Tarix: 13-04-2022 | Saat: 11:21
Bölmə:Cəmiyyət | çapa göndər
“Heydər Əliyev siyasəti: tolerantlıq”
Müasir Azərbaycanda mükəmməl dövlət-din münasibətləri sisteminin formalaşması və tətbiqi müstəqil dövlətimizin memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Bu sahədə Ulu Öndərin zəngin irsinin öyrənilməsi və təbliği təkcə tarix və müasir dövr baxımından deyil, həm də gələcəkdə proseslərin istiqamətini düzgün müəyyənləşdirmək və yönləndirmək nöqteyi-nəzərindən xüsusi əhəmiyyət kəsb edir. Əsrin ilk illərindən dünyada baş verən proseslər, xüsusilə dini zəmində terrorun, radikallığın və ekstremizmin güclənməsi yeni yaranmış müstəqil dövlətlərin din sahəsində ardıcıl, effektiv və daha həssas siyasət həyata keçirmələrini zərurətə çevirib. Hazırkı dünyamızda beynəlxalq münasibətlər sistemindəki mövcud vəziyyət, o cümlədən Yaxın Şərqdə cərəyan edən qanlı hadisələr bir daha sübut edir ki, dinə yalnız inanc, mənəviyyat və hüquq məsələsi kimi deyil, həm də dövlətin və cəmiyyətin təhlükəsizliyi və sabitliyi prizmasından yanaşmaq lazımdır. Bu mənada Heydər Əliyevin dövlət-din münasibətləri, milli-mənəvi, o cümlədən dini dəyərlərin qorunması və təbliği, eləcə də tarixi-dini abidələrin bərpası, tolerantlığın və dinlərarası dialoqun təşviq edilməsi sahəsində zəngin irsinin öyrənilməsi və düzgün təbliğinə önəm vermişdir. Bununla yanaşı, dünyəvi dövlətdə dinin yeri, eləcə də qloballaşma prosesinin getdikcə dərinləşdiyi hazırkı dövrdə milli adət-ənənələrin yaşadılması və mənəvi irsin mühafizəsi çağdaş dünyanın ən aktual məsələlərindən biri hesab edilir. Zaman keçdikcə sürətlənən qloballaşma prosesi sanki xalqların milli xüsusiyyətlərini və özünəməxsusluğunu əridərək ümumi dəyərlərə sahib olaraq vahid dünya cəmiyyəti formalaşdırır. Bu gün Azərbaycanın sürətli inkişafını, uğurlu xarici və daxili siyasətini, o cümlədən dövlət-din münasibətlərinin effektiv tənzimlənməsini şərtləndirən başlıca iki amil mövcuddur. Birincisi, Heydər Əliyevin əsasını qoyduğu sağlam bünövrə, ikincisi, həmin sağlam bünövrə üzərində Ümummilli Liderimizin layiqli siyasi varisi Prezident İlham Əliyevin qurduğu uğurlu strategiya. Buna görə də, Azərbaycanın bütün sahələrdə həyata keçirdiyi siyasətin mahiyyətini, istiqamətini və perspektivlərini tam və dəqiq öyrənmək üçün respublikanın son 20 illik tarixinə bütöv nəzər yetirmək olduqca zəruri və vacibdir. Bu baxımdan dövlət-din münasibətləri, milli-mənəvi dəyərlərin qorunması və təbliği, eləcə də tolerantlıq və dinlərarası dialoq sahəsində Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti son dərəcə önəmlidir.Ulu Öndərin həyata keçirdiyi siyasətdə tolerantlıq hər zaman diqqət mərkəzində olub. Həyat göstərir ki, tolerantlıq Azərbaycan xalqı üçün hüquqi bir mexanizm deyil, o, eyni zamanda mənəvi borcdur. Məhz bu siyasət Ulu Öndərin xalqların yaxınlaşması, dini dözümlülük ənənələrinin qorunub saxlanılmasına çox böyük töhvə vermişdir. Bütün konfessiyalara eyni səviyyədə münasibət, onların ibadətgahlarını fərq qoymadan ziyarət etmək, müxtəlif dinlərin və xalqların nümayəndələri ilə görüşlər Heydər Əliyevin tolerantlığa verdiyi önəmi bir daha göstərir. Azərbaycanda bütün dini mərasimlər zamanı müxtəlif konfessiyaların nümayəndələrini bir arada görmək ənənəsi də Heydər Əliyevin zamanında qoyulmuşdur. Heydər Əliyev cəmiyyətimizdəki tolerantlıq və humanizm mühitinə görə xalqımızın yaddaşına borclu olduğumuzu deyirdi. O, Azərbaycan xalqına xas olan insanpərvərlik və tolerantlıq kimi yüksək mənəvi keyfiyyətləri əsas gətirərək ölkəmizdə milli-irqi ayrı-seçkilik, dini dözümsüzlük zəminində humanizmə zidd halların baş verməsini imkansız sayırdı. Ümid edirik ki, topluda yer alan tarixi-xronoloji materiallar Heydər Əliyev irsinin və uğurlu strategiyasının öyrənilməsinə xidmət etməklə yanaşı, həm də Azərbaycanın bütün dünyaya nümayiş etdirdiyi dünyəvilik, tolerantlıq və mültikulturalizm ideyalarının əyani vəsaitinə çevriləcəkdir.
