Ukraynanın Rusiya işğalına müqaviməti gücləndikcə və Rusiyanın dərinliklərinə zərbələri artdıqca, qarşı cəbhədə gərginlik də artır. Artıq Ukraynanın gücünü təkcə “Z təbliğatçılar” deyil, Rusiyanın əsas müttəfiqlərindən olan Belarus başçısı Aleksandr Lukaşenko da etiraf etməyə başlayıb.

Qarabaginfo.az xəbər verir ki, Aleksandr Lukaşenko "Əl-Ərəbiyyə" qəzetinə verdiyi müsahibədə Ukrayna Prezidenti Volodimir Zelenskidən üzr istəyib. Buna səbəb Lukaşenkonun daha əvvəl Zelenskinin ünvanına işlətdiyi kəskin ifadələr olub.

"Əgər Vladimir Aleksandroviç inciyibsə, bu sözlərə görə ondan üzr istəyirəm. Bəlkə də, bir qədər həddi aşmışam. Onun döyüşdüyünü nəzərə alaraq, bunu etmək bəlkə də lüzumsuz idi. Yəqin ki, mənim bu barədə belə kəskin danışmağım lazım deyildi”.

Eləcə də Lukaşenko iddia edib ki, Ukraynanın Belarus tərəfdən hər hansı hərbi əməliyyat gözləməsi doğru deyil: "Bundan əlavə, o (Zelenski), gözəl başa düşür ki, Belarusdan, xüsusən də məndən heç bir hərbi əməliyyat gözləməyə dəyməz. Xüsusilə də məndən".

Xatırladaq ki, 2022-ci ilin fevralında Rusiyanın Kiyevə hücumu məhz Belarus ərazisindən başlamışdı…

Lukaşenkonun sözlərinə görə, Belarus Ukrayna ilə döyüşmək istəmir. Üstəlik o, Belarusun hərbi cəhətdən də Ukrayna qarşısında zəif olduğunu etiraf edib: “Ukrayna Rusiyaya hücum etdiyi kimi Belarusa da hücum etsə, Belarus (bunu başa düşürük, buna görə də döyüşmək istəmirik), hərbi cəhətdən çox həssasdır. Çünki Ukrayna ordusu üçün Belarus ovcunun içindəki kimi görünür. Biz yaxşı başa düşürük ki, bu zaman istehsal və logistika kimi əsas həyati obyektlərimiz hücuma məruz qalacaq. Dedikləri kimi, onlar artıq Belarusda 500 belə hədəfi seçiblər… Kiyevə Belarus ərazisindən hücum etsə, Rusiya üçün cəbhə xətti (və təbii ki, bizim üçün də), Belarus-Ukrayna sərhədi boyu 1500 kilometr uzadılmalıdır. Müharibənin hazırkı vəziyyətini nəzərə alsaq, ruslar və mən bu hissənin müdafiəsini təmin edə bilməyəcəyik”.