Saytımızı qiymətləndirin


 
 

Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Tarix: 23-08-2026 | Saat: 22:24
Bölmə:Karusel / Siyasət | çapa göndər

Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - YENİLƏNİB 2

Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib.

Qarabaginfo.az xəbər verir ki, əvvəlcə Özbəkistan ilə Azərbaycan arasında dostluq, ticarət və investisiya əməkdaşlığı haqqında qısa film nümayiş olundu.

Sonra Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxış edərək dedi.

-Hörmətli İlham Heydər oğlu, əziz qardaşım. İclasın hörmətli iştirakçıları.

Sizi və qardaş Azərbaycan nümayəndə heyətini Daşkənddə bir daha səmimi-qəlbdən salamlayıram. Özbəkistana xoş gəlmisiniz.

Sizin səfəriniz bizim üçün ortaq tarix, mədəni yaxınlıq və qarşılıqlı hörmətlə bir-birinə bağlı olan, ruhən yaxın dövlətlərin görüşüdür. Bu gün Ali Dövlətlərarası Şuranın artıq üçüncü iclasını açırıq. Bu mexanizmin qüsursuz fəaliyyəti ölkələrimizin əldə etdiyi müttəfiqlik münasibətlərinin ən yüksək səviyyəsinin ən yaxşı nümayişidir.

Gündəlikdəki məsələlərə keçməzdən əvvəl, hörmətli İlham Heydər oğlu, Sizi Azərbaycanda həyata keçirdiyiniz uzaqgörən dərin islahatlar kursunun uğurla reallaşdırılması münasibətilə təbrik etmək istəyirəm. Biz qardaşlar və müttəfiqlər olaraq Azərbaycan iqtisadiyyatının necə dinamik və dayanıqlı inkişaf etdiyinə, yeni sahələrin və müasir infrastrukturun yaradılmasına səmimi-qəlbdən sevinirik. Bütün bunlar Azərbaycan xalqının rifahının sabit şəkildə yüksəlməsinə gətirib çıxarır. Sizin qətiyyətlə həyata keçirdiyiniz suveren siyasət ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə, Cənubi Qafqazda sülh və quruculuq gündəliyinin irəlilədilməsinə xidmət edir.

Ötən ilin avqustunda Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin tarixi görüşünü və Birgə Bəyannamənin imzalanmasını Sizin şəxsi diplomatiyanızın parlaq qələbəsi kimi qiymətləndiririk. Sizi bir daha təbrik edir, Sizə yeni böyük uğurlar arzulayıram.

Hörmətli iclas iştirakçıları.

Biz ikitərəfli münasibətlərimizi tamamilə tarixi bir zirvəyə çatdırmışıq. Bunun təsdiqi kimi, hazırkı sammitin yekunları üzrə Əbədi dostluq haqqında tarixi Müqavilənin imzalanmasını göstərmək olar.

Ən başlıcası odur ki, strateji tərəfdaşlığımızın və müttəfiqliyimizin hər bir müddəası konkret, real işlərdə öz əksini tapır. Son beş ildə qarşılıqlı ticarətin həcmi 3 dəfə artıb, birgə layihələrin ümumi portfeli isə 5 milyard dolları ötüb. Bu da heç də son hədd deyil. Səfərə hazırlıq çərçivəsində Hökumətlərarası Komissiyanın iclası, Biznes Şurasının və Regionlar Forumunun toplantıları uğurla keçirilib və həmin tədbirlər çərçivəsində birgə layihə və proqramların icrası üzrə sıçrayış xarakterli təşəbbüslər hazırlanıb. İndi iki ölkənin hökumətlərinin, nazirliklərinin və idarələrinin əsas vəzifəsi onların səmərəli icrasını təmin etməkdir. Biz Dövlətlərarası Şuranın iclasını hər dəfə keçirərkən İlham Heydər oğlu ilə birlikdə həmişə sizə deyirik ki, məsələləri ciddi nəzarətə götürəcəyik.

Hərtərəfli əməkdaşlığımızın prioritet istiqamətlərini qısaca diqqətinizə çatdırmaq istəyirəm:

Birincisi, regional və beynəlxalq platformalarda ortaq maraqlarımızı təşviq etmək məqsədilə xarici siyasət idarələrimiz arasında sıx koordinasiyanı davam etdirmək vacibdir. Həmçinin məhdud formatda parlamentlər, hökumətlər, nazirliklər, idarələr və bölgələrimiz arasında əlaqələrə güclü təkan vermək barədə razılığa gəldik.

İkincisi, indi dediyim kimi, ən yaxın hədəfimiz 1 milyard dollarlıq ticarət dövriyyəsi həddinə çatmaqdır. Bunun üçün əsas bu gün qəbul etdiyimiz və həmin mühüm mərhələyə çatmaq üçün konkret tədbirləri müəyyənləşdirən proqram olacaq.

