Saytımızı qiymətləndirin


 
 

Mehman Əliyev: “Zəngilan-Kəlbəcər tərəfə baxdıqda görürük ki, burada sərhədlər...” - Müsahibə
Tarix: 23-03-2021 | Saat: 16:16
Bölmə:Karusel / Müsahibə | çapa göndər


Mehman Əliyev: “Zəngilan-Kəlbəcər tərəfə baxdıqda görürük ki, burada sərhədlər...”

Siyasi şərhçi: “Azərbaycana aid ərazilər qaytarılmalıdır. Diplomatik əlaqələr qurulduqdan sonra demorkasiya işləri aparılacaq, dəqiqləşdiriləcək və saziş imzalanacaq. İndisə məsələni sovet xəritələri əsasında həll etmək istəyirlər”

Ermənistanda Baş nazir Nikol Paşinyanı devirmək cəhdləri ara vermir. “Turan” İnformasiya Agentliyinin rəhbəri, siyasi şərhçi Mehman Əliyev Reyting.az-a müsahibəsində deyib ki, Ermənistanda indi müşahidə olunanlar müharibədən əvvəlki vəziyyətin davamıdır.

Qarabaginfo.az müsahibəni təqdim edir:

- Paşinyan iqtidara gələndən sonra köhnə elita ilə mübarizə qızışdı. Bu mübarizə Paşinyanın hakimiyyətindən əvvəl də gedirdi. Erməni xalqı Levon Ter-Petrosyandan sonra hakimiyyətə gələn “Qarabağ klanı” deyilən qrupdan bezmişdi. 2018-ci il seçkilərinin nəticələri göstərdi ki, keçmiş hakimiyyət heç 5 faiz nüfuza da malik olmayıb. Cəmiyyət Köçəryan-Sarksiyan hakimiyyətindən bezmişdi. Bu real durum idi.

Sonra müharibə baş verdi. Əslində proses müharibəyə doğru gedirdi. Guya Köçəryan və ya Sarksiyan hakimiyyətdə olsaydı müharibəni udacaqdılar? Təbii ki, yox! Ordu əslində elə onların vaxtına silahla təmin olunmuşdu, sadəcə, miras kimi Paşinyana keçmişdi. Sadəcə, müharibənin acı nəticəsi Paşinyanın payına düşdü. Köçəryan komandası da bundan istifadə edib revanş götürmək, hakimiyyətə qayıtmağa cəhd edir.

Ermənistanda ziddiyyətli bir məqam var: baxmayaraq ki, köhnə elita müharibənin nəticələrindən istifadə edərək hakimiyyətə qayıtmaq istəyir, amma xalq da müharibənin ağır nəticələrinə baxmayaraq, 2018-ci ildə verdiyi səsin üzərində durub. Yəni müharibənin Ermənistan üçün ağır nəticələri xalqın verdiyi qərardan imtina etməsinə səbəb olmur. Bu da reallıqdır.

İndi erməni müxalifəti çalışır ki, Paşinyanı devirsin, amma xalqın dəstəyini ala bilmir. Xalq isə Paşinyana meyl edir. Əgər müxalifətin gücü olsaydı onu devirərdi.

Məntiqlə müharibənin nəticələrinə görə, xalq müxalifətin tərəfinə keçməli və Paşinyan devrilməli idi. Amma xalq buna getmir. Ona görə ki, Köçəryan-Sarksiyan klanına dəhşətli nifrət var. Erməni xalqı bilir ki, əslində məğlub Paşinyan yox, onlardır. Məhz onların fəaliyyəti nəticəsində ölkə bu günə düşüb.

- Bəs hərbçilər...

- Hərbçilər də əslində bu qüvvələrə bağlıdır. Çünki generalların, polkovniklərin yetişməsi üçün illər lazımdır. Onlar da keçmişdən qalan adamlardır.

Paşinyan bəyan etdi ki, orduda islahatlar aparacaq. Əslində həmin generalların ordudan uzaqlaşdırılacağı anonsunu verdi. Paşinyan fevralda islahatlarını təqdim etdi və bu səbəbdən də hərbçilər ona qarşı müqavimət göstərdilər. Onlar anlayırdı ki, Paşinyanın islahatları onları işlərindən kənarlaşdıracaq. Paşinyan nəyə görə onları kənarlaşdırmaq istəyir? Ona görə yox ki, bu generallar müharibədə uduzublar. Ona görə ki, onların Köçəryana yaxın olduqlarını bilir. Yəni hərbi generalitet və müxalifət Paşinyana qarşı birləşsə də, xalq onlara dəstək vermir.

- Hərbçilər niyə çevrilişə getmədilər?

