Saytımızı qiymətləndirin


 
 

Təhsil Nazirliyi imtahanların çoxluğundan narazıdır: "Azaltmağa çalışırıq"
Tarix: 16-02-2018 | Saat: 16:41
Bölmə:Karusel / Təhsil | çapa göndər

 

 

Orta təhsil müəssisələrində 2014-2018-ci tədris ili üçün summativ qiymətləndirmə ilə bağlı dəyişikliklərin edilməsində məqsəd şagirdlərin dərs və imtahan yükünü azaltmaqdır.

"Qarabaginfo" un "Trend.az"a istinadən məlumatına görə, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

E.Əmrullayevin sözlərinə görə, aparılan təhlillərdən aydın olub ki, şagirdlər kifayət qədər çox imtahan verirlər:

"Şagirdlərin tez-tez psixoloji gərginlik yaşaması düzgün deyil. Birinci sinifdə təhsil alan şagirdlər məktəbə gəlib çatmamış onları imtahan edirik. Bunu nəzərə alaraq, summativ qiymətləndirmənin sayını əsaslı şəkildə azaltmağa çalışırıq. Yeni layihə hazırlanarkən beynəlxalq təcrübə öyrənilib. Bu cür dəyişikliklər təhsilin keyfiyyətinə fayda verəcək".

Şöbə müdiri qeyd edib ki, qiymətləndirmə ilə bağlı dəyişikliklərin edilməsi bəzi mübahisəli məqamların da həllinə imkan verəcək.

Nazirlik rəsmisi əlavə edib ki, valideynlər eyni gündə bir neçə summativin keçirilməsindən narazı qalırdılar. Bu məsələnin həlli üçün hazırlanan yeni layihədə gün ərzində keçiriləcək summativlərin maksimum sayı müəyyən edilib: "Hesab edirik ki, gün ərzində 3-dən çox summativ qiymətləndirmə olmamalıdır. Eyni zamanda, başqa mübahisəli məsələlərdən biri summativlərin müddəti ilə bağlı idi. Bəzi müəllimlər summativləri 30, bəziləri isə 45 dəqiqə müddətində edirdi. İndi isə kiçik summativ qiymətləndirilmənin (KSQ) keçirilmə müddətinin 45 dəqiqə olması təklif olunub".

E.Əmrullayev bildirib ki, digər mübahisəli məqamlardan biri şagirdlərin yekun qiymətinin müəyyən edilməsi ilə bağlıdır: "Indi şagirdlər həm 3 və 4, həm də 3 və 5 qiyməti alanda, yəni hər iki halda ona yekunda ortalama 4 qiyməti verilir. Yeni layihədə summativlərdə şagirdlərin biliyinin balla qiymətləndirilməsi və yekun nəticənin də bala əsasən müəyyən edilməsi təklif edilir. Yəni yarımillik qiymət hesablandıqda KSQ-lərin qiymətləri deyil, ballar toplanacaq. Balla hesablama həm mübahisə yaratmayacaq, həm də şagirdlərdə oxumağa həvəs yaradacaq. Onlar hər dəfə ballarını yüksəltməklə qiymətlərini yüksəltmiş olacaqlar. Yeni layihə biliyin ölçülməsi baxımından qiymətlərin daha düzgün müəyyən edilməsinə yardım edəcək ".

Şöbə müdiri deyib ki, yeni layihədə şagirdlər üçün bal şkalası da aşağı salınıb: "Misal olaraq, şagird 3 qiyməti almaq üçün 40 bal toplamalı idisə, indi onu 30 bala salmışıq. Layihədə hər kəsin istədiyi kimi imtahan keçirməmək üçün imtahan suallarının sayı və mahiyyəti ilə bağlı məsələlərə də aydınlıq gətirilib".

E.Əmrullayev məktəbdaxili qiymətləndirmə ilə bağlı ilkin sənədin 2009-2010-cu illərdə hazırlandığını da söyləyib və əlavə edib ki, hazırda layihə aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir. Dövlət İmtahan Mərkəzi artıq layihəyə rəyini təqdim edərək onu dəstəklədiyini bildirib.

Qeyd edək ki, Təhsil Nazirliyinin hazırladığı yeni layihədə 2018-2019-cu tədris ilindən orta məktəblərdə summativ qiymətləndirmələrin sayının azaldılması, 1-ci siniflərdə summativ qiymətləndirilmənin ümumiyyətlə ləğv edilməsi, bəzi siniflərdə isə Böyük Summativ Qiymətləndirmənin keçirilməməsi təklif edilir.



Xəbəri paylaş

696 dəfə oxunub.

Digər xəbərlər