Tarix: 12-04-2021 | Saat: 15:46
Bölmə:Karusel / Qarabağ | çapa göndər
Sumqayıt şəhərində Vətən müharibəsi şəhidi İlkin Məmmədzadənin xatirəsinə həsr olunan ehsan bulağının açılış mərasimi olub.
Qarabaginfo.az "Report"a istinadən xəbər verir ki, bulaq şəhidin yaşadığı evin qarşısında istifadəyə verilib.
Mərasimdə şəhid baş leytenant İ.Məmmədzadənin döyüş meydanında göstərdiyi şücaətdən və 44 günlük Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyətindən danışılıb. Vurğulanıb ki, 30 ildir davam edən amansız erməni işğalına qarşı xalqımız yumruq kimi birləşərək Vətən naminə ölüm-dirim mübarizəsinə qalxıb.
Qeyd olunub ki, Azərbaycanın tarixi qələbəsinin mənbəyi xalqımızın həmrəyliyi, Ali Baş Komandanın ətrafında sıx birləşən xalqın inamı, Azərbaycan Ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti idi.
Daha sonra mərasimdə Sumqayıt şəhər sakini, 29 yaşlı Məmmədzadə İlkin Əzizağa oğlunun döyüş yolundan bəhs edilib.
Mərasim iştirakçılarının diqqətinə çatdırılıb ki, İ.Məmmədzadə düşmənin bir neçə zabitini və canlı qüvvəsini məhv etməklə Azərbaycanın mərd oğlu, general Polad Həşimovun və onun silahdaşlarının qisasını alıb. Şəhidin döyüş yoldaşları bildiriblər ki, əgər bu gün biz həyatda yaşayırıqsa, məhz İlkin kimi oğulların sayəsindədir.
Qeyd edək ki, Məmmədzadə İlkin Əzizağa oğlu 1991-ci ildə Sumqayıtda anadan olub. 1997-2008-ci illərdə Sumqayıt şəhərində 42 saylı məktəbdə təhsil alıb və orta məktəbi fərqlənmə ilə bitirib. 2008-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Balıqçılıq təsərrüfatı ixtisasına qəbul olub. Universitetdə oxuduğu müddətdə Gənclər Təşkilatına sədrlik edib. O, 2012-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurub. 2014-2016-cı illərdə Gəncə Dövlət Aqrar Universitetində Magistr təhsili alıb. İ.Məmmədzadə 2012-2013-cü illərdə Naxçıvanın Sədərək rayonunda hərbi xidmət keçib. 2016-cı ilin fevral ayından etibarən isə yenidən hərbi xidmətə başlayıb. Xidməti dövründə dəfələrlə fəxri fərman və təşəkkürnamələr alıb.
Azərbaycan Ordusunun baş leytenantı olan İlkin Məmmədzadə Vətən müharibəsi zamanı döyüşlərdə iştirak edib. 21 nəfərə yaxın yaralı hərbçini döyüş meydanından çıxarıb. Oktyabrın 7-də Tərtər-Ağdərə istiqamətində "Tülkü Dərəsi" adlanan ərazidə şiddətli döyüşlər zamanı qəhrəmancasına vuruşaraq şəhid olub. O, oktyabrın 8-də Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib.
İlkin Məmmədzadə Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 15-də imzaladığı sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!
Digər xəbərlər