Saytımızı qiymətləndirin


 
 

Fransanın işğalçı Ermənistana hərbi yardım cəhdləri və Rusiya faktoru – ANALİZ
Tarix: 15-02-2021 | Saat: 12:47
Bölmə:Karusel / Gündəm / Qarabağ | çapa göndər

 

2021/02/5566-1613370521.jpg
     
Qarabağ münaqişəsinin həll edilməsində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun üzvlərindən biri olan Fransa Qarabağ müharibəsində bitərəfliyini pozaraq açıq şəkildə Ermənistanın yanında olub. Fransa öz prezidentinin timsalında beynəlxalq hüquqda vasitəçilər üçün müəyyən edilmiş norma və prinsiplərə məhəl qoymayaraq Azərbaycan Silahlı Qüvvələrinin ərazilərini geri qaytarmasına imkan verməyəcəklərini bəyan edib.

Ermənistanla Fransa arasında hərbi və hərbi-texniki əməkdaşlıq əsasən danışıqlar prosesində mövcuddur, ancaq inkişaf etmiş bir müqavilə bazasına və etibarlılıq zəmanətlərinə sahib deyil.

Fransa, digər NATO ölkələri kimi, Cənubi Qafqazda hərbi-siyasi nüfuzunu genişləndirməyə, silah ixrac edilməsi sahəsində yer tutmağa və Rusiyanı sıxışdırmağa çalışır. Fevralın 5-də Ermənistan Müdafiə naziri Vağarşak Harutyunyan Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Conatan Lakotu qəbul edib. Görüşdə Fransa səfirliyinin hərbi attaşesi Deni Pit də iştirak edib. Regional təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq ilə bağlı məsələləri müzakirə ediblər.

Eyni zamanda səfir Lakot qeyd edib ki, 44 günlük müharibə zamanı və hərbi əməliyyatların dayandırılmasından sonra vəziyyət daim Fransa rəhbərliyinin diqqət mərkəzində olub, narahatlıqlarını bildirib və vəziyyətin son olaraq sabitləşdirilməsi üçün səylər göstərilir.

Səfir bir sıra əməkdaşlıq proqramları təklif edib. Ermənistan Müdafiə Nazirliyinin bəyanatına əsasən, növbəti ay ərzində əməkdaşlığı inkişafına yönəlmiş bir sıra tədbirlərin həyata keçirilməsi ilə bağlı razılaşma əldə olunub. İndiyə qədər Parisin hərbi yardımı İrəvanda mücərrəd bir şey kimi görünürdü. Ötən ilin payızında Qarabağda hərbi əməliyyatlar fonunda Fransanın Ermənistana dəstəyi şifahi xarakter daşıyırdı (bunu fevralın 5-də Lakot da təsdiqlədi).

Ancaq müharibə dövründə Fransanın bitərəfliyini təkcə diplomatik dəstəklə yox, eyni zamanda hərbi dəstəklə pozduğuna dair açıqlamalar mövcuddur. Belə ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Davit Şahnazaryan müharibədən sonra bildirib ki, Fransa Ermənistana PUA-lara qarşı mübarizə sistemləri göndərmək təklif edib, ancaq Paşinyan qəbul etməyib.

Tibbi avadanlıqlardan və dərman vasitələrindən ibarət olan humanitar yüklü ilk təyyarə Fransadan İrəvana yalnız noyabrın 27-də, sülhə nail olduqdan 16 gün sonra gəlib. Rusiyanın bölgədəki səyləri ilə müqayisədə Qarabağın erməni əhalisinə kömək üçün Fransanın kompleks proqramı simvolik görünür.

Bəs Fransa səfirinin Ermənistanın müdafiə qabiliyyəti problemlərinə qarşı kəskin və məsuliyyətli diqqəti nə ilə əlaqədardır? Paris, Brüssel və Vaşinqtonun Moskvanın NATO üçün həssas bölgə olan Cənubi Qafqaz regionunda münaqişənin nizama salınması işində həddindən artıq çox şeyi üzərinə götürdüyünü düşünməsi məlumdur.

