Tarix: 30-06-2026 | Saat: 12:18
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
2025-ci ildə Azərbaycanda qeyri-neft sektoru üzrə ümumi daxili məhsul (ÜDM) 92,3 milyard manata çataraq ümumi ÜDM-in 71,5 faizini təşkil edib.
Qarabaginfo.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən plenar iclasda "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi ilə bağlı deputatların suallarına cavab verərkən deyib.
Nazirin sözlərinə görə, bu göstərici 2024-cü illə müqayisədə real ifadədə 2,7 faiz artım deməkdir.
S.Babayev bildirib ki, hesabat dövründə icmal büdcədə qeyri-neft gəlirlərinin payı 55,2 faizə, qeyri-neft vergilərinin payı isə 25 faizə yüksəlib. Bu da əvvəlki illə müqayisədə müvafiq olaraq 2,8 faiz-bəndi və 2 faiz-bəndi artım deməkdir.
O qeyd edib ki, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin ümumi daxilolmalardakı xüsusi çəkisi son beş ildə 43,3 faizdən 52 faizə yüksəlib. 2026-cı ilin dövlət büdcəsində isə bu göstəricinin 57,4 faizə çatdırılması nəzərdə tutulur.
Nazir əlavə edib ki, hesabat dövründə cari xərclərin qeyri-neft gəlirləri ilə örtülmə nisbəti 92 faiz təşkil edib. Bu göstərici proqnozla müqayisədə 7,5 faiz-bəndi, 2024-cü illə müqayisədə isə 0,2 faiz-bəndi yüksəkdir.
Sahil Babayev bildirib ki, hökumətin ortamüddətli hədəfi 2029-cu ilin sonunadək cari xərclərin qeyri-neft gəlirləri hesabına tam - 100 faiz səviyyəsində maliyyələşdirilməsidir.
Nazirin sözlərinə görə, əldə olunan nəticələr qeyri-neft sektorunun inkişafının və dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılmasının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu göstərir. O vurğulayıb ki, qeyri-neft sektoru üzrə gəlirlərin artırılması və mənbələrinin şaxələndirilməsi istiqamətində tədbirlər davam etdirilir və bu məsələ daim nəzarətdə saxlanılır.
Digər xəbərlər


















