Tarix: 26-09-2026 | Saat: 18:20
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Qeyri-maddi investisiyalar: gələcəyin kapitalı və iqtisadi artımın yeni hərəkətverici qüvvəsi” mövzusunda panel müzakirə təşkil olunub.
Qarabaginfo.az xəbər verir ki, Böyük Britaniyanın “TP Engineering Services LLP” şirkəti ilə əməkdaşlıq çərçivəsində keçirilən tədbirdə qeyri-maddi aktivlərin məhsuldarlığın, rəqabət qabiliyyətinin və uzunmüddətli iqtisadi artımın yeni mənbəyi kimi rolu nəzərdən keçirilib.
Müzakirələrdə əqli mülkiyyətə, proqram təminatına, məlumatlara, tədqiqat və inkişafa, brendlərə və təşkilati imkanlara investisiyaların əhəmiyyəti diqqətə çatdırılıb. Həmçinin qeyri-maddi aktivlərin qiymətləndirilməsi, uçotu və maliyyələşdirilməsi, bu sahədə maliyyə institutları və investorların rolu, eləcə də bilik əsaslı investisiyaları təşviq edən hüquqi və institusional çərçivələrin formalaşdırılması məsələləri müzakirə olunub.
Paneldə innovasiya, nou-hau və intellektual kapitalın biznes dəyərinə, ixrac imkanlarına və yeni investisiyalara çevrilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Müzakirəyə “AnewZ”-in təmsilçisi Teodor Geonov moderatorluq edib. Paneldə SOCAR-ın vitse-prezidentinin müavini Hikmət Abdullayev, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Avstriyanın POERNER şirkətinin Şərqi Avropa və MDB ölkələri üzrə satış direktoru Albert Traxler, “TP Engineering and Consultancy” şirkətinin təsisçisi və baş icraçı direktoru Rüstəm İsmayılov, “Caspian Business Hub”-ın layihələrin inkişafı üzrə rəhbəri Nərmin Cəfərova və beynəlxalq peşəkar xidmətlər şirkəti “KPMG Azərbaycan”ın idarəedici tərəfdaşı Vitali Yakovlev iştirak ediblər.
Digər xəbərlər



















