Saytımızı qiymətləndirin


 
 

Nazir müavini: Şəki-Zaqatalanın aqrar potensialının reallaşması üçün suvarma sistemi həlledici rol oynayır
Tarix: 23-06-2026 | Saat: 11:51
Bölmə:Karusel / Siyasət | çapa göndər

Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev

 

Şəki-Zaqatalada kənd təsərrüfatının inkişafı suvarma infrastrukturundan asılıdır.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi ilə bağlı Qaxda regional müşavirədə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib.

Onun sözlərinə görə, Şəki-Zaqatala iqtisadi rayonu üçün suvarma məsələsi xüsusi əhəmiyyət daşıyır. Regionun böyük kənd təsərrüfatı potensialına malik olduğunu bildirən nazir müavini qeyd edib ki, bu potensialın tam reallaşması suvarma infrastrukturunun düzgün qurulmasından, kanalların işlək vəziyyətdə saxlanılmasından, daxili şəbəkələrin formalaşdırılmasından və fermerlərin müasir suvarma sistemlərinə çıxışından asılıdır.

Z. Əliyev bildirib ki, müasir suvarma sistemləri ilə təchiz olunmuş əkin sahələrinə görə fermerlərə hər hektara 60 manat əlavə subsidiya ödənilir. Bu dəstək fermerləri daha qənaətli suvarma texnologiyalarından istifadəyə təşviq edir.

Nazir müavininin sözlərinə görə, müasir suvarma sistemləri sudan səmərəli istifadəyə, məhsuldarlığın yüksəlməsinə və ümumi istehsal həcminin artmasına imkan yaradır. Bu isə həm fermerlərin gəlirlərinə, həm də ölkənin ərzaq təminatına müsbət təsir göstərir.

O əlavə edib ki, məhsuldarlığın artırılması üçün texnika təminatının yaxşılaşdırılması da əsas istiqamətlərdən biridir. Vaxtında səpin, becərmə və məhsul yığımının müasir texnikadan istifadə ilə birbaşa bağlı olduğu vurğulanıb.



Xəbəri paylaş

7 dəfə oxunub.

Digər xəbərlər