Mədəniyyətin mühüm elementi, vətəndaş cəmiyyətinin əsas əxlaqi prinsipi olan tolerantlıq, bu gün müxtəlif inanc, mədəni ənənə, siyasi məslək daşıyıcısı olan insanların ictimai vəhdətləşməsinin zəruri şərti kimi etiraf olunur. Eyni zamanda, təcrübə göstərir ki, mütləq dözümlülük də öz növbəsində özbaşınalıq və zorakılığa yol açır. Buna görə də heç bir halda tolerantlıq şərə fürsət verməyə çevrilməməlidir.
Azərbaycana gəldikdə isə qeyd etmək lazımdır ki, ölkəmiz tarixən milli və dini baxımdan həmişə tolerant bir ölkə olmuşdur. Azərbaycan xalqının tolerant bir xalq olduğunu, həm tarixi mənbələr, həm də müxtəlif vaxtlarda ölkəmizə gələn xarici qonaqlar təsdiq etmişdilər. Bü gün də bu belədir. Azərbaycanda tarixən çoxsaylı etnosların və müxtəlif dinlərin nümayəndələri birlikdə yaşamışlar. Azərbaycanda dini və milli tolerantlığın tarixən mövcud olduğunu və bu tolerantlığın indiyə kimi qorunub saxlanılmasında Azərbaycan xalqının və İslam dininin misilsiz rol oynadığını vurğulayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu fikri belə şərh etmişdir: “Tarixən dünya dinlərinin yayıldığı və dinc yanaşı fəaliyyət göstərdiyi qədim Azərbaycan torpağında yüz illərlə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər sistemi formalaşmışdır. Diqqətəlayiq faktdır ki, ölkəmizdə həmişə yüksək tolerantlıq mühiti hökm sürmüş, heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməmişdir. Ayrı-ayrı etiqad və inanclara malik etnosların əsrlərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqının və İslam dininin misilsiz tarixi rolu olmuşdur”.
Onların hər biri öz maddi və mənəvi mədəniyyətini, dilini, tarixi yaddaşını, mentalitetini, etnik özünüdərketmə və etnopsixologiyasını qoruyub saxlayan unikal xüsusiyyətlərin daşıyıcılarıdır. Onlara misal olaraq Azərbaycanda dağ yəhudilərinin məskəni Qırmızı Sloboda, rus-Molokanların yaşadığı İvanovka, udinlərin Nic, öz dili, özünəməxsus adət və ənənələri ilə məşhur Xınalıq kəndini və eləcə də başqa milli azlıqların yaşadığı onlarla belə məskənləri göstərmək olar ki, onların hamısı Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsidir. Etnik azlıqlara yerli əhali ilə bərabər mədəni hüquqlar və ölkənin mədəni irsindən istifadə hüququ verilib.
Bütün bunlar onu deməyə əsas verir ki, milli azlıqların qorunması Azərbaycan rəhbərliyinin apardığı siyasətin əsas istiqamətlərindən biridir. Və bunun nəticəsidir ki, Azərbaycanda Konstitusiya və qanunların verdiyi bərabər hüquqlar və imkanlardan istifadə edərək, müxtəlif millətlərin nümayəndələri cəmiyyətin ayrı-ayrı sahələrində məhsuldar işləyərək ölkənin inkişafına layiqli töhfələr verirlər. Milli azlıqlar həm də Azərbaycan Respublikasının hökumətində və digər dövlət strukturlarında təmsil olunurlar. Respublikanın milli parlamenti - Milli Məclisdə ölkənin bir sıra etnik azlıqları, o cümlədən rus, ləzgi, tat, talış və başqaları öz nümayəndələri ilə təmsil olunublar. Ölkə Prezidenti İlham Əliyevlə yanaşı, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da multikulturalizmin Azərbaycan modelinin reallaşması istiqamətində mühüm işlər həyata keçirir. Mehriban xanımın rəhbərliyi və dəstəyi ilə Heydər Əliyev Fondu özünün beynəlxalq fəaliyyətində çoxsaylı layihələr həyata keçirir, bununla da Azərbaycan multikulturalizminin üstünlüklərini bütün dünyaya əyani şəkildə təbliğ edir. Onu da qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun "Azərbaycan - tolerantlıq məkanı" layihəsi çərçivəsində həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda həyata keçirdiyi tədbir və layihələr beynəlxal ictimaiyyət tərfindən də rəğbətlə qarşılanır.
Azərbaycan xalqının xarakterik xüsusiyyətlərindən və cəmiyyətimizdə yüz illiklər ərzində formalaşmış və bu gün də davam etdirilən ənənələrindən qaynaqlanan qarşılıqlı hörmət və birgəyaşayış mədəniyyətinin məhz Ümummilli Liderimiz Heydər Əliyev və Prezidentimiz cənab İlham Əliyev tərəfindən necə qorunmasının və davamlı şəkildə təbliğ edilməsinin bariz nümunəsini bu gün görürük və gələcəkdə də görəcəyik.
Balakən rayonu İtitala kənd məscidi dini icmasının sədri və İmamı: Əliyev Hacıməhəmməd Əmrulla oğlu
Tel: 0(24) 29-2-81-16
Mobil: (050) 459-27-29
Elektron poçt: [email protected]
Digər xəbərlər