Saytımızı qiymətləndirin


 
 

ABŞ Avropadakı qırıcı təyyarələrini geri çəkməyi planlaşdırır
Tarix: 13-06-2026 | Saat: 16:29
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ Avropa ölkələrindəki NATO aviabazalarında yerləşdirilmiş qırıcı təyyarələrinin təxminən üçdəbirini geri çəkməyi planlaşdırır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti Avropa rəsmilərinə istinadla məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, iyunun əvvəlində müttəfiqlərə təqdim olunan yazılı plan çərçivəsində ABŞ NATO-nun Avropadakı əməliyyatları üçün ayırdığı xeyli sayda digər hərbi təyyarə və döyüş gəmisini də regiondan çıxarmağı nəzərdə tutur.

Plana əsasən, F-16 və F-15E qırıcılarının sayı təxminən 150-dən 100-ə endiriləcək. Həmçinin dəniz kəşfiyyat təyyarələrinin sayı 26-dan 15-ə salınacaq, Avropanın müdafiəsi üçün ayrılmış iki bombardmançı qrupdan biri və müttəfiqlərin istifadəsinə verilmiş bütün səkkiz tanker təyyarəsi geri çəkiləcək.

Bundan əlavə, sənəddə ballistik raket daşıyan sualtı qayığın, təyyarədaşıyan gəminin və aviadaşıyıcı zərbə qrupuna daxil olan döyüş gəmilərinin yenidən yerləşdirilməsi təklif olunur.

Qəzet qeyd edir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) planda göstərilən konkret rəqəmlərlə bağlı şərh verməkdən imtina edib. Nazirlik bunun əvəzinə ötən həftə yaydığı və Avropa Komandanlığının regiondakı öhdəliklərini azaltmaq, bəzi vəzifələri isə müttəfiqlərə həvalə etmək niyyətini əks etdirən bəyanata istinad edib.

Nəşrin məlumatına görə, Pentaqon hələlik qüvvələrin çıxarılması ilə bağlı konkret vaxt cədvəli açıqlamayıb. Bununla belə, ABŞ rəsmiləri prosesin avropalı tərəfdaşların gözlədiyindən daha tez həyata keçirilə biləcəyini bildiriblər.

Nəşr xatırladır ki, ABŞ-ın yüksəkvəzifəli hərbi rəsmiləri daha əvvəl də Avropadakı öhdəliklərin azaldılması və qüvvələrin Hind-Sakit okean regionunda Amerika maraqlarının qorunmasına yönəldilməsi niyyətini açıq şəkildə ifadə etmişdilər.



Xəbəri paylaş

58 dəfə oxunub.

Digər xəbərlər