Tarix: 18-03-2021 | Saat: 23:23
Bölmə:Karusel / Sosial | çapa göndər
44 günlük Vətən Müharibəsi başa çatdıqdan sonra dövlət tərəfindən şəhid ailələrinin, qazilərin mənzil şəraitinin yaxşılaşdırılması üçün tədbirlər həyata keçirilməyə başlandı. Artıq yüzlərlə şəhid və qazi ailəsi yeni mənzillərlə təmin olunub. Lakin bu proses heç də həmişə problemsiz ötüşmür. Belə ki, rayon qeydiyyatında olan şəhid ailələrinin bəziləri Bakı şəhərində müvafiq mənzillə təmin olunma arzusundadır. Bununla bağlı redaksiyamıza müraciət edənlər də az deyil.
Maraqlıdır, ailə üzvləri rayon qeydiyyatında olan şəhid ailələrinə Bakıda mənzil verilə bilərmi?
Qarabaginfo.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Yenisabah.az-a verilən açıqlamada qeyd edilib ki, sözügedən vətəndaşlara mənzil və ya fərdi ev qeydiyyata alındıqları ərazi üzrə verilir:
“Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri qeydiyyatda olduqları rayon (şəhər) İcra Hakimiyyətlərində mənzil və ya fərdi ev növbəsinə qeydiyyata alınırlar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin vətəndaşların mənzil və ya fərdi ev növbəsinə qeydiyyata alındıqları rayon və ya şəhərdə mənzil və ya fərdi evlə təminatı həyata keçirilir”.
Məsələyə münasibət bildirən Milli Məclis deputatı Elman Məmmədov isə dövlətin bu məsələni ən yüksək səviyyədə diqqətdə saxladığını vurğulayıb:
“Hesab edirəm ki, şəhid ailələri, qazilər, hərbçilər ən yüksək qayğıya layiqdir. Onların fədakarlığı-şəhidlərimizin qanı, hərbçilərimizin qəhrəmanlığı hesabına biz bu gün qalib xalq kimi yaşayırıq, fəxr edirik. Nə ehtiyacı varsa, hamısının qarşılanmasının tərəfdarıyam. Onların bütün tələb və istəklərini həmişə müdafiə etmişəm, yenə müdafiə edəcəm. Lakin bu ev verilmə məsələsi nə mənim, nə də başqasının istəyi əsasında həll olunur. Bu, birbaşa dövlət başçısının nəzarətində olan məsələdir. O qazilərdən biri də mənim nəvəmdir. Müharibədə iştirak edib, yaralanıb, Prezidentimiz təltif edib. Kimliyindən asılı olmayaraq onların hər biri vətən uğrunda döyüşüb, canlarını fəda edib, sağlamlıqlarını itiriblər. Yaxud lap sağlamdırlar, mən istəyirəm ki, onların bütün arzuları həyata keçsin. Çünki onların qəhrəmanlığı nəticəsində biz qürurla hərəkət edirik”.
Digər xəbərlər