Saytımızı qiymətləndirin


 
 

MŞ-da Əməkdar jurnalist Əminə Yusifqızının yubileyinə həsr olunmuş toplantı keçirilib - FOTO
Tarix: 01-06-2026 | Saat: 17:32
Bölmə:Karusel / Multimedia | çapa göndər

MŞ-da Əməkdar jurnalist Əminə Yusifqızının yubileyinə həsr olunmuş toplantı keçirilib - FOTO

Azərbaycan Mətbuat Şurasında Şuranın Ahıl Jurnalistlər Məclisinin sədr müavini, Əməkdar jurnalist, “Tərəqqi” medallı Əminə Yusifqızının 75 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.

Bu barədə Qarabaginfo.az-a Mətbuat Şurasından məlumat verilib.

Bildirilib ki, tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, Əminə Yusifqızı Azərbaycanın bölgə mətbuatının ənənələrini yaşadan, istedadı və işgüzarlığı ilə fərqlənən həmkarlarımızdandır: "Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu olmuş yubilyarın peşəkar fəaliyyəti Yevlax rayonunda çıxan “Kür” qəzeti ilə bağlıdır. Ali məktəbi bitirdikdən dərhal sonra “Kür”də çalışmağa başlamış jurnalist ömrünün 50 ilini bu nəşrə verib, uzun müddət ona rəhbərlik edib, ən başlıcası isə bu doğma qəzeti bölgə mətbuatının flaqmanına çevirməyi bacarıb".

Rəşad Məcid, qeyd edib ki, Əminə Yusifqızı jurnalistikanın Yevlax ictimaiyyətinə qazandırdığı dəyərli ziyalı obrazıdır: "O, uzun illər Respublika Sevil Qadınlar Məclisinin Yevlax şöbəsinin, Yeni Azərbaycan Partiyasının Yevlax Rayon Təşkilatının Qadınlar Şurasının sədri olaraq fəaliyyət göstərib. Əminə Yusifqızı, həmçinin Yevlax rayonunun II Qarabağ müharibəsində həyatını itirmiş 67 şəhid övladından bəhs edən “Zəfər fədailəri” və “Biz Vətən üçün doğulduq” kitablarının müəllifidir".

Toplantıda çıxış edən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli istedadlı tələbə kimi xatırladığı Əminə Yusifqızının Yevlaxı Azərbaycan jurnalistikası üçün doğma məkana çevirdiyini vurğulayıb.

Mətbuat Şurası yanında Dil Komissiyasının sədri, MŞ İdarə Heyətinin üzvü, “APA Media Group"un baş direktoru Vüsalə Mahirqızı bildirib ki, Əminə Yusifqızı Azərbaycan jurnalistikasının mərd simvoludur və 75 illik yubiley həm də bu rəmzin təntənəsidir.

Əməkdar mədəniyyət işçisi Məhəbbət Mehdiyeva yubilyarla tanışlığının 2005-ci ildə Yevlaxda Heydər Əliyev Mərkəzinin yaradıldığı dövrdən başlandığını deyib, o zamana söykənmiş dostluğun bu gün də davam etdiyini diqqətə çatdırıb.

MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elçin Mirzəbəyli Ə.Yusifqızını Azərbaycan jurnalistikasının kübarlıq rəmzi kimi dəyərləndirib.

Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov yubilyarı gərginliklər şəraitində iş bacarığını yüksək qiymətləndirib və bildirib ki, bu, özünəməxsus nümunədir.

MŞ İdarə Heyətinin üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu Azərbaycanın müstəqillik illərində bölgə mətbuatının qərarlaşmasında Ə.Yusifqızının rəhbərlik etdiyi “Kür” qəzetinin müstəsna rolunun olduğunu deyib.

MŞ sədrinin müavini Səadət Məmmədova və Şuranın İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Əminə Yusifqızının peşəkarlığının həm də ictimai hadisə olduğunu bildirib və qeyd ediblər ki, yubilyarın rəhbərliyi ilə çıxan “Kür” qəzeti həm də insanların üz tutduqları etimad məkanı kimi də populyarlıq qazanıb.

Əslən Yevlax rayonundan olan media təmsilçiləri - MŞ-nin Nəzarət-Təftiş Komissiyasının katibi, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Nadir Azəri, həmçinin, “Bakıvaxtı.az” saytının baş redaktoru Qalib İbrahimoğlu Əminə Yusifqızının və “Kür” qəzetinin onların jurnalist kimi formalaşmalarındakı rolunu önə çəkib, minnətdarlıq duyğularını ifadə ediblər.

Çıxış edənlərdən “Bizimyol.info” saytının baş redaktoru Bahəddin Həzi, MŞ-nin Nəzarət-Təftiş Komissiyasının sədri Rey Kərimoğlu, “Yeni təfəkkür” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Şəmsiyyə Kərimova, Əməkdar mədəniyyət işçisi Zöhrə Əliyeva, “Tərəqqi” medallı jurnalist Zərifə Bəşirqızı, yazıçı-publisist Şəfəq Nasir, yubilyarın dostları Elxan Pənahov, İbrahim Quliyev, Faizə Mehdiyeva və başqaları Əminə Yusifqızını söz sənətinə fədakarlıqla və böyük sədaqətlə qulluq edən dost və həmkar kimi dəyərləndirib, ona uğurlar arzulayıb, ən xoş diləklərini çatdırıblar.

Sonda çıxış edən Əminə Yusifqızı həyat yoluna verdikləri yüksək dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.



Xəbəri paylaş

33 dəfə oxunub.

Digər xəbərlər