Saytımızı qiymətləndirin


 
 

Britaniyada iki sərnişin qatarı toqquşub, maşinist ölüb, 89 nəfər yaralanıb
Tarix: 20-06-2026 | Saat: 19:04
Bölmə:Karusel / Dünya | çapa göndər

Britaniyada iki sərnişin qatarı toqquşub, maşinist ölüb, 89 nəfər yaralanıb

Böyük Britaniyada Londondan təxminən 100 kilometr şimalda iki sərnişin qatarının toqquşması nəticəsində maşinist həlak olub, 89 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

BBC xəbər verir ki, bu barədə Böyük Britaniyanın Nəqliyyat Polisi məlumat yayıb.

Hadisə dünən yerli vaxtla saat 17:15 radələrində Bedford şəhərinin cənubundakı dəmir yolu xəttində baş verib. Toqquşan hər iki qatar East Midlands Railway şirkətinə məxsus olub və Londonun Sent-Pankras vağzalından yola düşüb.

Sosial şəbəkələrdə sərnişinlərdən biri tərəfindən yayımlanan görüntülərdən məlum olur ki, bir qatarın ön hissəsi digər qatarın arxa hissəsinə çırpılıb. Hadisə yerindən yayılan fotolarda isə ən azı bir vaqonun relsdən çıxdığı görünür.

Böyük Britaniyanın Baş naziri Kir Starmer hadisə ilə bağlı yaydığı bəyanatda həlak olan şəxsin ailəsinə və ağır yaralananlara başsağlığı verib.

Şərqi İngiltərə Təcili Tibbi Yardım Xidməti hadisə yerinə geniş qüvvələrin cəlb olunduğunu açıqlayıb. Əraziyə 20-dən çox təcili yardım avtomobili və altı tibbi helikopter göndərilib.

Məlumata görə, bir nəfər hadisə yerində ölüb, 11 nəfər çox ağır, 22 nəfər ağır, 56 nəfər isə yüngül xəsarət alıb.

 

Hadisənin başvermə səbəbləri araşdırılır.



Xəbəri paylaş

9 dəfə oxunub.

Digər xəbərlər
13-04-2020, 13:16 Hava küləkli olacaq