Saytımızı qiymətləndirin


 
 

Cavadov: "Laçının Meğri ilə dəyişdirilməsinin əleyhinə olduğumuzdan bizi təqib edirlər...” 
Tarix: 15-03-2021 | Saat: 19:47
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Cavadov:
Kimlərsə son zəfərimizdən yararlanaraq belə bir xain plan həyata keçirməyə çalışarsa, qarşılarında Azərbaycan xalqını görəcək...
 
Hüquqi baxımdan  dövlət çevrilişinə cəhd kimi səciyyələndirilmiş 1995-ci il Mart olaylarından artıq 26 il ötür. Müstəqilliyimizin bərpası ərəfəsindəki və sonrakı bir sıra hadisələr kimi,  xalqımız və dövlətçiliyimiz üçün  olduqca həlledici, həm də ziddiyyətli, kritik bir mərhələyə təsadüf edən və təəssüf ki, QARDAŞ QIRĞINIYLA nəticələnən həmin olayların da doğurduğu bir çox suallar  hələ də  dəqiq cavabını tapmayıb... 
 
Bu suallardan biri də bəhs edilən hadisələr zamanı qətlə yetirilən  Qarabağ savaşının od-alovundan keçmiş  “OMON” komandiri və sabiq Daxili İşlər Naziri müavini, polkovnik Rövşən Cavadovun  artıq o illərdə məşhur olan Laçın və Meğri  “dəhliz”lərinin dəyişdirilməsi ilə bağlı Pol Qobl planına münasibəti ilə əlaqədardır...
 
...1990-1994-cü illərdəki Qarabağ savaşı zamanı erməni terrorçularına qarşı döyüşlərdə, bir sıra məntəqələrimizin işğaldan azad edilməsində qəhrəmanlıqlar göstərimiş Xüsusi Təyinatlı Polis Dəstəsinin(rusca abreviaturası – “OMON”) komandiri və Daxili İşlər nazirinin müavini kimi polkovnik Rövşən Cavadovun xalq və ordu arasında böyük nüfuz qazanmış, hətta bir çox gənclər onu öz kumirinə çevirməsi danılmaz bir gerçəklik idi.  Ermənilərin onun başına pul qoyması haqda da məlumatlar dolaşırdı. Bu barədə, o zamanlar “Xalq” qəzetinin Qarabağ üzrə xüsusi müxbiri kimi çalışan  mərhum tanınmış jurnalist Ziyəddin Sultanov özünün “Ağdərədən gələn var” kitabında da yazmışdı... 
 
Rusiya və İsrail mediasında  nəşr edilən bir sıra materiallardan bəlli olurdu ki, Rövşən Cavadov artıq beynəlxalq siyasi güclərin və medianın diqqətini də cəlb edib... 
 
1994-cü ilin məlum 3-4 oktyabr olaylarından az sonra  “Xudu Məmmədov” Xeyriyyə Cəmiyyətinin “Nizami” metrosu yaxınlığındakı 16 mərtəbəli binadakı qərargahında bəndənizin də jurnalist kimi qatıldığı bir tədbir keçirildi.  Tədbirdən sonra keçmiş “OMON”  komandirinin binanın qarşısında  avtomobilə minməmişdən ayaqüstü dediyi, yanında dayanmış 3-4 şəxs və digər bir neçə jurnalistlə  bərabər   eşitdiyim bir cümləsi bu günədək qulağımdadır. Rövşən Cavadov belə söylədi:  “Biz Amerikanın məşhur Qobl planının, yəni Şuşa və Laçının Mehri  ilə dəyişdirilməsinin qəti əleyhinə olduğumuzdan bəzi xarici qüvvələr bizi təqib edir, məhv etməyə çalışır...” 
 
Sabiq Daxili İşlər nazirinin müavininin bilavasitə Qarabağla bağlı siyasətə qarışmasının doğru olub-olmaması başqa söhbətin mövzusudur. Ancaq Rövşən Cavadovun ayaqüstü söylədiyi həmin fikirlərdən sonra anladıq ki, Qarabağ döyüşlərini keçərək Daxili İşlər nazinin müavini vəzifəsinə yüksəlmiş bu polkovnik məşhur Pol Qobl planının əleyhinədir...
 
Təəssüf ki, Mart hadisələrinə artıq bir neçə ay qalmış bir gərgin dönəmdə mərhum polkovniklə görüşüb konkret bu mövzu barədə geniş açıqlama götürə bilmədik...
 