Üçüncüsü, sənaye kooperasiyasının dərinləşdirilməsinə xüsusi diqqət yetiririk. Ölkələrimizin biznes icmaları geologiya, energetika, kimya, maliyyə, tikinti, kənd təsərrüfatı və digər sahələrdə bir sıra layihələri uğurla həyata keçirir. Bu iclas çərçivəsində yeni layihələrə start verəcəyik. Təşəbbüsləri dəstəkləmək üçün birgə investisiya şirkətindən vəsaitləri fəal şəkildə cəlb etməliyik. İlham Heydər oğlu ilə razılaşdıq ki, 500 milyon vəsaiti tez bir zamanda istifadə etməliyik, sonra isə bu fondu artıracağıq. Çünki onun vəsaitlərini düzgün istiqamətdə tətbiq etmək üzrə yaxşı birgə təcrübə əldə etmişik. Bugünkü iclasda ticarətin artırılması və əməkdaşlığın dərinləşdirilməsi üzrə müfəssəl planlarına dair Hökumətlərarası Komissiyanın həmsədrlərini dinləyəcəyik.

Dördüncüsü, nəqliyyat nazirlərimizin qarşısında ciddi vəzifələr durur. Orta Dəhlizin inkişafı çərçivəsində Xəzərdə birgə donanmanın istifadəyə verilməsini sürətləndirməliyik. Həmçinin Xəzər dənizində vahid operatoru olan ayrıca Özbəkistan-Azərbaycan dəhlizi yaratmaqda maraqlıyıq.

Beşincisi, müttəfiqliyimiz çoxəsrlik ortaq tarixə və iki qardaş xalqın mədəni dəyərlərinin yaxınlığına əsaslanır. Bu zəngin irsi diqqətlə qorumaq və artırmaq, müntəzəm olaraq qarşılıqlı Mədəniyyət günlərini lazımi miqyasda keçirmək bizim borcumuzdur. Həm də bu cür tədbirlər yalnız paytaxtlarda deyil, ölkələrimizin bölgələrində keçirilməlidir. Bu gün biz birlikdə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binasını açacağıq və Yeni Daşkənddə “Azərbaycan” parkının tikintisinə start verəcəyik.

Xalqlarımızı daha da yaxınlaşdırmaq üçün Nizami Gəncəvi ilə Əlişir Nəvai arasında birgə filmlərin, ədəbi körpünün yaradılmasını təklif edirik. Bu, xalqlarımız üçün gözəl yaxınlaşma imkanı və gənclər üçün nümunə olardı. Biz belə silsilə filmlər yaratmalıyıq.

Biz bu ilin payızında Azərbaycanda iki ölkənin aparıcı universitetlərinin rektorlarının ikinci forumunun keçirilməsini dəstəkləyirik. Gələn il ölkələrimiz mühüm idman tədbirinə - gənclər arasında futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək. Bununla əlaqədar yarışlardan əvvəl keçirilən idman, mədəni və gənclər tədbirlərimizi bir araya gətirəcək genişmiqyaslı “İki ölkə - bir çempionat” proqramı hazırlamalıyıq. Həmçinin gənclərin təkcə idman arenalarında deyil, həm də intellektual fənlərdə yarışa biləcəyi Özbəkistan-Azərbaycan İdman Oyunlarının yaradılmasını təklif edirik. İlham Heydər oğlu, bunu komandalarımıza həvalə etsək, çox gözəl olardı.

Hörmətli iclas iştirakçıları.

Ölkələrimiz regional konsolidasiyanı və əməkdaşlığın gücləndirilməsini dəstəkləyir. Daşkəndin və Bakının regionlararası inteqrasiyanın əsas hərəkətverici qüvvələri kimi öz rollarını təmin etmələri sevindirici haldır. Azərbaycanın Məşvərət Görüşləri formatına qoşulması iki region arasında iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi üçün yeni üfüqlər açıb. Ortaq səylərlə səmərəli şəkildə yeni geoiqtisadi reallıq - birgə inkişaf üçün güclü potensiala malik vahid, özünü təmin edən makroregion yaradırıq.

Bu gün çoxşaxəli Özbəkistan-Azərbaycan tərəfdaşlığının digər məsələlərini də müzakirə edəcəyik. Bilməlisiniz ki, biz, sözün əsl mənasında, hər bir sahə üzrə əlimizdə qələmlə araşdırma aparmışıq. İlham Heydər oğlu ilə bütün digər istiqamətlərdə güclü, böyük layihələr həyata keçirmək üçün qarşılıqlı yaxşı istəyimiz var.

İlham Heydər oğlu, məmnunluqla sözü Sizə verirəm. Buyurun.



Xəbəri paylaş

51 dəfə oxunub.

Digər xəbərlər