- Əgər buna gedilsəydi, gərək ordu bütövlükdə Paşinyana qarşı olaydı. Əsgərindən tutmuş generalına qədər. Amma biz nəyi görürük? Əsgər Qarabağa getmək istəmir. Orduda vuruşmuş əsgər -zabit heyəti generalları satqınlıqda ittiham edirlər. Məsələn, müharibə zamanı keçmiş Müdafiə naziri Ohanyan, sabiq prezidentlər Köçəryan, Sarksiyan və digərləri Xankəndinə gəlsələr də, sonra qaçdılar. Xalq, elə əsgərlər də bunu bilir. Üstəlik, heç kəs üçüncü dəfə müharibənin olmasını istəmir. İstəsəydilər, elə II Qarabağ savaşında vuruşardılar da. Erməni xalqı vuruşmaq istəmir. Bilirlər ki, hakimiyyətə “Qarabağ klanı” gəlsə xalqı müharibəyə təhrik edə bilər. Hansı ata-ana istəyər ki, uşaqlarını müharibəyə aparsınlar? Üstəlik, ortada indiki ağır nəticələr olduğu halda. Ona görə də ermənilər açıq şəkildə deyirlər ki, bizə nə Qarabağ, nə də müharibə lazımdır.

- Levon Ter-Petrosyan da ustalıqla, hərbçiləri incitmədən əslində çevriliş cəhdinə qarşı çıxdı. Bu hansı mənanı verir?

- Normal yanaşmadır. Hər zaman deyirdilər ki, Paşinyan bir növ Levonun siyasi varisidir. Sözsüz ki, Levon Paşinyanın tərəfindədir, sadəcə, bunu açıq şəkildə ifadə etmir. Əslində buna ehtiyac da yoxdur. Bu qüvvələr Paşinyana müttəfiqdirlər.

- Bu prosesdə Rusiyanın rolu nədən ibarətdir?

- Rusiya prosesdə iştirak edir. Üstəlik, prosesdə ABŞ və Fransanın rolu qədər də Rusiyanın rolu var. Əslində üç həmsədr ölkə qərar verib ki, məsələ bu şəkildə həll edilməlidir. Bu, beynəlxalq qərardır. Rusiya da bu qərarı həyata keçirən tərəflərdən biridir. Çünki Rusiyanın regionda təsir imkanları var.

Putin üçün hər hansı qərarı vermək də asandır. ABŞ qərar vermək üçün gərək Konqres toplaşsın, müzakirələr aparılsın. Bilinmir ki, Konqres sonda bu qərarı dəstəkləyəcək, ya əleyhinə gedəcək. Eləcədə Fransa. Rusiyada isə Putin qərar verir və məsələ həllini tapır. Çünki Putin parlamentlə və digər strukturlarla məsləhətləşmir.

Təsəvvür edin ki, ABŞ-ın bura sülhməramlı göndərməsi üçün qərar gərək günlərlə müzakirə edilsin, özünə dəstək tapsın. Bir sözlə, Rusiyanın buradakı əməliyyatları əslində həmsədr ölkələrlə razılaşdırılıb. Üstəlik, qarant kimi də Türkiyə durur.

- Rusiya Paşinyanı devirə bilməz?

- Putin əvvəldən deyib ki, Paşinyanı devirmək istəyi yoxdur. Əslində Rusiya istəsəydi bunu edərdi, amma ruslar baxır ki, kim güclüdür. Üsəlik, Paşinyanı devirdim, yerinə də Köçəryanı gətirdim, yenidən müahribəyə başlayacağam? Yox. Bu halda belə proseslər nəyə və kimə lazımdır?

Həm də bu regionda Rusiya üçün iki maraq məsələsi var:

Birincisi, yolların açılmasıdır. Yolların açılması Ermənistan məsələsi deyil. Yollar körfəzə doğru açılmalıdır. İrana, Hindistana və s. Rusiyaya bu dəhliz lazımdır. Özü də, söhbət ikitərəfli dəhlizdən gedir. Şimal və Qərbə gedən dəhliz. Çünki Rusiyanın Türkiyə ilə də dəmiryolu xətti yoxdur. Rusiya üçün yaxın gələcəkdə bu iki dəhliz mühüm əhəmiyyət kəsb edir. Çünki yaxın gələcəkdə dünya iqtisadiyyatında oyanış olacaq. Ruslar bu oyanışdan maksimum istifadə etmək istəyirlər.

