Saytımızı qiymətləndirin


 
 

Makronun növbəti absurd bəyanatları - TƏHLİL
Tarix: 02-06-2021 | Saat: 13:24
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

#

 


İyunun 1-i axşam saatlarında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Parisdə Fransa Prezidenti Emmanuel Makronun Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibət bildirərək açıqlama ilə çıxış etdi.

Azərbaycan XİN-in növbəti dəfə Fransa ilə bağlı məsələni şərh etməsi, Parisin hələ də regiondakı reallıqları qəbul etməkdə çətinlik çəkməsi və regionda sülhə xələl gətirəcək ədalətsiz bəyanatlar verməsi ilə bağlı idi.

Belə ki, iyunun 1-də Nikol Paşinyanın Parisə səfəri zamanı istər Fransanın prezidenti, istərsə də bu ölkənin senatının spikeri erməni həmkarları ilə birlikdə absurd və kifayət qədər təhlükəli bəyanatlar səsləndiriblər.

Makronun absurd bəyanatları

Paşinyanla görüşdən sonra mətbuata açıqlaması zamanı Fransa prezidenti Makron qeyd edib ki, Fransa Ermənistan və Azərbaycan arasında sülhün bərpasına və dialoqun inkişafına yardım edəcək. “ATƏT-in Minsk Qrupunun həmsədri qismində Fransa Rusiya və ABŞ-la birlikdə gərginliyin aradan qaldırılmasına və dialoqun, o cümlədən tərəflər arasında birbaşa dialoqun bərpasına nail olmaq üçün əlindən gələni etmək niyyətindədir”, - deyə Fransa lideri bildirib. O qeyd edib ki, “Ermənistan və Azərbaycan sərhədində bu yaxınlarda baş verən hadisələrlə əlaqədar sərhədin delimitasiyası yalnız danışıqlar yolu ilə və güc tətbiq etmədən həyata keçirilməlidir”.

Makron qeyd edib ki, Azərbaycan qoşunları Ermənistan ərazisini tərk etməlidir. Tərəflər mayın 11-dək tutduqları mövqelərə qayıtmalıdırlar”, deyən Makron bildirib ki, “mən həmçinin bütün əsirlərin azad edilməsi, humanitar təşkilatların regiona çıxışına qoyulan məhdudiyyətlərin götürülməsi zərurəti və mürəkkəb minalanmış zonalar məsələsi haqqında düşünürəm”.

Göründüyü kimi, bir-birindən absurd olan bu cümlələri oxuyarkən Fransa liderinin “soyuq duşa” ehtiyacı olduğu hiss olunur. Onun Azərbaycan qoşunları Ermənistan ərazisini tərk etməlidir, tərəflər mayın 11-nə qədər tutduqları mövqelərə qayıtmalıdırlar” açıqlaması bu ölkənin liderinin nə qədər absurd nəzər nöqtəsinə malik olduğunun sübutudur. Çünki hazırda Üçtərəfli Bəyanatdan sonrakı vəziyyətə uyğun olaraq Azərbaycan və Ermənistan arasında demarkasiya və delimitasiya məsələlərinin həllini tapmalı olduğu halda bizim qoşunlarımızın öz sərhədlərimiz daxilində sərhəd postlarını qurmasını Ermənistanın sərhədini pozaraq bu ölkənin ərazisinə daxil olmaq kimi qələmə verən fransız lider faktiki olaraq Azərbaycana qarşı dezinformasiya kampaniyası aparmaqdadır. Ermənistan Baş nazirinin və Xarici İşlər Nazirliyinin Azərbaycan hərbçilərinin guya bu ölkənin sərhədlərini pozması haqqında qışqırıqlarının dünyanın heç bir nöqtəsində, hətta, İrəvanın hərbi-siyasi müttəfiqi sayılan Rusiya və KTMT-də ciddi qarşılanmadığı və bu mövzuda adı çəkilən tərəflərin faktiki olaraq Ermənistanı tənqid etmələri fonunda Fransa prezidenti Makronun mövzuya qayıtması bu siyasətçinin nəinki Azərbaycana, eyni zamanda sərhəd məsələlərinin həllində arbitr rolunda çıxış edən və Üçtərəfli Bəyanatın qarantı olan Rusiyaya qarşı demarşı kimi də başa düşmək olar.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva Fransa liderinin “Azərbaycan hərbçiləri Ermənistan ərazisini tərk etməlidir” bəyanatına cavabında bir daha da qeyd edib ki, Azərbaycan hərbiçiləri öz doğma torpaqlarında xidmət göstərirlər: “Təəssüf hissi ilə qeyd etmək istərdik ki, 1997-ci ildən Fransa həmsədr qismində fəaliyyət göstərsə də Fransa tərəfindən heç zaman Ermənistan qoşunlarının işğal altında olan Azərbaycan torpaqlarından çıxarılması əlaqədar çağırış edilməmişdir. Baxmayaraq ki, bu BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələbi idi”.

