Saytımızı qiymətləndirin


 
 

Ərşad Hüseynovdan Kamal Cəfərova cavab
Tarix: 02-03-2021 | Saat: 16:34
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Ərşad Hüseynovdan Kamal Cəfərova cavab

 

Hüquqşünas, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov İnzibati Xətalar Məcəlləsinə edilən düzəlişlərdə ciddi qüsurların olması ilə bağlı şərhinə deputat Kamal Cəfərovun cavabına yenidən reaksiya verib.

Qarabaginfo.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, Ə.Hüseynov deputatın arqumentlərini əsassız sayır: “Onun şərhi mənim iradlarımı nəinki təkzib etdi, hətta əksinə, fikrimi bir qədər də qətiləşdirməyimə, xüsusən də bu məsələdə belə yanlışlığa yol verilməsinin haradan qaynaqlandığını aydınlaşdırmağıma kömək etdi.

Cənab deputat deyir ki, mənim şərhim ictimaiyyətdə çaşqınlıq yarada bilər. Lakin həmin şərh heç bir çaşqınlıq yaratmayacaq, çünki qanunvericilikdə yol verilmiş onlarla belə boşluq, natamamlıq, məntiqsizlik təcrübədə müxtəlif üsullarla aradan qaldırılır.

Daha sonra hörmətli deputat hesab edir ki, mən bu layihəni diqqətlə oxumamışam və bu səbəbdən oradakı “nəqliyyat vasitəsini idarə etmək hüququ” ifadəsinə diqqət etməmişəm. Guya ki, həmin ifadə yol vərəqəsi ilə avtomobil idarə edilməsini aydın şəkildə ehtiva edir.

Lakin apponetimə xatırlatmaq istəyirəm ki, “Yol hərəkəti haqqında” qanundan aydın olur ki, bu ifadə istisnasız olaraq, müvafiq nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsinə malik olmanı ehtiva edir. Bunu yol vərəqəsi üzrə avtomobil idarə etmə kimi başa düşməyə yer yoxdur”.

Deputat  K.Cəfərov cavab yazısında qeyd edib ki, Məcəllənin 96.1.1-ci maddəsinin köhnə redaksiyadakı “yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas” sözləri yol vərəqəsini ehtiva edir.

Ekspert isə bildirib ki, burada həlledici ifadə “həmin nəqliyyat vasitəsini” ifadəsidir: “Deputat bu ifadəyə lazımi diqqət etməyib, çünki, bu ifadə bütövlükdə belədir: “sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas”.

Sürücülük vəsiqəsi və qeydiyyat şəhadətnaməsi sadalandıqdan sonra işlədilməsi konkret nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti kimi təfsir edilə bilər.

Lakin yeni layihədə vurğu sənədlərə yox, hüquqa edilir. Bu zaman “nəqliyyat vasitəsini idarə etmək hüququ” ilə yanaşı “nəqliyyat vasitəsinə sahiblik hüququ” ifadəsi işlədilir.

Hörmətli deputatın dediyi ki, “nəqliyyat vasitəsini idarə etmək hüququ” yol vərəqəsini ehtiva edirsə, bu mənada da işlədilirsə, onda qeydiyyat şəhadətnaməsi, etibarnamə, icarə müqaviləsi kimi sənədləri daha aydın və dəqiq ifadə edirmiş kimi sayılmalıdır.

Belə olan təqdirdə, həmin ifadələr (“nəqliyyat vasitəsini idarə etmək hüququ” və “nəqliyyat vasitəsinə sahiblik hüququ”) niyə yanaşı işlədilir, nəyə görə qanunda taftalogiyaya yol verilir?

İş burasındadır ki, yol vərəqəsi əsasında avtomobil idarə etmə ilə bağlı məsələ həm qanunda, həm də Məcəllədə həmişə arxa planda qalıb. Ona görə bu layihədə də belə bir sənəd barədə unudulub və fərqinə varmadan düzəliş edilib.

Hörmətli deputatın bu istiqamətdəki iradlarının yersiz olduğunu təsdiqləmək üçün gətirdiyim arqumentlər yetərlidir”.

Ə.Hüseynov qeyd edib ki, sürücünün özü ilə hansı sənədi gəzdirməsi, yol polisi ilə ünsiyyət, ona hansı sənədi təqdim etməli olması Məcəllənin deyil, Yol hərəkəti haqqında” qanunun predmetidir: “İnzibati Xətalar Məcəlləsi inzibati məsuliyyətlə bağlı məsələləri tənzimləyir”.

 

 



Xəbəri paylaş

1426 dəfə oxunub.

Digər xəbərlər