Saytımızı qiymətləndirin


 
 

Vahid Əhmədov: “Möhtəkirlər yenə də əhalini çətin vəziyyətdə qoyacaqlar”
Tarix: 19-01-2021 | Saat: 10:57
Bölmə:Karusel / Siyasət | çapa göndər

Yanvarın 5-dən Aİ-92 avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətlərilə bağlı yeni tariflər tətbiq edilərkən, dəyişiklikdən sui-istifadəyə və əsassız qiymət artımına yol verilməsinin vaxtında müəyyənləşdirilməsi, qarşısının alınması məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən xəbərdarlıq edildi.

 

Rəsmi qurum bəyan etdi ki, nəzarət tədbirləri zamanı qanun pozuntusu halları aşkar edilərsə, qanunvericilikdə nəzərdə tutulmuş ciddi məsuliyyət tədbirləri görüləcək. Gedişat isə göstərir ki, dövlət qurumunun bu açıqlaması ənənəvi şablon məlumat xarakteri daşıyır. Əks təqdirdə, böyük mağaza və marketlər piştaxtalarda və anbarlarda olan məhsulları bahalaşdırmazdı. Məsələ burasındadır ki, əksər məhsullar üzrə müvafiq olaraq 10, 20, hətta 50 qəpiyədək qiymət artımı müşahidə edilir.

 

Qarabaginfo.az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bildirib ki, bahalaşma gözlənilən idi:


“Əvvəlcədən “bahalaşma olmayacaq” kimi səsləndirilən fikirlər isə real deyildi. Çünki Aİ-92 benzinin və dizelin qiymətinin artımının bütün sahələrə təsiri gözlənilən idi, necə ki, indi də bahalaşma gedir. İqtisadiyyatın öz qanunları var. Benzin və dizel ən çox istifadə edilən yanacaq növləridir. Ola bilməz ki, bu yanacaqların qiymətlərinin dəyişməsi ərzaq bazarına təsirsiz ötüşsün.

Bir halda ki, kənd təsərrüfatı texnikaları dizel yanacağı ilə çalışır, necə ola bilər ki, qiymət dəyişməsi hansısa şəkildə bu bazara təsir etməsin? Amma burada obyektiv və subyektiv bahalaşma var. Xaricdən gətirilən malların qiymətində dəyişiklik olmamalıdır, yerli malların qiymətində artım var, bu da yanacağın qiymətinin dəyişməsilə bağlıdır”.

 

V.Əhmədov deyib ki, rəsmi qurumlar, o cümlədən, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nəzarəti gücləndirməlidir:

“Onlar ciddi monitorinqlər aparmalı, süni qiymət artımına yol verənlərin qarşısı alınmalıdır. Əks təqdirdə, vəziyyətdən istifadə edən möhtəkirlər yenə də əhalini çətin vəziyyətdə qoyacaqlar. Biz bu kimi halları heç benzin və dizelin qiyəti dəyişməmiş, hər il bayramqabağı da müşahidə etmişik”.



Xəbəri paylaş

378 dəfə oxunub.

Digər xəbərlər