Göründüyü kimi, Azərbaycan XİN Makronu fakt qarşısında qoyaraq dönüb öz davranışlarına baxmağı məsləhət görür. 30 ilə yaxın vaxt ərzində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyi, erməni hərbçilər minlərlə kv/km ərazidə qeyri-qanuni fəaliyyətlə məşğul olduğu zaman ağzına su alan Paris indi heç bir sərhəd pozuntusu olmadığı halda az qala hər həftə Bakıya qarşı gülünc bəyanatlar səsləndirir.

Bu ərköyün və dünyada reytinqi ayaqlar altında olan, Fransa tarixində xalq qarşısında legitimliyi ən aşağı həddə sayılan Makron bugünkü Ermənistan torpaqlarının tarixi Azərbaycan torpaqları üzərində qurulduğunu da unutmamalıdır. SSRİ-nin varisi olan Rusiyanın başçılığı altında Sovet xəritələri əsasında sərhədlərin demarkasiyasının və delimitasiyasının aparıldığı bir vaxtda bu ərköyün uşağın burnunu bu məsələyə soxmaq istəməsi onun üçün yaxşı heç nə vəd etmir.

Makrona şah və mat

Azərbaycan XİN bildirib: “Sirr deyil ki, Fransa Ermənistana xüsusi rəğbəti var, amma Minsk Qrupunun həmsədri kimi bu ölkə rəsmi neytrallığını saxlamalıdır. Ümid edirik ki, həmsədrlik mandatına uyğun olaraq Fransa tərəfindən neytral və qərəzsiz mövqe sərgilənəcəkdir”.

Rəsmi Parisin Minsk qrupu çərçivəsində qərəzli və balansı pozacaq addımları Azərbaycan ictimaiyyətinə çoxdan məlumdur. Avropa İttifaqı adından Minsk qrupunun üç həmsədrindən biri kimi özünü görən Makron yaxşı başa düşür ki, 44 günlük müharibədən sonra bu ölkə və adı çəkilən qurum faktiki olaraq Qarabağ prosesindən uzaqlaşdırılıb. Fransa Prezidentinin müharibəyə qədər və hərbi əməliyyatlar zamanı işğalçı Ermənistana açıq-aşkar verdiyi dəstəyə cavab olaraq rəsmi Bakının apardığı düşünülmüş siyasət fəaliyyətsiz Minsk qrupunun həmsədrlər institutu da daxil olmaqla Fransanı Azərbaycan və Ermənistan arasında davam edən bütün danışıqlardan kənarlaşdırıldı.

Makron və Paşinyan Rusiyanın vasitəçiliyi ilə davam edən sülh prosesinə mane olur

Tarixin müxtəlif vaxtlarında bölgədə daim erməni kartından istifadə edən Fransa indi faktiki olaraq Cənubi Qafqaz regionunda cərəyan edən proseslərə təsirinin sıfıra düşməsi ilə barışmaq istəməyərək bölgədəki sülhə və danışıqlar prosesinə xələl gətirmək istəyir. Bunun da nəticəsidir ki, Makron dünən Paşinyanla görüş zamanı bir daha Dağlıq Qarabağdakı mədəni irs sahələrinin qorunmasının vacibliyi və atəşkəsin təmin olunması, “əsirlərin” qaytarılması kimi mövzuları qabardaraq 44 günlük müharibədən sonra Rusiyanın başçılığı altındakı proseslərə qarşı çıxır.

Məsələyə münasibət bildirən XİN sözcüsü Leyla Abdullayeva qeyd edib ki, “Öncə vurğulamaq istərdik ki, bölgədə atəşkəs təmin edilir və bunun əsasında Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixində imzaladığı birgə bəyanat dayanır. Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələri sülhməramlı missiyanı yerinə yetirərək atəşkəsin təmin olunmasına çalışırlar. Bu məsələdə Fransanın hər hansı rolunu görmürük”.

L. Abdullayeva bildirib ki, Azərbaycan tərəfi hər zaman bütün hərbi əsirlərin “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi mövqeyindən çıxış edib: “Dəfələrlə bəyan etdiyimiz kimi, Azərbaycanda erməni əsilli hərbi əsir yoxdur, o ki qaldı üçtərəfli bəyanat imzalandıqdan sonra 26 noyabr 2020-ci il tarixində Azərbaycan ərazisinə göndərilən və burada terror aktı törədən diversant qrupun üzvlərinə, habelə 27 may tarixində Kəlbəcər rayonu istiqamətində ərazimizə daxil olaraq yolların minalanmasına yönələn təxribatçı fəaliyyət cəhdi göstərən kəşfiyyat-diversiya qrupunun üzvlərinə, onlar hərbi əsir deyillər”.

