Saytımızı qiymətləndirin


 
 

Snayperin vurduğu baş leytenant - “Azad etdiyi torpaqdan gətirib məzarına səpdim” - Şəhid ATASI
Tarix: 03-02-2021 | Saat: 13:58
Bölmə:Karusel / Gündəm / Qarabağ | çapa göndər

İkinci Qarabağ müharibəsi cəmiyyətə elə simalar tanıtdı ki, bəzən həmin qəhrəmanları yaxından tanımadığımız üçün peşmanlıq hissi keçiririk. Bu savaş bizə həm kədər, həm də sevinc hissini eyni anda yaşamağı öyrətdi. Qəhrəmanlarımızın döyüş yolu, göstərdiyi şücaətlər ailə üzvlərindən və ya silahdaşlarının xatirələrindən bizə əyan olur. Şəhidlərimiz Azərbaycan tarixinə dərin, bir ömür unudulmayacaq izlər buraxdı.

 


Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı ilə yaddaşlara həkk olunan igidlərdən biri də baş leytenant Səid Nofəl oğlu Rəşidzadədir.


Səid Rəşidzadə 1990-cı ilin yanvarın 28-də Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olub. 1993-cü ildə ailəsi ilə birgə Bakı şəhərində məskunlaşıb. 1996-2007-ci illərdə Bakı şəhəri S.Yolçuyev adına 207 nömrəli tam orta məktəbdə təhsil alıb. Daha sonra 2007-2011-ci illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələri sıralarında hərbi xidmətə başlayıb. Ağdərə istiqamətində zabit kimi hərbi xidmətdə olub.

Səid Rəşidzadə Vətən müharibəsində Füzuli, Hadrut, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib.


Şəhidin atası Nofəl Qasımov Modern.az-a Səid haqqında daha ətraflı danışıb.


“Mənim azad edə bilmədiyim torpağı oğlum azad etdi…”

“Mən Səid yaşda, 31yaşım olanda Füzuli rayonu İcra Hakimiyyətinin başçısı təyin edilmişdim. Həmin vaxtlar o torpaqlarda mən döyüşürdüm. Birinci Qarabağ savaşında Füzuli Özünümüdafiə batalyonunu komandiri kimi.

Düzdür, neçə dəfə hücum etdim, itkilər versəm də, Hadrutu azad edə bilmədim. Çünki o zamanlar bu qədər təcrübəmiz yox idi.

Həmin vaxtlarda Səidin 3 yaşı var idi. Onu səngərə aparıb, silahdan atəş açmağı öyrədirdim. Oğlum mənim azad edə bilmədiyim torpağı, öz qanı ilə aldı.

Səidin arzusu hərbçi olmaq idi. Onu vətən uğrunda getdiyi heç bir yoldan saxlamamışam. Hər zaman “gedirəm” deyəndə, “uğur olsun” söyləmişəm”.


Səid Rəşidzadə hələ 2016-cı ilin aprel döyüşlərində general Polad Həşimovla birgə döyüşüb:

“Səid 2016-cı ildə baş verən aprel döyüşlərində Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun rəhbərliyi altında döyüşüb. Talış yüksəkliyinin düşməndən geri  alınmasında iştirak edib.
2018-ci ildə Ordudan tərxis olunub, ehtiyata buraxılıb. 2020-ci ilin iyulunda baş verən Tlovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid xəbərini eşidəndə Səid çox pis oldu və özünə qapandı.

O, döyüş yoldaşı general Polad Həşimovun qisasını almaq üçün müharibənin başlamısını gözləyirdi”.



“Müharibə başlayanda ürəyi dözmədi, cəbhəyə getdi…”

“Sentyabrın 27-də Vətən müharibə başlayanda Səid zabit kimi döyüşə getmək üçün müraciət etdi. Əvvəlcə ehtiyac olmadığını deyib, qəbul eləmədilər. Amma Səid gözləmədi.

Cəbhəyə getdi. Əvvəlcə 1 həftə Ağcabədidə könüllülər hazırladı. Daha sonra Füzuli rayonunun Horadiz kəndi istiqamətində döyüşlərə atıldı və irəliyə doğru 42 km döyüşdü. Hadrutun girişində Şişqaya deyilən yüksəkliyi azad edib, bayrağı sancan zaman snayper gülləsi ilə vuruldu. Döyüş yoldaşları köməyə gəlsə də, onu xilas etmək mümkün olmadı. Oğlum ən uca zirvəyə, Şəhidlik zirvəsinə yüksəldi”.


“Azad etdiyi yüksəkliyə bayraq sancanda vurulub…”

“Həmin yüksəkliyi gedib ziyarət etdim. Şişqaya Hadrutun girəcəyində yerləşir. Oradan bir ovuc torpaq gətirib oğlumun məzarı üzərinə səpdim.

