Tarix: 18-06-2026 | Saat: 16:20
Bölmə:Karusel / Səhiyyə / Gündəm | çapa göndər
Məlum olduğu kimi, iki gün əvvəl tanınmış vəkil Fərhad Mehdiyevin 17 yaşlı qızı Zəhra Bakı-Sumqayıt yolunda motosikletlə ağır qəzaya düşərək həlak olub.
Qarabaginfo.az xəbər verir ki, ötən gün açıqlama verən vəkil övladını ağır vəziyyətdə Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırdıqlarını, lakin orada müayinə üçün KT (Kompüter Tomoqrafiyası) cihazının olmadığını açıqlamışdı.
“Qızım xəstəxanaya çatdırıldı. Mən təəssüflə bildirirəm ki, onu transport etmək mümkün deyildi. Abşeron Rayon Mərkəzi Xəstəxanasında KT aləti yoxdur. Biz onu tərpədə bilmədiyimizə görə, başqa xəstəxanaya köçürə bilmədik. Neyrocərrahiyyə və ya Bakı Sağlamlıq Mərkəzinə köçürməyimiz alınmadı...”, - F.Mehdiyev bildirib.
Məlumat üçün bildirək ki, Kompüter Tomoqrafiyası daxili orqanların, sümüklərin, yumşaq toxumaların və qan damarlarının təfsilatlı görüntüsünü əldə etmək üçün istifadə olunan şüa diaqnostikası metodudur. Bu metodun əsasını rentgen şüalarının istifadəsi təşkil edir. KT cihazları diaqnostik şöbəsi olan əksər özəl və dövlət tibb müəssisələrində mövcuddur.
Abşeron Rayon Mərkəzi Xəstəxanasının çoxprofilli tibb müəssisəsi olduğunu, təkcə Bakıdan deyil, regionlardan da kütləvi xəstə qəbul etdiyini nəzərə alsaq, bu xəstəxanada hazırda KT cihazının olmaması sual doğurur.
Maraqlıdır ki, bir neçə ay əvvəl sözügedən xəstəxanada KT xidməti göstərilib. Amma bir müddət qabaq KT aləti ilə bağlı texniki nasazlıq yaranıb. Görünən odur ki, bir çox pasiyent üçün həyati əhəmiyyət kəsb edən xidmətin bərpasına kifayət qədər önəm verilmir.
Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlasaq da, müvafiq cavab ala bilmədik./Qafqazinfo
Digər xəbərlər



