Qeyd etmək yerinə düşər ki, Ermənistan tərəfindən itkin düşmüş erməni əsgərlərlə bağlı irəli sürülmüş saxta ittihamlar elə onları özləri tərəfindən ifşa olunur. Bu günlərdə itkin düşmüş sayılan erməni əsgərlərin bir qrupunun cəsədinin Ermənistanda gizli şəkildə morqlardan birində soyuducuda saxlanıldığı üzə çıxıb və bu, Ermənistanda böyük qalmaqala səbəb olub. Azərbaycan isə öz tərəfindən humanitar prinsiplərdən çıxış edərək 1600-ə yaxın erməni hərbçisinin cəsədini taparaq qarşı tərəfə verib, bu prosesdə Rusiya sülhməramlıları və Beynəlxalq Qızıl Xaç Komitəsi iştirak edib. Azərbaycan erməni əsgərlərin cəsədlərini hərbi əməliyyatlar dayanandan qısa müddət ərzində qarşı tərəfə versə də, Ermənistan hələ 1-ci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000-dək azərbaycanlı barədə bu günədək heç bir məlumat açıqlamayıb.

Azərbaycan XİN rəsmisinin açıqlamasında Fransa Prezidentinin növbəti absurd fikirlərinə də münasibət bildirib: “Fransa Prezidentinin çıxışında istinad etdiyi Dağlıq Qarabağ adı ilə bağlı vurğulamaq istərdik ki, belə bir inzibati ərazi vahidi mövcud deyil. Çıxışda istinad edilən birbaşa dialoq məsələsinə gəldikdə, bu artıq baş verir. 11 yanvar 2021-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanata istinadən baş nazirlərin müavinləri səviyyəsində görüşlər keçirilir və dialoq mövcuddur. Lakin Fransanın bu prosesdə hər hansı rolu yoxdur”.

Paşinyan və Makron anti – Rusiya koalisiyasında

Ümumiyyətlə, Nikol Paşinyanın 1 iyun tarixində Parisə səfəri zamanı Makronla bölgəyə baxış bucaqlarının üst-üstə düşdüyü tam çılpaqlığı ilə üzə çıxdı. Paşinyan da çıxışlarında Makron kimi 10 noyabr Üçtərəfli Bəyanatının kövrək olduğunu, problemlərin həllində Fransanın regiondakı proseslərə cəlb edilməsinin zəruriliyini qeyd etdi. Erməni siyasətçi faktiki olaraq Fransa paytaxtındakı görüşlər zamanı Rusiyanı “xəyanət”də günahlandırdı. Misal üçün, Paşinyan Parisdəki görüşlərdə Moskvanı nəzərdə tutaraq Fransanın Azərbaycanla sərhəddəki insidentlər zamanı bir çoxundan fərqli olaraq konkret mövqe ortaya qoyduğunu, Ermənistan və erməni xalqına dəstək verdiyini dilə gətirdi. Fransanın müharibə və postmüharibə dövründəki siyasətinin nəticəsi olaraq bu gün Ermənistanda bu ölkəyə hamıdan çox simpatiya bəsləndiyini də Nikol Paşinyan öz çıxışında qeyd etdi.

Eyni zamanda Paşinyan Parisdə Üçtərəfli Bəyanatı pozacaq və bölgəni yenidən müharibə alovuna bürüyə biləcək bəyanat səsləndirdi. O, Fransadakı görüşlər zamanı Fransa Senatı tərəfindən “Dağlıq Qarabağın müstəqilliyi”nin vacibliyini və erməni əsirlərinin geri qaytarılması üçün qəbul edilmiş qətnamələrin vacibliyini vurğuladı. Bu isə o deməkdir ki. 20 iyun seçkilərindən sonra Avrasiyanın orta xəttində Zəngəzur ətrafında inqilabi geosiyasi və geoiqtisadi proseslərin başlanmasına mane olmaq istəyən qüvvələr müxtəlif təxribatlara start verəcəklər.

Birmənalı şəkildə qeyd etmək olar ki, Makron və Paşinyanın qurduqları oyun Ermənistan üçün kifayət qədər ciddi təhlükə ilə nəticələnə bilər.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya və siyasi idarəetmə kafedrasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov



Xəbəri paylaş

1359 dəfə oxunub.

Digər xəbərlər