Fransa iki xalqın çoxdankı dostluq əlaqələrindən (və Parisin nüfuzlu erməni diasporu) istifadə edərək təşəbbüsü öz əlinə götürməyə və Rusiyanı “bir kənara atmağa” çalışır.

Paris nə təklif edə bilər?

2020-ci ilin 10 noyabr üçtərəfli sülh razılaşması ilə Qarabağda yerləşdirilmiş sülhməramlı kontingentin tərkibində Fransa qoşunlarının mövcud olması nəzərdə tutulmayıb. İrəvan və Paris arasında hərbi və hərbi-texniki əməkdaşlığın bəzi məhdudiyyətləri KTMT-yə üzvlük, Ermənistan və Rusiya qoşunlarının birləşmiş qruplaşması və birləşmiş HHM sisteminin mövcud olması, eləcə də Ermənistan Müdafiə Nazirliyinin 634 milyon dollar dəyərində kifayət qədər təvazökar büdcəsi ilə əlaqədardır.

Fransadan silah və hərbi texnika tədarükü bahalıdır, Paris tərəfindən güzəştli kreditlər isə az mümkündür və məcburidir. Fransa ənənəvi olaraq silah ixracatçılarının ilk beşliyindədir (dünya bazarının təxminən 8 faizi). İxracat strukturunda raket silahı (23 faiz), radioelektronika (22 faiz) və aviasiya texnikası (21 faiz) üstünlük təşkil edir. Milli şirkətlər əsasən inkişaf etməkdə olan 130 ölkəyə məhsul tədarük edir. Ən böyük idxalçılar Hindistan, Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Qətərdir. Cənubi Qafqaz daha kiçik ölçü ilə “yer tutub”.

Paris 2015-2016-cı illərdə Azərbaycana 148 milyon avro dəyərində silah tədarük edib və təkcə 2019-cu ildə “patent”lər üçün ümumi olaraq 216,4 milyon avro, eləcə də “hədəflərin müşayiət olunması və aşkarlanması vasitələri” üçün 190 milyon avro verilib. Bundan başqa, Azərbaycan “BAE Systems” və “Leonardo” məhsulunu, eləcə də “Airbus”un törəmə şirkəti olan “MBDA”dan raketləri ala bilər.

“ASTER-30-SAMP/T” orta və uzun mənzilli HHM sistemləri, eləcə də “VL MICA” sistemi bu siyahıya daxildir. Müqavilə 3 milyard avroya qədər qiymətləndirilir. Fransanın “L'OBS” nəşri qeyd edir ki, rəsmi Paris nüfuzlu erməni diasporu və Azərbaycanın neft gəlirlərinin qalın portfeli arasında “bölünür”.

2018-ci ilin yazında qonşu Gürcüstanda da Fransa istehsalı olan hərbi texnika müşahidə edilib. Tiflis “ThalesRaytheonSystems” şirkətinin quru əsaslı universal çoxməqsədli HHM vasitələri toplusuna və “VL MICA” zenit-raket komplekslərinə 77,63 milyon avro xərcləyib. Birləşmiş Ştatlar və “Coface” özəl sığorta şirkəti (Compagnie Francaise d’Assurance pour le Commerce Exterieur) varlı ölkə olmayan Gürcüstana kömək edib.

Əlbəttə, bənzər yardım faizlərin qaytarılmasını və başqa nəticələri nəzərdə tutur: Gürcüstan HHM sistemlərini NATO sisteminə inteqrasiya etməyə məcburdur. Rusiya və Cənubi Qafqaz sərhədləri yaxınlığında ittifaqın artan hərbi aktivliyini nəzərə almaqla fransız HHM sistemləri çətin ki, gürcü xalqının təhlükəsizliyini artırsın. Yeri gəlmişkən, Tiflis çoxdandır Vaşinqton və Brüsselin xarici siyasət izləri ilə gedir.