Nəzərə almaq lazımdır ki, Rusiya daha çox xammal ölkəsidir. Əsasən taxta, dəmir, neft, qaz və digər məhsulları satır. Azərbaycanın o başından bu başına məsafə 500 kilometrdir. Rusiya ərazisindən keçən dəmir yollarının uzunluğu nə qədərdir? Qusardan başlayıb Polşa sərhədinə çatan dəmiryolunun uzunluğu 3 min kilometrdir. Axı bu boyda məsafədən yük daşıyanda pul verirsən, məsrəflərin çoxalır. Biri var bunu təyyarə, gəmi işlə daşıyasan, bir də var dəmir yolu xətti ilə. Görün nə qədər qənaət edirlər. Əlbəttə, bu dəhlizlərin bizə də xeyri var. Amma bu, Rusiya üçün daha vacibdir.

İkincisi, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi istəmir. Əslində ruslar Yerevanda baş verənlərə “özləri bilər” prizmasından yanaşır. Rusiyanın planı yolların açılmasıdır.

Rusların Cənubi Qafqazda əsas ticarət tərəfdaşı kimdir? Azərbaycan. Rusiya ilə bizim ticarətimizin həcmi aşağısı 5-6 milyarddır. Bunun 3 milyardı ticarətin, digər hissəsi cürbəcür investisiya və digər məsələlərin payına düşür.

Bəs Ermənistan Rusiyaya nə verir? Heç nə, ancaq alır. Məsələ bitdi də.

- Bu yaxınlarda məlumat yayıldı ki, Qazaxın işğal altında olan kəndləri Azərbaycana qaytarılır. Erməni mənbələri hətta ərazidə rus hərbçilərinin olduğunu da iddia etdi. Amma sonradan Yerevan deyilənləri təkzib etdi. Bu barədə nə düşünürsünüz?

- Azərbaycan Respublikasına aid olan kəndlər, ərazilər qaytarılmalıdır. Əlbəttə, gələcəkdə diplomatik əlaqələr qurulduqdan sonra demorkasiya işləri aparılacaq, dəqiqləşdiriləcək və saziş imzalanacaq. İndisə məsələni sovet xəritələri əsasında həll etmək istəyirlər. Niyə? Çünki məsələni birdəfəlik həll etməyə çalışırlar.

Ruslar məsələsinə gəldikdə, biz Zəngilan-Kəlbəcər tərəfə baxdıqda görürük ki, burada sərhədlərin müəyyənləşdirilməsi prosesində ruslar iştirak edib. Çünki səhəd müəyyən edildikdən sonra ruslar Ermənistan sərhədlərində öz sərhəd qoşunlarını yerləşdirir. Odur ki, rusların prosesdə iştirakı normaldır.

- Ruslar niyə Azərbaycan və Ermənistan sərhədinin Ermənistan hissəsində yerləşirlər?

- Buna təbii yanaşmaq lazımdır. Çünki Rusiya ilə Ermənistan arasında sərhədlərin birgə qorunmasına dair saziş var. Bizimlə belə saziş yoxdur. İndiyə qədər ruslar əsasən MDB ölkələrinin xariclə sərhədlərində dururdular, indi münaqişədən sonra problem yaranmasın deyə əsasən isti nöqtlərdə rus əsgərlər yerləşdirilir.

- Ermənistanda Rusiyanın “5-ci kolonu” nə dərəcədə güclüdür və onlar gələcəkdə Azərbaycana hansı problemlər yarada bilərlər?

- Baş Qərargah Paşinyanı devirmək istəyən zaman Rusiya bəyan etdi ki, bu, Ermənistanın daxili işidir və biz buna qarışmırıq. Yəni bildirdi ki, bizlik deyil. Ukraynada gedən proseslərdən fərqli olaraq ortaya belə mövqe qoyuldu. ABŞ isə elan etdi ki, ordu siyasi proseslərə qarışmamalıdır. Beləcə, xəbərdarlıq etdi. Ruslar qarışmadı, ABŞ da dedi ki, oturun yerinizdə! Reallıq budur.

Digər tərəfdən də xalqın etirazı var. Üstəlik, generalların əmrini əsgərlər tam yerinə yetirə biləcəkmi? Yəni məsələ çoxlarının düşündüyü qədər sadə deyil.

- Nikol Paşinyan hakimiyyətdə qaldığı təqdirdə Rusiya ilə sıx işləyəcək, yoxsa qərblə fəal əlaqələr quracaq?

- Mən zamanında ermənilərlə çoxlu tədbirlərdə iştirak etmişəm. Az-çox onları tanıyıram. Onlar qərbə getməyə tam hazırdırlar. Həm də onların heç nə ilə hesablaşmadan Paşinyanın arxasınca getmələri bu baxımdan da maraqlıdır. Çünki istiqamət budur. Başa düşürlər ki, qərbə çıxmasalar batacaqlar. Çünki bu günə qədər Rusiyaya bağlı olublar və nəticə olaraq 2 milyon insan ölkəni tərk edib.


 



Xəbəri paylaş

1383 dəfə oxunub.

Digər xəbərlər