Səid döyüş müddətində sinəsində bayraq gəzdirərmiş. İlk hansı kəndi azad etsəydilər, həmin bayrağı oraya sancacaqdı. Şişqaya yüksəkliyinin alınması üçün göstəriş gəlib. Səid olan bölük həmin ərazini təmizləyib. O, sinəsindəki bayrağı Şişqaya yüksəkliyinə sancan zaman snayperlə vurulub. Yoldaşları bayrağın üzərinə Səidin adını yazıb, həmin yüksəkliyə sancıblar. Oktyabrın 11-də Səidin şəhid xəbəri gəldi və 12-də isə Hadrutun azad olunduğu deyildi”.


“Səid kaskasız, bronijiletsiz döyüşürmüş…”

“Oğlumla aramızda sərhəd var idi deyə, onun haqqında çox şeyi bilmirdim. Yoldaşları indi mənə Səidin necə döyüşdüyüi, hansı keyfiyyətlərə malik hərbiçi olduğu barədə danışırlar.

Onların sözlərinə görə, Səid əsgərləri qorxmasın deyə bronjiletsiz, kaskasız döyüşürmüş. Özünü hər döyüşdə irəli atarmış. Maaşı verilən kimi siqaret alıb, əsgərlərinə paylayarmış”.


“Vətən sağ olsun”…

“Səidin bir sözü var idi – “Vətən sağ olsun”. Hər nə olurdusa, bu sözü deyirdi. Müharibəyə yollandığı zaman da “Ata, vətən sağ olsun” dedi və getdi.

Son dəfə oktyabrın 9-u mənə zəng etdi. Bir az danışdıq. Harada olduqlarını soruşdum. Daha sonra “soyuq su içməyin” dedim. Sən demə onlar heç su tapmırmışlar. Oktyabrın 11- də şəhid xəbərini aldıq”.



Şəhidimiz əsl hərbiçi xasiyyətində idi…

“Səid özünə çox qapalı bir oğlan idi. Arzularından, istəklərindən danışmazdı. Amma əsl zabit idi. Hərbiçi necə olursa, elə biri idi. Maraqlıdır ki,  dostları ondan danışanda deyirlər ki, çox gülərüz imiş. 
Səid tanıdı-bildiyi admalardan kimin nə problemi olurdusa, həll etmək üçün mənim yanıma gətirirdi. Heç kimə hərbiyə aid bir söz belə demirdi”. 


Səid ata kəndini azad etdi…

“1992-93- cü illərdə mən döyüşən zaman 125 şəhid vermişdim. Oğlum da 126-cı şəhidim oldu. Səidin şəhid xəbəri gələn zaman ilk düşündüyüm bölüyü kimin idarə edəcəyi oldu. Çünki müharibədə komandir lazımdı. Şəhidə hər zaman ağlaya bilərik. Amma biz qələbə çalmalıyıq. Biz indiyə qədər gənclərimizə fərasətsiz biriləri kimi baxmışıq. Amma gənclərimiz 44 günlük müharibədə hər şeyi sübut etdilər.  

Səid şəhid olduqdan sonra onun nəşini Füzulinin Babı kəndində torpağa tapşırdım. Səid ata kəndimizi özü azad etdi”. 

“Biz Səidin qisasını aldıq…”

Səid Rəşidzadənin döyüşdüyü taborun komandiri, mayor Hacı Rəhimov şəhidi  belə xatırlayır…


“Mən Səidgilin tabor komandiri idim. Səid müharibənin 5-ci günündən bizimlə birgə döyüşüb. O, mənə deyəndə ki, müharibəyə könüllü gəlib, həmin an onun necə mərd, cəsur döyüşçü olduğunu anladım. Döyüş tapşırıqlarını yerinə yetirən zaman demək olar ki, Səidlə birgə olduq. O, heç nədən qorxmayan, çəkinməyən bir savaşçı idi. Ona necə dəfə ehtiyatlı olmağı barədə xəbərdarlıq etmişdim.

Səidlə Hadrut istiqamətindəki yüksəklikləri təmizləyə-təmizləyə irəliləmişik. Orada düşmənin bir neçə postu qurulmuşdu. O yüksəkliklər təmizlənməsəydi, Hadruta giriş mümkün olmazdı. O yüksəkliyi təmizləyən zaman böyük qarşıdurma oldu, Səid düşmənin bayrağını endirib, Azərbaycan bayrağını həmin yüksəkliyə sancan zaman snayper gülləsinə tuş gəldi.

Biz Səidin qisasını aldıq, orada dalğalanan bayrağın üzərinə Səidin adını yazdıq.

Səid kimi oğullarımızın vətən uğrunda şəhid olması çox qürurvericidi. Şəhid ailələri başlarını dik tutsunlar”.


Baş leytenant Səid Rəşidzadə ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin alınması uğrunda” medalları ilə təltif olunub.



Modern.az



Xəbəri paylaş

1419 dəfə oxunub.

Digər xəbərlər