli tədqiq etmək lazımdır. Hətta hər bir evin yerləşdiyi ərazi haqda müəyyən məlumatlar da vermək mümkündür”.
Qeyd edək ki, Bayıl sürüşmə zonasındakı vəziyyətlə bağlı Nazirlər Kabinetinin müvafiq sərəncamı imzalanıb. Həmin sərəncama əsasən, Bayıl yamacında sürüşmə təhlükəsi ilə bağlı ərazidən köçürülən 98 ailənin 11 ay ərzində müvəqqəti yerləşdiyi mənzillər üçün kirayə haqqının ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Səbail rayon İcra Hakimiyyətinə müvafiq vəsait ayrılıb. Həmin ərazidə tam dağılmış 4 fərdi yaşayış evinin sahiblərinə kompensasiya ödənilməsi üçün tələb olunan vəsaitin məbləğinin hesablanıb Nazirlər Kabinetinə təqdim olunması Fövqaladə Hallar Nazirliyi və Səbail rayon İcra Hakimiyyətinə tapşırılıb.
Digər xəbərlər