Keşmiş “OMON” komandirinin dediklərinin tam mahiyyətini açıqlaya, onun siyasi oyunların qurbanına çevrilməsində deyilənlərin rolunun olmasını qəti söyləyə bilməsək də, “CİA”nın (MKİ) SSRİ problemləri üzrə məşhur  analitiki, ABŞ Dövlət Departamentinin Kəşfiyyat və Araşdırma Bürosunun sabiq əməkdaşı,  həmin dövrdə Dövlət Katibinin xüsusi müşaviri işləmiş Pol Qoblun adı ilə bağlı olan Qobl planının məqsədi bəlli idi. 1992-cı ildən gündəmə gəlmiş həmin plana əsasən   Qarabağ “problemi”nin həlli aşağıdakı şərtlərlə aparılmalı olan ərazi mübadiləsində görülürdü: 
 
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi Azərbaycana tərəf axan çayların mənbələri ilə birlikdə Ermənistana verilir. Ermənistanın Azərbaycan Respublikasını Naxçıvanla birləşdirən Meğri rayonu ərazisi isə Azərbaycanın nəzarətinə keçir.
 
Qobl, planda “DQMV-nin bir hissəsi” dedikdə Kəlbəcər və “Laçındəhlizi” arasındakı bir sıra Azərbaycan ərazilərinin Ermənistan nəzarətinə verilməsini önə çəkirdi. Və əvəzində Azərbaycana Ermənistanın cənubunda yerləşən Meğri rayonundan Naxçıvana birləşmək üçün dəhlizin verilməsini nəzərdə tuturdu. Rövşən Cavadov, tərəfdarları, eləcə də bundan xəbərdar olan digər vətənpərvər vətəndaşlar, xüsusən yurd-yuvasını itirmiş qaçqın soydaşlarımız isə Laçın və Şuşa rayon mərkəzlərinin, eləcə də əsasən çılpaq təpə və dağlardan ibarət Meğri zolağından fərqli olaraq ətraf bir sıra zəngin təbiətli, meşəli-çəmənli, bulaqlı, çaylı, göllü, müxtəlif təbii sərvətli ərazilərin ermənilərə verilməsinin əleyhinə idi.  Aydındır ki, bu gün də Azərbaycan xalqını və dövlətini belə bir ərazi mübadiləsi ilə razılaşdırmaq çətin məsələdir...
 
Maraqlıdır ki, Pol Qobl 2014-cü ildə  Ermənistan mediasına açıqlamasında  guya Heydər Əliyevlə Robert Köçəryan 2001-ci ildə ABŞ-ın Ki-Uest şəhərində keçirilən Qarabağ danışıqlarında masa üzərindəki onun 1992-ci ildə təklif etdiyi varianta çox uyğun bir olan sənədlə  razılaşmaya çox yaxın olduğunu, lakin buna Rusiyanın imkan vermədiyini bildirib.... 
 
1999-cu il oktyabr ayının 27-də Ermənistan parlamentində 8 məmur, o vaxtkı parlament spikeri Karen Dəmirçiyan, baş nazir Vazgen Sarkisyan və bir neçə deputatın qətli ilə nəticələnmiş terror aktının da guya rəsmi Moskva tərəfindən Qobl planına uyğun Qarabağ razılaşmasının qarşısını almaq üçün törədilməsi barədəki versiyaları da nəzərə alsaq, 1995-ci il Mart olaylarının hansı xarici güclərə sərf etməsi barədə maraqlı ehtimallar ortaya çıxır.  Bu, heç də Qobl planının əleyhinə olanların “Rusiyanın adamı” olması anlamına gəlmir. Söhbət vətənpərvərlikdən, Qarabağdan, Vətənin ərazi bütövlüyündən gedir... 
 
Xülasə,  bəhs etdiyimiz mövzuda əsl gerçəyin nədən ibarət olmasını, öncə Allah, sonra da dünyaya Yeni Düzən verməyə çalışan super güclərin baş senaristləri bilər. Amma bir  gerçək də ortadadır ki, əgər bu gün də hansısa xarici və ya daxili qüvvələr Azərbaycan dövləti və ordusunun ərazimizin böyük hissəsinin azadlığıyla nəticələnmiş son zəfərindən yararlanaraq Qobl planına bənzər hansısa belə bir xain planı həyata keçirməyə çalışarsa, qarşılarında Azərbaycan xalqını görəcəklər...
 
Sultan Laçın
Moderator.az


Xəbəri paylaş

2748 dəfə oxunub.

Digər xəbərlər