Tarix: 08-10-2026 | Saat: 08:28
Bölmə:Karusel / Dünya | çapa göndər
ABŞ Prezidenti Donald Tramp daha bir müharibənin tezliklə başa çatdırılmasına nail olacağını vəd edib.
Tramp bu barədə Ağ Evin Oval kabinetində jurnalistlərlə söhbəti zamanı bildirib.
ABŞ Prezidenti Nobel Sülh Mükafatına layiq görülmüş şəxslərdən daha çox iş gördüyünü iddia edib.
“Nobel Sülh Mükafatını alıb-almamağımdan asılı olmayaraq, mən bu mükafatın laureatlarından qat-qat çox iş görürəm”, – Tramp deyib.
O hesab edir ki, Norveç Nobel Komitəsinin ona Sülh Mükafatını verməməsi qurumun öz nüfuzuna zərbə vurur.
“Düşünürəm ki, bu, onlar üçün böyük nüfuz itkisi olardı. Bunu onlara hörmətsizlik etmək üçün demirəm”, – ABŞ Prezidenti bildirib.
Tramp prezidentliyi dövründə səkkiz müharibənin başa çatdırılmasına nail olduğunu iddia edərək daha bir münaqişənin həllinin yaxınlaşdığını vurğulayıb.
“Mən səkkiz müharibəni başa çatdırmışam. Daha biri də yoldadır”, – o deyib.
ABŞ Prezidenti bundan əvvəl Ukraynadakı müharibənin də kifayət qədər tezliklə başa çata biləcəyini söyləyib.
Tramp bütün girovların azad edilməsinə nail olduğunu da iddia edib.
“Mən bütün girovları azad etmişəm. Heç kimin indiyədək bacarmadığı işləri görmüşəm. Özümü tərifləmirəm, sadəcə faktları sadalayıram”, – o bildirib.
ABŞ Prezidenti 2009-cu ildə Nobel Sülh Mükafatının sabiq prezident Barak Obamaya verilməsini də tənqid edib.
“Obama bu mükafatı aldı, halbuki heç nə etməmişdi. O, hələ də mükafatı nəyə görə aldığını bilmir. Prezident seçildikdən dərhal sonra, vəzifəsinin lap əvvəlində bu mükafata layiq görüldü. Bunun səbəbi barədə heç bir təsəvvürü yox idi”, – Tramp deyib.
Digər xəbərlər

