Obyektiv reallıq

İrəvan Qərbin təsirinə daha az məruz qalıb, buna görə də Parislə hər hansı silah müqaviləsinin həyata keçirilməsinə mane ola bilən sanksiyalardan (“tərbiyə” məqsədləri ilə) tam şəkildə sığortalanmayıb. Xatırladım ki, daha əvvəl fransız tərəfdaşlar Krımı qaytarmağa görə “Rusiyanı cəzalandırıblar”, yəni Rusiyanın hərbi dəniz donanması üçün “Mistral” tipli universal desant gəmilərinin inşa edilməsi üçün milyard dollarlıq müqavilə ilə nəzərdə tutmuş öhdəliklərini yerinə yetirməyiblər.

Rusiyanın Federasiya Şurasının Müdafiə və təhlükəsizlik komitəsinin sədri Viktor Bondarev Rusiya-Fransa hərbi-texniki əməkdaşlığının qeyri-sabitliyini Aİ-nin sanksiya siyasəti və Fransa Respublikası rəhbərliyinin siyasi iradəsinin çatışmazlığı ilə izah edir. Əslində, Parisin Vaşinqtonun hərbi-siyasi maraqlarına necə tam şəkildə tabe olduğunu görürük. Ermənistan perspektivdə hərbi inşaat məsələlərində asılılıq, geosiyasi güzəştlər və NATO-ya tabe olmaq ilə Fransaya “ödəniş etməyə” hazırdır?

Noyabrın sonunda Fransa Senatı (parlamentin yuxarı palatası) qondarma qurumun tanınması barədə qətnaməni (məsləhət xarakterli) yekdilliklə qəbul edib. Lakin faktlar inadkar şeydir. 2020-ci ilin oktyabrında Parisin siyasi gedişləri Türkiyə səfirliyi və Zəfər Tağının yaxınlığındakı mitinqlərlə məhdudlaşıb.

Eləcə də pul toplanması ilə məhdudlaşıb, lakin pul özü-özü ilə mübarizə apara bilməz. Sülh şəraitində Fransa Rusiyanın Ermənistan və Cənubi Qafqazdakı mövcudluğunu (təsirini) zəiflətmək üçün hərbi yardımını (naməlum həcmdə və keyfiyyətdə) təklif edir.

Halbuki Ermənistan təkcə iki il ərzində Rusiyadan alınmış (Rusiyanın daxili qiymətləri ilə) 12 çoxfunksiyalı Su-30SM qırıcısının ilk partiyasını (4++ nəsil), “Tor-M2KM” zenit-raket kompleksi əldə edib. Bu, “İsgəndər-E” raket sistemlərinə, TOS-1A “Solntsepek” ağır artilleriya sistemlərinə, “Smerç” raketlərinə əlavədir. 2020-ci ildə MDB-nin birləşmiş HHM sisteminin inkişafı üçün 18 milyon dollardan çox vəsait ayrılıb (bu sistemin iştirakçısı olan yeddi ölkə qrupuna Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan daxildir).

Bundan əvvəl Moskva İrəvana rus silahlanması ilə bağlı ümumi qiyməti 300 milyon dollar olan bir neçə güzəştli kredit vermişdi. Silahlanmanın bir hissəsi birgə müdafiə quruluşu çərçivsəində Ermənistana pulsuz tədarük olunur (məsələn, S-300 zenit-raket komplekslərinin iki divizionu). Rusiya Ermənistanın müdafiə qabiliyyətini gücləndirməyə davam etmək niyyətindədir.

Ermənistanda və Cənubi Qafqazın digər respublikalarında NATO ölkələrinin aktiv “xeyirxahlığı” “uzaq” tərəfdaşları Vaşinqtonun orbitinə gətirmək cəhdləridir. Pentaqon və ittifaqa “gücün proyektləşdirilməsi” üçün cənuba doğru İrana qarşı, şimala doğru Rusiyaya qarşı uyğun regional platforma lazımdır. Digər mənalar ikinci dərəcəlidir.Ordu.az
Firuz Bağırov


Xəbəri paylaş

1400 dəfə oxunub.

Digər xəbərlər
20-04-2022, 21:46 Neftçalada zəlzələ olub